Xətaidə yaşıl “soyqırım”...

Sakinlər ağacların kəsilməsinə etiraz edirlər




Bakıda ağac "soyqırımına” bu dəfə Xətai rayonu tuş gəlib. Rayonun general Mehmandarov küçəsindəki 80, 82, 84 saylı binanın önündə ağaclar kəsilib. Adıçəkilən ünvanın sakinləri yaşadıqları binanın ön hissəsində salınan bağlarda yaşıllıqların qırılaraq yerində ev tikilməsinə etiraz edirlər.

"Həmin əraziləri burada uzun illərdir yaşayan bəzi sakinlər bizə məlum olmayan formada öz istifadə sahələrinə keçirərək bağ salıblar. Hələ bu azmış kimi bağdakı ağacları məhv edirlər. Sakinlər və uşaqlar həmin bağlardan, xüsusilə yay aylarında ağacların kölgəsindən istifadə edə bilmirlər. Uzun illərdir buna dözməyimizə baxmayaraq, daha səbrimiz qalmayıb”.

Onlar həmçinin bildiriblər ki, həmin ərazilərdə ağaclar gecə vaxtı kəsilir, yerində evlər tikilir.

Adıçəkilən ünvanda yaşayan binanın sakinləri bununla bağlı aidiyyəti orqanlara müraciət etsələr də, hələlik əraziyə gəlib baxış keçirilmədiyini söyləyiblər: "Bir neçə dəfə ərazi üzrə Xətai rayonu 96 saylı Mənzil Kommunal İstismar Sahəsini də şifahi formada məlumatlandırmışıq. Lakin problemin həllinə yönəlik heç bir iş görülmədi. Bundan əlavə, Bakı Şəhər İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Təbii Sərvətlər və Ekologiya Nazirliyinə məktubla müraciət etmişik”.

Sakinlər həmçinin göstərilən əraziyə baxış keçirilməsini və bağlarda yaşıllıqların kəsiminin dayandırılmasını istəyirlər: "Əvəzində əgər tikililər və bağlar qanunsuz olaraq yaradılıbsa, uşaqlarımızın oynaması və yaşlı insanlarımızın rahat istirahəti üçün həmin sahələrdə park salınmasını xahiş edirik. Biz inanırıq ki, aidiyyəti qurumlar səsimizə səs verəcək və problem öz həllini tapacaq”.

Məsələ ilə bağlı Təbii Sərvətlər və Ekologiya Nazirliyinin şöbə müdiri İradə İbrahimova ilə əlaqə saxladıq. O, problemlə bağlı adıçəkilən ünvandan nazirliyə şikayət olmadığını bildirdi: "Biz bu məsələni araşdırmaq məqsədilə əraziyə nümayəndələrimizi göndərib, nəticələri barədə məlumat verəcəyik”.

Qeyd edək ki, şikayətçilərin redaksiyamıza göndərdikləri fotolarda da ağacların qırılması faktı öz əksini tapıb. Şəkillərdən görünür ki, kəsilən ağaclar yük maşınına toplanaraq ərazidən uzaqlaşdırılır.

Vüqar Şahinoğlu