Xilaskarlar...

Psixoloqlar intiharı dayandıra bilirlər


















Son zamanlar Azərbaycanda intihar hadisələrinin sayı kəskin şəkildə artıb. Sözsüz ki, yayılan intihar xəbərləri də əslində, əxlaqın deqradasiyasından xəbər verir. İntiharların səbəbləri ilə bağlı araşdırma aparan bir çox psixoloqların iddiasına görə, sosial gərginlik, ədalətsizlik, iqtisadi durumun pisliyi, məqsədə çata bilməmə 3-4 günə insanı intihar həddinə çatdırır. Bir sözlə, həyatda istədiyinə nail olmağı bacarmayan insanlar yeganə çıxış yolunu intiharda görürlər. İntiharlar və çıxış yolları barəsində cəmiyyətdə çox müzakirələr aparılıb, elə öz növbəsində mətbuat da bu məsələyə çox toxunub.

Amma görünən odur ki, hələ də insanların ilk uğursuzluqda intihara cəhd etməsi probleminin həlli istiqamətində hər hansı bir irəliləyiş yoxdur. İntihara cəhdin qarşısını ala bilmiriksə, intihara cəhd edən şəxsləri necə xilas etməli...

Qeyd edək ki, Antaliyada sevgilisi tərəfindən atılan qadın psixoloq yardımı ilə bu fikrindən daşınıb. Təcili yardımla hadisə yerinə gələn psixoloq dikdaban ayaqqabı geyməsinə rəğmən 3 mərtəbəli binanın damına çıxaraq intihara cəhd edən xanımı aşağı düşməyə razı salıb.

İntiharla bağlı qəti sual vermək olmaz

Maraqlıdır, Azərbaycanda bu sahədə vəziyyət necədir? Hər hansı bir şəxsi intihar fikrindən daşındırmaq üçün psixoloqlar hadisə yerinə cəlb olunur, yoxsa bu işdə bütün öhdəlik, hüquq-mühafizə orqanlarının və ya FHN xilasedicilərinin üzərinə düşür?

Psixoloqların fikrincə, əgər insan belə bir hadisə ilə qarşılaşsa, vaxt itirmədən FHN-in xilasedici briqadasına müraciət etməlidir. Həmin briqadalarda mütləq ixtisaslaşmış psixoloqlar da olmalıdır. Psixoloq intihar edən şəxslə müxtəlif mövzularda diqqətyayındırıcı söhbətlər aparmalıdır. Ona intiharla bağlı suallar qəti vermək olmaz. Əgər həmin insan hansı səbəbdən intihar etməyə çalışdığını deyirsə, ona kömək edəcəyini demək lazımdır və çalışmaq lazımdır ki, onda inam yaransın.

Yerində deyilməyən söz intiharın icrasına gətirib çıxara bilər

Hüquq müdafiəçisi Mehriban Zeynalovanın sözlərinə görə, intihara cəhd edən şəxsi xilas etmək Fövqəladə Hallar Nazirliyinin səlahiyyətindədir: "Hesab edirəm ki, həmin qurumun tərkibində psixoloqlar fəaliyyət göstərməlidir. Bunun üçün də problemli insanlarla işləməyi bacaran insanları cəlb etmək lazımdır. Çünki FHN xilasedicilərinin hadisə yerinə gəlib, hay-küy salmaqla nəyəsə nail olması mümkün deyil. Əksinə, bu, intihara cəhd edən şəxsi daha da stimullaşdıra bilər. Evin damına çıxan şəxs bunu göstəriş, kiməsə "dərs” vermək üçün edibsə belə, xilasedicilər tərəfindən yerində deyilməyən söz intiharın icrasına gətirib çıxara bilər”.

Hazırda FHN-in tərkibində psixoloqlar qrupunun fəaliyyət göstərməsinə rəğmən hüquq müdafiəçisi həmin qrupun fəaliyyətinin nəzərə çarpmadığını deyib: "FHN-in tərkibində psixoloqlar qrupu fəaliyyət göstərsə belə, bu barədə cəmiyyət məlumatlı deyil. İntihara cəhd edən şəxsin xilas edilməsi zamanı onların hər hansı bir fəaliyyətinin işıqlandırılmasının şahidi olmamışam. Heç mətbuatda da belə bir informasiyaya rast gəlməmişəm”.

İntiharların artımı cəmiyyətimiz üçün çox ciddi siqnaldır

Hüquq müdafiəçisinin qənaətincə, ölkədə intiharların qarşısını almaq üçün "qaynar xətt”in də yaradılması çox zəruridir. Onun sözlərinə görə, intiharların artımı cəmiyyətimiz üçün çox ciddi siqnaldır. "Mütləqdir ki, hər hansı bir dövlət qurumu və ya təşkilat bu problemin həllini öz üzərinə götürüb, zəruri addımlar atsın. QHT-lər də bu prosesdə maraqlı olmalı və həmin "qaynar xətt”lərə mükəmməl psixoloji biliklərə malik olan, peşəkar kadrların cəlb olunmasına çalışmalıdır. Sadəcə olaraq, layihə çərçivəsində nəyisə icra etmək üçün görülən iş əks-effekt də verə bilər. İntiharlar cəmiyyət üçün çox həssas bir problem olduğundan onun həllinə də həssas yanaşmaq lazımdır.

Hər psixoloq terroristlə işləyə bilməz

Psixoloq Azad İsazadə də hesab edir ki, intihara cəhd edən şəxsləri xilas etmək üçün xüsusi psixoloqlar yetişməlidir: "İntiharın astanasında olan insanları bu yoldan ancaq xüsusi kurs keçən psixoloqlar çəkindirə bilər. Bunun üçün isə ilk növbədə bu işin öhdəsindən gəlməyi bacaran psixoloqlar yetişməlidir. Hansı ki, həmin psixoloq sabah özünə qəsd edən insanlar, hətta terroristlərlə də söhbət etməyi bacarmalıdır. Terroristlərin atacağı addım həm özləri, həm də cəmiyyət üçün təhlükə olduğundan onlarla işləyən adam daha çox diqqətli olmalıdır. Hər psixoloq terroristlə işləyə bilməz”.

Azərbaycanda intihara cəhd edən şəxsləri xilas edə biləcək kifayət qədər peşəkar psixoloqların olduğunu vurğulayan A.İsazadənin sözlərinə görə, sadəcə onların peşəkarlığından doğru istifadə etmək lazımdır: "Ekstremal və hərbi psixologiya ilə məşğul olan insanlar var ki, intihara cəhd edən insanlarla davranmağı çox gözəl bilirlər. Hətta bizdən sırf bu sahə üzrə müdafiə edən psixoloqlar da kifayət qədərdir. Sadəcə olaraq həmin psixoloqlardan istifadə edilməlidir”.

Psixoloqun sözlərinə görə, intihara cəhd edən şəxsləri xilas etmək üçün xüsusi hazırlığı olan psixoloqlar qrupu Fövqəladə Hallar Nazirliyinin nəzdində fəaliyyət göstərir. "İntihar hadisələri zamanı da onların müəyyən dərəcədə rolu olur. Sadəcə bu məsələ kütləvi hal almayıb. Ümumiyyətlə, bizdə psixoloqlara müraciətlə bağlı problemlər olduğu üçün insanlar psixoloqlara bir o qədər də etimad göstərmirlər”.

Həm də təkcə intihar zamanı yox, yanğın, qəzalar zamanı da psixoloqlar bu işə cəlb olunur

İntihar edən şəxslərlə bağlı Azərbaycanda psixoloji işlər aparıldığını vurğulayan Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovun sözlərinə görə, sadəcə bu cür faktlar ictimaiyyətə açıqlanmır: "Əlaqədar qurumlara intiharla bağlı xəbər daxil olan kimi hərəkətə keçən briqadaların tərkibində mütləq psixoloqlar da olur. Hətta Fövqəladə Hallar Nazirliyinin xilasediciləri arasında psixoloqlar da mövcuddur. Bu yalnız Türkiyədə belə deyil. Bütün dünyada qəbul olunmuş bir standartdır və Azərbaycanda da var. Həm də təkcə intihar zamanı yox, yanğın, qəzalar zamanı da psixoloqlar bu işə cəlb olunur. Bu proses təqdirəlayiqdir və davamlı olmasını istərdim. Hesab edirəm ki, psixoloqların bu cür hadisələrdə iştirakı ilə bağlı sosial çarxlar da hazırlanmalıdır. Çünki bu istiqamətdə insanların maarifəndirilməsi faydalı olardı. Hətta bu cür psixoloqların gördüyü iş, apardığı söhbətlər nəticəsində intihardan əl çəkən insanlar da çox olub. Şəxsən özümün də bu prosesdə iştirak etdiyim vaxtlar olub. Bütün hallarda nəzərə almaq lazımdır ki, intihar edən insanların tam əksəriyyətinin əsas məqsədi heç də özlərini öldürmək deyil. Onların bir qisminin məqsədi öz problemlərinə insanların diqqətini cəlb etməkdir. Burada konkret olaraq, cəmiyyət, fərd və ailədən də söhbət gedə bilər. Bu cür insanlarla psixoloji söhbətlər aparıldığı zaman onları intihar fikrindən daşındırmaq rahat olur”.

Xilasedicilərin tərkibindəki psixoloqların peşəkarlığına gəldikdə isə E.Rüstəmov bildirib ki, bu cür psixoloqların hər biri konkret sahələr üzrə ixtisaslaşmış insanlardır: "Fövqəladə situasiyalarda insanlara necə yardım etmək və onlarla necə davranmaq qaydalarını yaxşı bilirlər. Bununla bağlı həmin mütəxəssislər həm ölkə daxilində, həm də xaricdə təlimlər keçirlər. Odur ki, intihara cəhd edən insanlarla necə davranmaq, onları fikrindən daşındırmaqla bağlı sahə psixoloqlarının peşəkarlığına şübhə etmək doğru deyil. Sadəcə olaraq, nəzərə almaq lazımdır ki, bu sahə çox yenidir. Əsas odur ki, təkmilləşdirici tədbirlər görülür. Bu isə onu göstərir ki, yaxın gələcəkdə bu sahədə kifayət qədər uğurlarımız olacaq”.

İnsanların psixoloqlara müraciətlərindən gileylənən Mərkəz rəhbərinin sözlərinə görə, əhali bu cür situasiyalarda müraciət edəcəyi ünvanla bağlı məlumatsızdır. "Azərbaycanda psixoloji dəstək birmənalı qarşılanmır və onu da deyim ki, cəmiyyətin bu məsələyə yanaşması çox yanlışdır”.

Şəxsi təcrübəsində onlarla insanı intihar düşüncəsindən daşındırdığını vurğulayan psixoloqun sözlərinə görə, hələ ki, onlara intihar təhlükəsi ilə bağlı müraciət edən insanlar arasında sonradan özünə qəsd edəni olmayıb: "Konsultasiya anonim bir prosesdir. İntihar təhlükəsi olduğu an psixoloq təxirəsalınmaz tədbirlər görməlidir. Hətta gərəkdiyi zaman o anonimliyi pozub, həmin şəxslərin yaxınlarına məlumat da verə bilər ki, qabaqlayıcı tədbirlər görülsün. İntihara cəhd edən insanın fikrini dağıtmaq üçün ailə onu tək buraxmamalı və onu xüsusi istirahət mərkəzlərinə aparmaq ki profilaktik tədbirlər görməlidir”.

Hələ də psixoloqla psixiatrları eyniləşdirənlər var

Azərbaycanda psixoloqa müraciət edənlərin niyə az olduğuna gəldikdə isə E.Rüstəmov deyib ki, insanlar öz problemlərini qəbul etmək istəmirlər: "Azərbaycanda psixoloqa müraciət ənənəsi tam şəkildə formalaşmayıb. Əvvəlki illərə nisbətən müəyyən irəliləyiş olsa da, hələ də psixoloqla psixiatrları eyniləşdirənlər var. Çünki bu sahədə yetəri qədər maarifləndirmə yoxdur. Hətta bir qism insanlar var ki, psixoloq yardımı aldığını ətrafındakılardan gizləyir. Psixoloji maariflənmə kütləvi şəkildə həyata keçirilməlidir. KİV bu işdə bizə çox böyük dəstək olur, əlaqədar qurumlar da müəyyən qədər işlər görür, amma bu çox azdır. Aparılan tədbirlər kütləviləşməlidir. Orta məktəblərdə seminarlar, treninqlər keçirilməlidir. Həmçinin psixoloji maariflənmə ilə bağlı ayrı-ayrı rayonlarda sosial çarxlar çəkilməli, broşuralar paylanmalıdır. Mütəmadi olaraq, mütəxəssislərin televiziyalarda çıxışlarına imkan yaradılmalıdır. Bu gün insanlarda aqressiya, stress, depresiyanın özü, fobiyalar, absesiyalar və s. kimi psixoloji problemlər daha çox inkişaf edib. İnsanlarımız çox tələskən və səbirsiz olublar. Az bir zamanda çox şey əldə etmək istəyir, bütün mümkün variantlarda ləzzət almaq istəyir, ani həzzə düşkün olurlar. Əslində bu təkcə Azərbaycanla bağlı deyil, qlobal bir problemdir. Dünyanın hər yerində bu cür problemlər var. ABŞ kimi inkişaf etmiş bir ölkədə il ərzində psixi sağlamlıq və təhlükəsizlik istiqamətində milyardlarla dollar xərclənir. Artıq Azərbaycanda da bu istiqamətdə müəyyən addımlar atılmağa başlayıb. Hesab edirəm ki, yaxın gələcəkdə psixi sağlamlıq haqqında qanun da qəbul olunacaq və bundan sonra dövlət tərəfindən konkret addımlar atılacaq. Bu gün ailədaxili konfliktlər, boşanmalar, qətllərin böyük bir qismi psixoloji məqamlara dirənir. Bəzən bunu maddiyyatla əlaqələndirirlər, amma yanlış yanaşmadır. Maddi vəziyyəti kifayət qədər yuxarı olan insanlar var ki, onların psixoloji gərginlikləri var. İntihar edən, qətl törədən insanlar arasında imkanlı olanları yetərincədir. Əgər insanlarımız maariflənərsə, psixoloji problemlər öz həllini tapar və insanlar daha rahat yaşayarlar”.

Şəymən