Göyçayda toy yasa döndü: 4 nəfər ölüb

Toy karvanındakı avtomobillərin qəzaya uğraması nəticəsində daha 4 nəfər ağır yaralanıb




Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 4 nəfərin ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 13:30 radələrində yolun 193-cü kilometrliyində, Göyçayın Şahsoltanlı kəndi ərazisində qeydə alınıb. Məlumata görə, hadisə həmin kənddə keçirilən toy mərasiminə gedən qonaqları aparan minik maşınlarının karvanında baş verib. Gəlin aparan maşınların toy karvanında olan 90-BP-886 dövlət nömrə nişanlı, "Mercedes” markalı minik maşını qarşı tərəfdən gələn 23-BX-232 dövlət nömrə nişanlı, "Mitsubishi Pajero” markalı minik maşını ilə toqquşub. Hadisə zamanı 4 nəfər dünyasını dəyişib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasetmə qrupunun üzvləri xüsusi kəsici alətlərdən istifadə edərək deformasiyaya uğramış maşınlardan hələ ki, şəxsiyyəti məlum olmayan 3 qadın və bir kişinin meyitini çıxarıblar. Hadisə zamanı 4 nəfərin də ağır yaralandığı bildirilir. Yaralılar Ağsu və Göyçay xəstəxanalarına aparılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.