“Daha heç bir suala cavabım yoxdur”

Vaqif Səmədoğlu: “Bu, dəhşətli bir məğlubiyyətdir”




Qəzetimizin saytında axtarış aparan zaman  birdən "Hamınızı yasıma dəvət edirəm” başlığını gördüm. Açıb yazını oxudum. Bu çox təsirlidir, həm də lap çox. İnsanın necə səmimi olaraq ölümdən qorxmadığı elə "yasıma dəvət edirəm” sözündən anlaşılır. Hətta ölümün özü ilə belə zarafat etməyi bacaran zamanəmizin böyük şairi Vaqif Səmədoğlunun əslində bu sözünün arxasında da özü kimi böyük məna dayanır. Şair deyir ki, ölümün nə olduğunu bilmirsənsə, ondan niyə qorxmalısan ki? Burda zarafatla yanaşı, mütləq bir hikmətin olduğunu düşünürəm.

Səmədoğlunun kitabının təqdimatındakı çıxışını oxuduqdan sonra onunla söhbətləşmək qərarına gəldim. Telefonuna etdiyim zəngə Vaqif müəllimin həyat yoldaşı Nüşabə xanım cavab verdi. Niyyətimi dedikdən sonra, "özü ilə danışım, razılıq versə, sabah kimyaterapiyadan sonra gələrsiz xəstəxanaya, ziyarət edərsiz” deyərək dəstəyi asdı. Bir neçə dəqiqədən sonra yenidən zəng etdiyimdə, "Vaqif müəllim deyir gəlsinlər, amma fotoaparat olmasın. Şəklinin çəkilməsini istəmir” sözlərini söyləyərək vaxtı və məkanı dedi.

Təyin olunmuş vaxtda əməkdaşımız Şəymən xanımla yollandıq Milli Onkologiya Mərkəzinin müalicə korpusuna. Xəstəxananın qeydiyyat şöbəsində çalışan xanımdan şairin neçənci palatada yatdığını soruşuram. Xanımın cavabı qısa oldu: "Vaqif müəllim 5-ci mərtəbədə, 505-ci palatadadır”.

Liftlə qalxdığımız zaman "5” rəqəmi haqqında düşünürdüm. Ürəyimdə dedim, görəsən, Vaqif müəllim də heç "5” rəqəmi haqqında düşünübmü?

Fikirdən ayıldığımda artıq palatada idik, Şəymən xanım da şairə "Necəsiz, Vaqif müəllim” deyə sualını vermişdi.

Mən isə sadəcə donub qalmışdım. Çünki şeirlərini sevdiyin bir şairi belə vəziyyətdə görmək, ağırdır, təsirlidir. Bəlkə də mən reallıqdan uzaq da olsa içimdə, 10 il qabaq söhbət etdiyim Vaqif Səmədoğlunu görəcəyimi düşünmüşdüm deyə ani olaraq donub qaldım. Bununla belə deyim ki, fiziki cəhətdən əvvəlki Vaqif Səmədoğlu olmasa da, söhbəti, yaddaşı, zarafatı elə 10 il öncəki kimidir. Bu hal məni bir qədər ovundurdu sanki...

Vaqif müəllim əməkdaşımızın ilk sualına da özünəməxsus cavab verdi...

- Bu nə sualdır, verirsiniz? Necə ola bilərəm? Gördüyünüz kimiyəm. Mədəsində xərçəng olan adam necə olur, eləyəm. Həm də yaşlanmışam. Yaşlanmaq yaxşı şeydi. Amma Allah heç kimə ağrı-acı verməsin.

(Bu sözləri dediyində, şairin gözlərində kədəri görməmək mümkün deyildi)

Bu arada onu da qeyd edim ki, suallara şair özünəməxsus şuxluqla cavab verirdi. İlk öncə Vaqif müəllimin səhhəti məsələsi ilə maraqlandıq. Bütün zamanını evdə keçirdiyini, sadəcə, həftənin 3 gününü xəstəxanaya müayinədən keçmək üçün gəldiyini dedi. Əsas müalicəsini isə İsraildə aldığını bildirdi.

- Bir də nə vaxt gedəcəksiniz İsrailə?

- Bilmirəm. Nüşabə xanım buradakı nəticələri göndərir İsrailə, onlar da baxıb burdakı nəticələrə uyğun diaqnoz qoyurlar. Amma hələ ki, gedəcəyimlə bağlı heç nə deməyiblər (Nüşabə xanım isə İsrailə gedəcəklərinin gözlənmədiyini bildirdi).

Xanımı şairin necə qidalanması haqqında sualımıza da cavab verdi: "Normal qidalanır. Daha doğrusu, əhvalına görə yeməyi də dəyişir. Bəzən yaxşı yeyir, bəzən də lap az. Amma indiyə baxanda yayda daha yaxşı yeyirdi”.

Hazırda nə yazdığı haqqında soruşuram şairdən: "İndinin özündə də yazıram. Mən yazmaqla nəfəs alıram. Bunsuz mümkün deyil. Düzü, bəzən də yazmağa halım olmur. Belədə, fikirləri beynimdə o yana, bu yana çəkirəm. Bəlkə də beynimə yazıram...

- Yazanda özünüz yazırsız, yoxsa Nüşabə xanımın köməyindən istifadə edirsiz?

- Yox-yox, özüm yazıram. Həm də qələmlə kağıza.

Bu zaman söhbətə Nüşabə xanım müdaxilə edir: "Mən dəfələrlə təklif eləmişəm ki, sən diktə elə, mən yazım. Amma Vaqif müəllim elə yazmağı xoşlamır. Mütləq özü yazmalıdır, həm də qələmlə”.

Vaqif Səmədoğlu: "Heç kompyuterlə də yaza bilmirəm. Neçə dəfə Nüşabə xanım deyib ki, diktafonu qoy, fikirlərini de, yaddaşa yazılsın. Sonra diktafondan köçürərəm. Amma mən razı olmuram. Xoşlamıram mən deyim, kimsə yazsın. Mütləq özüm kağız-qələmlə yazmalıyam ki, söz inci kimi ard-arda düzülsün. Yoxsa istədiyim alınmır. Bilirsiz, əslində mən kağızın qoxusunu ciyərlərimə çəkməsəm, yaza bilmirəm. Qələm, necə deyim, sanki qüvvətli, qüdrətli, sehrli bir şeydir. Kağızların qoxusu ilə qələmin sehri başqadır. Diktofon mənlik deyil, bir neçə dəfə cəhd elədim, alınmadı (Kağızın qoxusu ilə bağlı şair danışdıqca, sanki o qoxunu hiss edirdi).

- Neçə dəfə olub ki, dəftəri qoxlayıb, sinəmə basmışam. Bir dəfə dəftərxanada olanda bir bloknot gördüm, çox xoşuma gəldi. Tez bloknotu götürüb üzümə yaxınlaşdırdım öpüb, qoxladım. Kağızın üzərində qələmi hərəkət etdirib yazmaq başqa şeydi. Onun yerini heç nə vermir. Həyatım boyu həmişə yanımda bloknot olub (Bu zaman yatacağının yanında sarı üzlü bloknotun, üzərində isə sadə bir qələmin olduğunu sezdim).

- Köhnə bloknotlarınızı yəqin ki, saxlayırsız...

- Əlbəttə. Hamısı evdədi. Onları göz bəbəyim kimi qoruyuram, saxlayıram. O bloknotların hamısında Vaqif yaradıcılığı var (Söhbətimiz zamanı televizorda İdman kanalından "Qarabağ” - "Dnepr” futbol klublarının oyununun təkrar yayımı idi. Şair danışarkən bir gözünün televizorda olduğunu görüb futbolla maraqlanıb-maraqlanmadığını soruşdum)

- Vaqif müəllim, futbol azarkeşisiz?

- Gəncliyimdə çox baxırdım. O vaxt "Neftçi” SSRİ çempionatında yaxşı oynayırdı. Yaxşı da futbolçularımız vardı. İndi də rastıma düşəndə baxıram. Bizimkilər zəif oynayırlar. Amma hər zaman bizimkilərin qalib olmasını istəmişəm (Elə bu əsnada Vaqif müəllim sual verdi: "Dünən "Qarabağ” oyunu necə oldu?”. Söhbətə qatılan Nüşabə xanım "Qarabağ”ın 2-1 uduzduğunu dedi. Bunu eşidən kimi, şair əsəbi şəkildə televizor tərəfə əlini qaldırıb endirdi. Nüşabə xanım tez televizoru söndürdü).

- Kompyuterdən heç istifadə etmirsiz? Bir ara "facebook”da aktivlik göstərirdiz...

- Kompyuterdən ancaq oxumaq üçün istifadə edirəm. Kim nə yazdı, kim nə etdi, saytlarda yazılır. Ölkədə nə baş verdiyi ilə maraqlanıram, xəbərləri oxuyuram. "Facebook”da düzdü, aktiv idim. Amma artıq istifadə etmirəm. Mənim qəribə də olsa, bir fikrim var. İndi içkili halda avtomobili idarə etmək sürücülərə qadağan olunub, düzdü? Məncə, "Facebook” istifadəçilərinə də içkili halda şəbəkədən istifadə qadağan edilməlidir. İnanırsınız, orada hər cür adama rast gəlmək olur. İçkidən içib ağıllarına gələni yazırlar, paylaşırlar. Bir vaxtlar mənə də yazırdılar. Hətta nə qədər təhqir edənlər də olub. Əməlli-başlı söyüblər məni (Bu vaxt gülümsədiyini sezirəm). Amma təhqirlərin, söyüşlərin heç birinə cavab verməmişəm. Mən ümumiyyətlə təhqirə cavab verməyi sevməmişəm heç vaxt.
Şair deyir ki, həddindən artıq ədəb-ərkanlı, tərbiyəli adamların olması yaxşıdır. Amma o tərbiyəli insanlar, dürüst adamlar şairə maraqsız gəlirlər...

- Doğrudur, hər şey mədəniyyətindən asılıdır. O qədər ədəb-ərkanlı, tərbiyəli adamlar var ki. Amma sözün açığı, elə adamlar mənə maraqsız gəlir. Özümdən asılı deyil, elə adamlarla oturanda darıxıram. Bilirsiniz, mən həmişə zarafatı xoşlamışam. Yalançı adam içkili vəziyyətdə elə gözəl olur ki. Belə yalançı adamlarla zarafat eləməyin ayrı ləzzəti var. Mənim üçün içməyən adamla restoranda oturmaqdan darıxdırıcı heç nə yoxdu. Ay insan, gəlmisən restorana, yeyib-içirsən, bu qədər tərbiyəli olma da. Nolub axı? Bir az iç, özünü, nəslini təriflə, yalan de, gop elə.

- Siz heç belə etmisinizmi, Vaqif müəllim?

- (Gülür) O qədər... Hətta dəfələrlə mənə zəng ediblər ki, Vaqif müəllim, sizinlə oturmaq, söhbət eləmək, yeyib-içmək istəyirik. Bilmişəm ki, həmin adam dünyanın ən fırıldaq, ən yalançı adamıdı. Amma mənə maraqlı olduğu üçün tez razılaşmışam.

"Dostlarınız sizinlə maraqlanırlarmı, gəlib gedirlərmi” - deyə soruşuram.

- Əlbəttə maraqlananlar, gəlmək istəyənlər çox olur. Amma özüm icazə vermirəm. Hamısından razıyam. Anar da tez-tez baş çəkir (AYB sədrini nəzərdə tutur). Bilirsiz, razı deyiləm dostlarım evimə gəlsin. Çünki məni bu halda görmələrini istəmirəm. Məni belə görəndə kövrəlib, pis olurlar. Onları elə görəndə də mən pis oluram. Axı onlar Vaqifi heç vaxt belə görməyiblər.

Gənc dostlarım da mütəmadi əlaqə saxlayırlar, maraqlanırlar. Şəhriyar, Şərif necə dəfə zəng ediblər (Şəhriyar del Gerani və Şərif Ağayar - red). Hətta mənim ingilis dilində nəşr olunmuş "Zülmətdə günəşə mahnı” kitabımın təqdimat mərasimində Şəhriyar məni maşından düşəndə qarşıladı, qoluma girib zala apardı. Sonra kövrələrək otaqdan çıxıb. Nüşabə xanıma deyib ki, Vaqif müəllim niyə bu halda təqdimata gəlib?

Bu vaxt Nüşabə xanım söhbətə müdaxilə etdi: "Sözün açığı, Şəhriyarın bu sözü mənə təsir elədi. Necə yəni niyə gəlib? Axı Vaqif Səmədoğlu həmişə ictimaiyyət, xalq arasında olan biridir. Bu gün xəstədir deyə, öz kitabının təqdimatına qatılmamalı idi? Bu cür yanaşma təkcə Azərbaycandadır. Xaricdə baxırsan ki, yaşlı adamlar "kalyaska”da səyahətə çıxırlar. Axı, yaşdan və vəziyyətdən asılı olmayaraq, hamı cəmiyyət içərisində olmaq istəyir. Bu gün Vaqif Səmədoğlu xəstədir deyə, özünü cəmiyyətdən təcrid etməli deyil ki.

Vaqif müəllim isə dedi ki, Şəhriyarın o cür deməsi də sevgidəndir: "Bilirəm ki, hamısı hörmətdən, sevgidəndir. Elə mən də onlar kövrəlməsin deyə, istəmirəm evimə gəlsinlər, məni yataqda görsünlər”.

- Vaqif müəllim, xoşbəxtliyin qafiyəsi nədir?

- Mindir. Xoşbəxtliyin sonuna o qədər söz qoşub, yazmaq olar ki. Mən Moşunun dili ilə xoşbəxtlik haqqında sual verdim. Orada xoşbəxtlik məcazi anlayışdır. Yoxsa ki, xoşbəxtliyə o qədər qafiyə yazmaq olar ki. Əslində Moşunun axtardığı "xoşbəxtlik” sözünün qafiyəsi deyildi, xoşbəxtliyin özü idi. O da yoxdur. Xoşbəxtlik nisbi anlayışdır. Yoxsa ki, dil baxımından o qədər söz qoşub yazmaq olar. Siz bunları bilməlisiniz axı? Mənə niyə verirsiniz bu sualı? Mən sizin yaşınızda çox savadlı idim. Hər şeyi bilirdim (Bununla şair bizi bir az pərt eləsə də, vəziyyətdən çıxmaq üçünmü, yoxsa elə həqiqətənmi ona təhsilin yaxşı verildiyini söylədim).

- Mən ən yaxşı təhsilimi Moskvada almışam. Həyatımın ən parlaq səhifələrindən biri Moskva konservatoriyasında oxuduğum dövrdür.
Amma digər yandan da təhsil elə də vacib deyil. Səməd Vurğunun bir dənə də olsun diplomu yox idi. Amma rus dilində ruslardan yaxşı yazırdı. Bir dəfə Səməd Vurğunun yazısını böyük rus dilçilərindən olan İlya Erenburqa göstərdim. Soruşdu ki, Vaqif, Səməd Vurğun harda təhsil alıb? Dedim, heç yerdə. Heç diplomu da yoxdu. Çox təəccübləndi ki, rus təhsili olmayan bir adam necə bu qədər səlis və aydın yazıb? Demək ki, istedad da başqa şeydir.

- Vaqif müəllim, sizi ən çox nə narahat edir?

- Suallar.... Suallar... Suallar günü-gündən çoxalır. Xatirələrin qəddarlığı, sualların artması, cavabların tükənməsi məni incidir. Daha heç bir suala cavabım yoxdur. Yaşın ən böyük bəlası odur ki, suallar çoxalır, cavablar tükənir. Mən o suallara məğlubam, özü də tam məğlub. Bu, dəhşətli bir məğlubiyyətdir. Beynimdə o qədər suallar var ki, heç birinə də cavab tapa bilmirəm (Maraqlıdır, Vaqif müəllimi incidən suallar hansılardır).

- O hansı suallardır?

- Həyat, dünya, ölüm haqqında olan suallar. Məncə, bunların heç birinin cavabı yoxdur.

- Ən çox da elə onlar haqda yazmısınız...

- Düzdü, həyat, ölüm haqqında çox yazmışam. Amma nə qədər yazsam da, heç vaxt cavab tapa bilmədim. Hələ də axtarıram. Yenə də bir cavabım yoxdur.

- Kitabınızın təqdimatındakı çıxışınız çox təsirli idi. "Bəri başdan hamınızı yasıma dəvət edirəm, gözüm üstə yeriniz var”, deməklə hər kəsi təsirləndirməklə yanaşı, təəccübləndirdiniz. Zarafatcıl Vaqif müəllim niyə belə pessimist danışdı?

- Mən həmişə bədbin olmuşam. Heç vaxt optimist olmamışam ki. Bunun səbəbini anlatmaq çox çətindir. Bu emosional halın bir çox səbəbləri var. Bəlkə elə cavabsız suallar məni bədbin olmağa vadar edib. Bəlkə də müsahibələrimdə həmişə xoş ovqatda olmuşam, zarafatlar da etmişəm. Hər zaman zarafat etmişəm. Amma bunlar şeirlərimdə olmayıb. Mən şeirlərimin adamıyam. Yazdıqlarımda mən varam. Ona görə də Vaqifi axtaran, Vaqifin şeirlərini oxuyub dərk eləməlidir.

Söhbət boyu tez-tez şair yerə qoymadığı əl saatına baxırdı. Bəlkə zamanın tez keçməsini istəyirdi, bəlkə də zamanın amansızlıqla tez keçdiyindən təəssüflənirdi. İmkan tapıb bunu Vaqif müəllimdən soruşa bilmədim. Çünki bir də o saata baxdığında, Nüşabə xanıma aydınlaşdıra

bilmədiyim nəsə dedi. Sonra isə bizi nəzərdə tutaraq "uşaqlar indi gedirlər” söylədi. Və yenə də, anlaya bilmədiyim nəsə dedi. Biz də "xəstə ziyarəti qısa olar” deyimini xatırlayaraq, zəmanəmizin böyük şairinə şəfalar diləyərək sağollaşdıq. Şair isə sonda "hər kəsə salam söyləyirəm, məndən narahat olmasınlar” deyərək bizi yola saldı.

Anar Bayramoğlu,

Şəymən Aşırlı