“Guya işləyəndə maaş məni təmin edirdi ki?”

Ramiz Əzizbəyli: “Bu gün başa düşürəm ki, illərimi boşa xərcləmişəm”



Xalq artisti Ramiz Əzizbəylinin xeyli vaxtdır ev şəraitində müalicə aldığı barədə zaman-zaman məlumat veririk. Bir müddət öncə Xalq artisti insult keçirdiyindən xəstəxanaya yerləşdirilmişdi. Xəstəxanada həkimlərini müdaxiləsindən sonra Ramiz Əzizbəylinin səhhətində xeyli irəliləyiş oldu. Xalq artisti hazırda ev şəraitində müalicəsini davam etdirir. Ötən gün Xalq artisti barədə gedən məlumat əslində bəzilərini təəccübləndirdi. Bir neçə həftə öncə Ramiz Əzizbəyli bizimlə söhbətində qeyd etmişdi ki, səhhəti düzəlsə, işləmək istəyir. Ancaq Xalq artistinin ötən gün "artıq işləmək istəmirəm” deyə açıqlama verməsi bir qədər gözlənilməz oldu.

Hətta Xalq artistinin iş yerindən, yəni Mədəniyyət və İncəsənət Universitetindən mətbuata bildirilib ki, Ramiz Əzizbəyli şəxsi ərizəsi ilə işdən azad olunmaq üçün rəsmi müraciət edib. Xalq artisti bir neçə il öncə yaşla əlaqədar pensiyaya çıxsa da, Mədəniyyət və İncəsənət Universitetində kafedra rəhbəri kimi çalışırmış. Ancaq nə müəllim, nə də kafedra müdiri kimi fəaliyyətini davam etdirmək istəmədiyini, bunun səhhəti ilə əlaqədar olduğunu söyləyib.

Ramiz Əzizbəylinin özü ilə əlaqə yaratmağa çalışdıq. Ramiz Əzizbəyli "Şərq”ə açıqlamasında "Hazırda özümü pis hiss etmirəm. Amma artıq işləmək iqtidarında deyiləm. Ona görə də işdən çıxmaq barədə ərizə yazdım. Mən yaşla əlaqədar təqaüdə çıxmışdım. Amma indi səhhətimlə əlaqədar əlilliyə görə təqaüd verilməsi üçün müraciət etmişəm. İndi bilmirəm mənim müraciətimə necə cavab veriləcək? Hər halda özüm də hiss edirəm ki, artıq işləyə bilmirəm” söylədi. Maraqlandıq ki, əlilliklə bağlı ona veriləcək təqaüd Xalq artistinin ehtiyaclarını ödəyəcəkmi? Ramiz Əzizbəyli sualımıza gülümsəyərək "Ay qızım, guya işləyəndə nə qədər alırdım ki? Hamı bilir ki, universitet müəllimləri, sənətçilərin maaşları o qədər yüksək deyil. Onsuz da biz illərdi çətinlik içində yaşayırıq. Ona görə də islanmışın yağışdan nə qorxusu? Mən artıq neçə vaxtdır xəstəyəm, müalicəmin pulunu birtəhər düzəldirəm. Guya işdən olan maaş məni təmin edirdi ki? Əvvəllər bütün ruhumla bu sənətə özümü həsr etmişdim. Pul, maddiyyat mənim üçün önəmli deyildi. Ancaq bu gün başa düşürəm ki, bütün bunlar boş mif imiş. İllərdi çalışmışam, fəaliyyət göstərmişəm, ancaq nazirlik bir dəfə mənimlə maraqlanmayıbsa, onda mən niyə əziyyət çəkmişəm ki? Bilirsiz, artıq elə vəziyyətə gəlib çatmışam ki, səhhətimi düşünmək məcburiyyətindəyəm. Düzdü, can düşəndən sonra səhhəti qorumağa dəyməz. Amma yenə də canımın dərdini çəkirəm artıq. Bu həmişə belə olub, qızım. Sənətçiyə qiymət çox zaman o öləndən sonra verilir, ona daş, heykəl qoyulur. İndi mən sağ ikən mənə diqqət göstərilmirsə, mən öləndən sonra mənim böyük daşımı qoysalar, mənim adıma heykəl ucaltsalar nə olacaq, ucaltmasalar nə? Bu gün başa düşürəm ki, illərimi boşa xərcləmişəm. Nə deyim? Sadəcə artıq dincəlmək istəyirəm. Çünki buna ehtiyacım var. Artıq səbrim də əvvəlki deyil. Əlilliyə görə də nə verirlər, onunla dolanmalı olacam. Nə etməliyəm ki? Gedib o əqidənin yiyəsi də deyiləm ki, kiməsə ağız açım. Heç o yaşım da deyil. Mənə ayıb olar. Mən kişiyəm. Ağız açmaq, kiməsə yaltaqlanmaq mənə yaraşmaz”.

Xalq artistinin həyat yoldaşı da bildirdi ki, Ramiz Əzizbəylinin bundan sonra işləməyi çətin olar: "Bilirsiz. O, sənətinə çox bağlı bir insandı. Bəzən bizi də unudub. Onun üçün sənət, yaradıcılıq həmişə öndə olub. Elə ona görə də səhhətində problem yarandı. Heç vaxt özünü düşünməyib. O işləməsə, dayana bilmirdi. Amma canı ağrıyandan sonra, başa düşdü ki, insan səhhətinin qayğısına qalmalıdı. İndi gecdi. Əvvəlki səbri də qalmayıb ki, işləsin. O, tələbələrini də çox istəyirdi. Onlara diqqət göstərirdi. İndi belə əsəbi insan necə işləsin? Bizə bundan sonra onun sağlığı daha vacibdi. Onsuz da imkanlı həyat sürməmişik. Həmişə sadə həyat tərzi yaşamışıq. Ona görə də yoxluğa, azlığa hazırıq, yetər ki, Ramizin canı ağrımasın. Ramizin müraciətinə baxılsa, ona xəstəliyi ilə əlaqədar pensiya verilsə, buna şükr edərik. Çünki artıq xəstə insandır. Heç olmasa, alacağı pensiya ilə dava-dərmanını təmin edərik”.

Tahirə