“Korlanmış cəmiyyəti Allahın özü belə düzəldə bilmir”

Aqşin Yenisey: “Sadəcə qərbin inkişaf etdirdiyi texnologiya korlanmış cəmiyyətin əlinə düşüb”
“Belə cəmiyyətləri zorakı və inzibati yollarla sağaltmaq olar”


Son zamanlar, Azərbaycan cəmiyyətində milli-mənəvi dəyərlər və milli şüurumuza zidd tükürpərdən hadisələr yaşanır. Bir sözlə, Şabranda ailəli qadının evli kişiyə qoşulub qaçması, paytaxtda bacının öz bacısını vəhşicəsinə qətlə yetirməsi, Goranboyda bir şəxsin ailə zəminində 7 nəfəri amansızca məhv etməsi cəmiyyətdə mənfi rezonans doğurub. Bu hal həm də ictimaiyyətdə böyük təlaşa yol açıb. İnsanlar belə görünməmiş hadisələrin adi hal alacağından narahatdırlar. Ona görə də bəzi ictimaiyyət adamları cəmiyyətimizin qandonduran olaylardan arınmasının vacibliyi iddiası ilə çıxış edirlər. Və belə hadisələri sosial təminatın zəifliyi, sosial şəbəkələrin gətirdiyi bəla, dini sahədə boşluğun mövcudluğu və bəzən də ucuz qərb dəyərlərinin cəmiyyətimizə sırınması ilə izah edirlər.

Problemdən çıxış yolunu isə maarifçilik tədbirlərinin gücləndirilməsində görürlər. Şair, publisist Aqşin Yenisey isə olayların başvermə səbəbləri və qurtuluş imkanları barədə fərqli düşünür. Yazar "Şərq”ə müsahibəsində qeyd edib ki, bu problemin rüşeymləri keçmişə bağlıdır. Onun sözlərinə görə, hətta ədəbiyyat sahəsində belə hadisələrin xeyli təsvirləri var: "Məsələn, İsmayıl Şıxlının "Dəli Kür” romanında Cahandar Ağanın başqasının arvadını çayda paltar yuduğu yerdə götürüb qaçmasını buna misal olaraq göstərə bilərik. Bu, ədəbiyyatımızın fenomen hadisəsidir. Cahandar Ağanın kişiyana hərəkəti kimi qabardılıb, cəmiyyətə ötürülür. Əsər boyunca Cahandar Ağanın hərəkətinə görə qınanmasının şahidi olmuruq. Kişi obrazı mentalitetimizin gözündə bu şəkildə göstərilir. Xalq təlqin edir ki, kişi belə olmalıdır. Qanun tanımayıb, hərəkətinin arxasında durursa, o kişidir. Azərbaycan cəmiyyətində qanunsuzluğa meyillilik kişiliyin ilkin əlaməti sayılır.

- Belə çıxır ki, indiki utancverici hadisələrə görə keçmişi qınamalıyıq?

- Bəli, amma keçmişi günahlandırmaqla işimizi bitmiş hesab etməməliyik. Keçmişimiz ona görə günahkardır ki, o dövrdə hazırkı mədəniyyətimizdəki pis əlamətlərin yumurtası qoyulub. İndi də həmin yumurtaların bəxş etdiyi fəsadlar üzə çıxır. Sadəcə forma dəyişib. Məzmun həmin məzmundur. Cahandar Ağa suda gəlinin lüt ayağını görüb, qaçırmışdır. İndiki Azərbaycan qadını isə hansısa bir kişinin cibinin pulu və altının maşınını görüb, qoşulub qaçır. Yalnız forma dəyişib. Məzmun etibarilə cəmiyyətdə heç bir dəyişiklik yoxdur. Hazırkı Azərbaycan cəmiyyəti və mədəniyyətinin əldən getməsinin təəssüf hissi ilə qeyd olunmasının əleyhinəyəm. Əslində həmin mentalitetin əldən getməsi lazımdır ki, özümüzdən sonra gələn nəsillər üçün o cür mənfi "embrionlar” qoyub, getməyək. Belə hadisələrlə cəmiyyət özü-özünü safa çıxardır, duruldur. Məlum hadisələrin xalq və ziyalılar tərəfindən qınanılması və yaxud dəstəklənməsi normaldır. Artıq cəmiyyətdə saf-çürük prosesi gedir. İndiyə qədər Azərbaycanda saf-çürük prosesini başqa xalqlar aparıb. Məsələn, 70 il ərzində bunu ölkəmizdə sovet hakimiyyəti həyata keçirib. Bu tarix göz önündədir.

- Bu cür biabırçı hadisələrin fonunda demək olarmı ki, cəmiyyətimizdə deqradasiya prosesi sürətlənib?

- Xeyr. Sadəcə informasiya bolluğu əlçatandır. İnsanlar bütün hadisələrdən xəbər tuturlar. Keçmişdə bu cür imkanlar yox idi deyə, belə məsələlər bağlı qalırdı. Əslində son zamanlar cəmiyyətimiz nisbətən mədəniləşib. Cəmiyyət həmin cəmiyyətdi. İnsanlar da həmin insanlardı. Sadəcə informasiya əlçatandır. Oğurluq və qətl hadisəsi baş verirsə, bunu polisdən əvvəl jurnalist bilir. Məsələ bu qədər bəsitdir.

- Bəzən bildirirlər ki, media rüsvayçı hadisələri işıqlandırmaqla onun təbliğatını aparmış olur. Siz necə düşünürsünüz, doğrudanmı belə olaylar cəmiyyətdən gizlədilməlidir?

- Yox, doğru yanaşma deyil. Bu məsələni aidiyyəti orqanlar özlərindəki qanunsuzluğu ört-basdır etmək üçün ortaya atır. İstəyirlər ki, cəmiyyətin heç nədən xəbəri olmasın. Problemlər qeyri-qanuni yollarla həllini tapsın. Azərbaycan cəmiyyətini xalqdan gizlətmək olmaz. Nə var ortalığa qoyulmalıdır.

- Müəyyən ictimaiyyət adamları və ya sosioloqlar cəmiyyətdəki müəyyən aşınmaları qərb dəyərlərinin ölkəmizə ayaq açması ilə izah edirlər. Bu barədə nə deyə bilərsiniz?

- Cəmiyyətimiz kifayət qədər mühafizəkardır. Ölkəmizdə baş verən rüsvayçılığın heç bir qərb cəmiyyətində əlaməti yoxdur. Qərb cəmiyyətində heç bir ərli qadın nikahı pozulmadan başqa evli kişiyə qoşulub qaçmır. Bunun adını qərb dəyəri qoyurlarsa, böyük yanlışlığa yol verirlər. Azərbaycana qərb dəyərlərinin ayaq açması yalan söhbətdi. Bizim ölkədə hansı qərb dəyəri var? Birinin adını çəksinlər. Göstərsinlər ki, bu bizə qərdən gəlib və mənəvi dəyərlərimizə ziddir. Baş

verən eybəcərliklərin hamısı özümüzün milli-mənəvi dəyərlərimizdir. Toy, yas, qızqaçırma, qoşulub qaçma, adamöldürmə, yengəlik və s. bunlar hamısı özümüzündür. Bunların hansı qərb dəyərlərində var? Qərb dəyərlərinin ölkəmizdə özünə topdağıtmaz qala tikməsi barədə söylənənlər kökündən yanlışdır. Hamısı özümüzünküdür. Pis nə görürüksə, başqasının üzərinə atırıq.

- Niyə?

- Çünki bu xalqın ümumilikdə psixoloji əhvalı ilə bağlıdır. Pis şey bizim deyil. Atalar sözündə deyildiyi kimi, "Heç kim ayranına turş demir”. Amma hamımızın ayranı turşdur. Guya kiminsə ərinə qoşulub qaçan qadın qərb dəyərləri ilə yaşayırmış. O qadına desəniz ki, qərb dəyəri nədir - bunu bilməyəcək. Bəlkə heç hərf tanımır. Günahı qərb dəyərlərinin üstünə atanlar öz yerlərini isti eləmək üçün xalqa yaltaqlanır. Eybəcərliklərimizi qərbin ayağına yazır. Kaş biz doğrudan da qərb dəyərlərinin daşıyıcısı olardıq. Onda bizi mühakimə etmək olardı.

- Sosial şəbəkələrdən düzgün istifadə etməmək də milli şüur və mənəvi dəyərlərimizi əlimizdən alan vasitə kimi göstərilir. Bu, doğru yanaşmadırmı?

- Bir məsələyə diqqətlə yanaşmaq lazımdır. Korlanmış cəmiyyəti Allahın özü belə düzəldə bilmir. Sadəcə qərbin inkişaf etdirdiyi texnologiya korlanmış cəmiyyətin əlinə düşüb. Onlar da öz dünya görüşlərinə uyğun olaraq yararlanırlar. Mən də bu cəmiyyətin üzvüyəm. Burda yaşayıram. İnternetə yalnız lazım olan hansısa ədəbiyyat nümunəsinə baxmaq və dünyada, ölkəmizdə baş verən hadisələrdən xəbər tutmaq üçün girirəm. Amma internetdən faydalı şəkildə istifadə edənlər çox azdır. Azərbaycan cəmiyyəti internetdə özünə lazım olmayanları axtarır. İnterneti və müasir texnoligiyanı təqsirləndirmək olmaz. Realda nə gündəyiksə, virtual dünyada da həmin gündəyik. İnternetə başımıza oyun açmaq üçün giririk. Təqsirkar özümüzük. Bu yaxınlarda yazı yazmışdım. Orda bildirmişdim ki, təmin olunmamış iddia başqa yerdə günahkar axtarır. Ölkəmizdə insanların biri-birinə düşmən gözü ilə baxmasının səbəbi budur. Məsələn, din haqqında tənqidi bir məqalə yaz. Gör, özünü əməlisaleh adlandıranlar o yazının altına nələr yazacaqlar. Ən paklarımız, Allah sözünü dillərindən düşürtməyənlər görün hansı işlərlə məğuldurlar?

- Bəy, ictimaiyyətdə belə bir deyimlə tez-tez rastlaşırıq ki, televiziyalar cəmiyyəti korladı. Sizcə bu düzgün yanaşmadırmı?

- Cihazı günahkar saymaq olmaz. Bu gülünclükdü. Teleməkanların işi dünya ilə insan arasındakı ünsiyyətə şərait yaratmaqdır.

- Dindən və dindarlardan söz düşmüşkən, bir məsələyə də münasibətinizi öyrənmək istərdim. Cəmiyyətdəki pozuntuları dini boşluqlar və ya dini bilgisizliklərlə əlaqələndirənlər də var. Bax, bu boşluq doldurulsa, rüsvayçı hadisələrin sayı azalarmı?

- Baxır, söz kimin ağzından çıxır. Öncə cəmiyyəti maarifləndirmək istəyənlərin dünyagörüşü, intellektual səviyyəsi, düşüncə tərzi yoxlanılmalıdır. Ölkədəki dini boşluğu yaradanlar dini zümrənin özüdür. Özləri yaradıb. Hazırda insanları düzgün yola çəkənlərin özlərinin kimliyi cəmiyyət üçün qaranlıqdı. Ona görə də dini boşluqlar yaranır. Belə insanlara inam qalmayıb.

- Cəmiyyətə doğru-dürüst istiqamətin verilməsində ədəbiyyatın rolu nə qədərdir? Cəmiyyətin saflaşması üçün ədəbiyyatçılar hansı işlər görə bilər?

- Şəxsi nümunələrə ehtiyac var. Bizdə ədəbiyyat sahəsində də boşluqlar mövcuddur. Çoxu gənc yazarlardı. Toyu, yası və məişət hadisələrinin üstünə gedib, xalqı mühakimə edirlər. Özləri o mərhələyə çatanda tənqid etdiyi adamlardan 5 qat artığını edir. Əslində isə insan mübarizəsi öz həyatından başlamalıdır. Yoxsa, xeyir ola, özün uğrunda həlak olmadığın mübarizəyə, məni səsləyirsən. Əlbəttə, mən getməyəcəm. Bizdə bu nümunə yoxdur. "Palaza bürün, elnən sürün” təfəkkürü ilə yaşadığımıza görə, problemlər necə var elə də qalır. Dəyər istisnalara söykənmir. Dəyər hər kəsin qəbul etdiyi nəsnədir. Toplumun həyatından danışırıqsa, toplumun iştirakı vacibdir.

- Cəmiyyətdəki qeyri-etik davranışları, maddiyatın mənəviyyatı üstələməsini sosial şəraitin ağırlığı ilə bağlayanlar da az deyil...

- Ədəbiyyat üzərindən yaradılan mədəniyyətdən belə görmüşük ki, sosial vəziyyətin ağırlığı mənəviyyatı zəngin olanlarda insani duyğuları şiddətləndirir. Guya dünyada hansı insan pulsuz
olanda pis, imkanlananda yaxşı adama çevrilib? Baxın, evimizdə öz yazılarımızı oxuyan yoxdur. Əksinə, tənqid edirlər ki, "sizə nə düşüb ki, cəmiyyətdəki neqativ hadisələri qabardırsınız. Guya camaat onu görmür”. Deyirlər ki, gör, amma görməzdən gəl. Bizdə bəşəri ideyalarla yaşayan adamlar azdı. Ona görə də mədəni tərəfimiz şikəstdir. İnkişaf etmir.

- Əməli-saleh, müttərəqi bir cəmiyyətin formalaşması üçün nələr edilməlidir? Kimlər bu məsələlərə cəlb olunmalıdır?

- Dünyanın inkişaf etmiş xalqlarına baxsaq, görəcəyik ki, onların formalaşmasında "dəmir əl”in həmişə rolu olub. Məsələn, Hitlerin alman xalqına münasibəti hazırkı alman cəmiyyətinin gözəl inkişafına gətirib çıxarıb. 2-ci Dünya müharibəsindən sonrakı dövrlərdə alman fəhləsi işə bir az gecikəndə həbs olunurdu. Amma indi həmin həbs olunanların nəvəsi bir saatına 50 avro pul alır. Vaxtilə Hitler indiki almanların babalarını intizama dəvət etməsə idi, alman fəhləsi də bizim fəhlə kimi acından tikilidən yıxılıb, öləcəkdi. Bizim kimi cəmiyyətləri maarifləndirmə yolu ilə proqressiv cəmiyyətə çevirmək mümkün deyil. Axundov, Cəlil Məmmədquluzadə və Üzeyir Hacıbəyovun o vaxt qaldırdığı problemlər bu gün də aktualdır. Buna kədərlənmək əvəzinə sevinirik. Ü.Hacıbəyov dahi olması baxımından sevinirik. Amma başa düşmürük ki, o adam problemi ona görə qaldırmışdı ki, həll olunsun. Baxın, deməli, həmin dönəmdən indiyə qədər problem həll olunmamış qalıb. Bu da o anlama gəlir ki, cəmiyyətin mədəni və mənəvi səviyyəsində inkişaf ya getməyib, ya da az gedib. Belə cəmiyyətləri zorakı və inzibati yollarla sağaltmaq olar.

Ayyət Əhməd