Nazirlik “oxu atdı”

Şagirdlər də dərsə gəlmir, müəllimlər də...


Təhsil Nazirliyi bəzi orta məktəb rəhbərlərinin özbaşınalığını üzə çıxaran sensasion açıqlama yayıb. Qurumun insan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib ki, orta təhsil müəssisələrində eyni şagirdin adının müxtəlif məktəblərdə getməsi və məktəb direktorları tərəfindən müəyyən şagirdlərlə bağlı məlumatların gizlədilməsi hallarına rast gəlinir. Şagirdlərin dərsə davamiyyətindən söz açan nazirlik rəsmisi onu da əlavə edib ki, nəinki şagirdlər, bəzən müəllimlər də dərsə getmirlər: "Bununla bağlı daha çox təbliğatı işlər görülməlidir. Azərbaycanda 4500-dən çox məktəb var. Təhsil Nazirliyinin resursları bütün məktəblərdə nəzarət etmək imkanı vermir. Şagirdlərin dərsə getməməsi halları isə daha çox kənd məktəblərində baş verir.

Yəni uşaqlar dərsdən yayınaraq müxtəlif təsərrüfat işləri ilə məşğul olurlar”. Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev isə bildirib ki, bəzi valideynlər müəyyən yaşdan sonra övladlarının məktəbə getməsini istəmir. Əgər valideynlər övladlarını məktəbə getməyə qoymurlarsa, TN bununla bağlı hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edə bilər”.

Bütün bunların qarşısının alınması üçün bir yol var. O da şagird siyahısını hazırlayan vahid proqramın olmasıdır

Nazirliyin şok effekt doğuran mesajını şərh edən Əməkdar müəllim, təhsil eksperti Almaz Həsrət "Şərq”ə açıqlamasında qeyd edib ki, bir şagirdin adının bir neçə məktəbdə qeydiyyatda olması yolverilməzdi. Onun sözlərinə görə, bu, həmin məktəb direktorunun işinə səriştəsiz yanaşmasından xəbər verir: "Görünür, o məktəb rəhbərləri şagirdlərinin kontingentini düzgün bilmir. Direktorun nöqsanıdır. İnformasiya-kommunikasiya texnologiyaları əsridir. Hər məktəbdə yeni bir proqram var. Həmin proqramda hər bir şagirdin adı, soyadı və atasının adı yazılır. Bu proqram hər məktəbdə olmalıdır. Amma qəbul imtahanları zamanı şəxsən şahidi olmuşam ki, bir şagirdin adı, soyadı və ata adı başqası ilə eynilik təşkil edirdi. Yalnız məktəbləri fərqli idi. Bu halın olması da mümkündür. Bütün bunların qarşısının alınması üçün bir yol var. O da şagird siyahısını hazırlayan vahid proqramın olmasıdır. Ölkə üzrə orta məktəb şagirdlərinin siyahısı orada yerləşdirilir. "Acces” proqramında olduğu kimi, bir nəfərin axtarışını verdikdə, ona uyğun məlumatlar çıxır. Bu şəbəkədən faydalanmaqla məktəb direktorlarının saxta və qanunsuz davranışlarının qarşısını almaq olar”.

Orta təhsil ocaqlarının direktorlarını xəbərdarlıq belə etmədən işdən azad etmək lazımdır

Nazirliyin müəllimlərin dərsə getməmələri barədə açıqlamasına gəlincə, ekspert söyləyib ki, bunun aradan qalxması üçün sərt qayda-qanun tətbiq olunmalıdır: "Direktorlar iş vaxtı yerində olmalıdırlar. Neqativ halların mövcud olduğu orta təhsil ocaqlarının direktorlarını xəbərdarlıq belə etmədən işdən azad etmək lazımdır. Bu, saxtakarlıqla məşğul olan digər məktəb rəhbərinə örnək olar. Onlar nəticə çıxaracaqlar. Bundan sonra dövlətin təhsil siyasətini reallaşdıracaqlar. Özbaşınalıq edən məktəb direktorunun birinə cəza verilməsə, digərləri də ona baxıb, neqativ əməllərlə məşğul olacaq”.
Müsahibimizin fikrincə, rüşvətxor və korrupsioner direktorlar nəinki işdən azad olunmalı, hətta cinayət məsuliyyətinə cəlb olunmalıdırlar: "Cinayətə cəlb olunsalar, "əqidə dostları” bu halı təkrarlamayacaq”.

Şagirdlərin məktəbdən uzaq düşməsinin birinci səbəbi TQDK-dır

Valideynlərin müəyyən yaşdan sonra övladlarını məktəblərdən uzaqlaşdırması məsələsinə toxunan A.Həsrət bunu repetitorluğun geniş yayılması ilə izah edib: "Valideynlər diqqətlərini övladlarının ali məktəbə qəbul olunması üzərinə fokuslaşdırıblar. Bu fokus ondan ibarətdir ki, övladı ali təhsil alsın. TQDK-nın imtahanını keçsin. Qurumun şagirdləri qruplara ayırıb, test imtahanlarına meyilləndirməsi onları məktəblərdən uzaqlaşdırıb. Valideynlər övladlarının məktəbə də təhsil almasında deyil, külli miqdarda pul xərcləyib, övladını repetitor yanına qoymaqda maraqlıdırlar. Halbuki övladları həmin məsələləri məktəbdə də öyrənə bilərlər. Sadəcə, valideyn övladına düzgün istiqamət verə bilmir. Zənnimcə, adıçəkilən struktur strategiyasında dəyişikliklər etməlidir. Məktəbdən şagirdləri soyutmasınlar. Şagirdlərin məktəbdən uzaq düşməsinin birinci səbəbi TQDK-dır. Bunu illərin süzgəcindən gələn nəticəyə əsaslanaraq deyirəm. Belə halların qarşısını almaq üçün maarifləndirmə tədbirlərini gücləndirmək gərəkdir. Bu işdə televiziyaların da üzərinə müəyyən yük düşür. Təhsildə uğur və nailiyyətləri ilə seçilən gənclər barədə maarifləndirici verilişlər və videoçarxlar hazırlamalıdırlar. Bütün bunlar reallaşsa, şagirdləri orta məktəbə cəlb etmiş olar. Üstəgəl, valideynlər də TQDK-nın siyasətinə yönəldilmiş yoldan əl çəkərlər”.

Həmsöhbətimiz bəyan edib ki, bəzən valideynlər təqlidlə məşğul olurlar: "Hansısa qonşunun və qohumun övladı ali məktəbə qəbul olanda tez başlayırlar ki, övladlarını məktəbdən uzaqlaşdırıb, repetitor yanına qoysunlar. Bəlkə heç övladının potensialı buna çatmır. Valideyn ona baxmır. Qonşusu-qohumu hüquq fakültəsinə daxil olubsa, bunlar da çalışırlar ki, övladı həmin fakültəyə qəbul olunsun. Onun üçün də dəridən-qabıqdan çıxırlar. Amma valideyn öncə övladının potensialını nəzərə almalıdır. Uşağı məcbur etmək olmaz. Valideyn düşünmür ki, övladı sərf etdiyi zamanı hansısa peşəyə xərcləsə, onun gələcəyi üçün daha yaxşı olar. Təqlid cəmiyyətin baş bəlasına çevrilib”.

Elə direktorlar var ki, valideynlərlə təmənnalı münasibətlər qururlar

Azərbaycan Təhsil Şurasının üzvü, təhsil üzrə ekspert Əjdər Ağayev vurğulayıb ki, nazirlik həmin direktorları çox ciddi şəkildə cəzalandırmalıdır: "Bu, direktorların məsuliyyətsizliyindən irəli gəlir. İnanıram ki, aidiyyəti orqan həmin adamların cəzasını verəcək, lakin ictimai müzakirədə dayanan əsas məsələ odur ki, təhsil sistemində də məsuliyyətsizlər mövcuddur. Onlar barədə çox ciddi ölçülər götürülməlidir. İndiyə qədər kəskin ölçülər götürülmədiyinə görə, bu cür özbaşınalıqların şahidi oluruq. Elə direktorlar var ki, valideynlərlə təmənnalı münasibətlər qururlar. Ciddi ölçülər götürmək lazımdır. Bu eybəcərliklər nə vaxta qədər davam edəcək? Ciddi ölçü olmadığına görə neqativliklər ayaq tutub yeriyir”.

Müəllimin də maraqları dəyişib

Ekspertin qənaətincə, dərsə getməyən müəllimlər müəllim deyil: "Müəllimin də maraqları dəyişib. Məktəbdə vaxt itirənə qədər oturub evdə repetitorluq edir və daha çox gəlir əldə edir. Digər tərəfdən müəllim görür ki, onun qrupundakı uşaqlar repetitor yanına gedir və dərs keçməsinə ehtiyac qalmır. Ona görə də dərsə getmir. Buna da məktəb rəhbərliyi şərait yaradır. O müəllim müəllimlik hissini və vəzifəsini dərk etsə, gedib direktordan məktəblilərin dərsə gəlməsini tələb edər. Görünür, həmin adamlar bu cür hisslərdən uzaq düşüb. Aydınca görünür ki, bəzi məktəblərdə məsuliyyətsizlik hökm sürür. Göstərişlərə baxmırlar. Təhsil Nazirliyi bütün məsələlər üzrə qanunların aliliynə nəzarət edir. Müəyyən mesajlar verir. Yalnız nazirliyin nəzarəti yetərli deyil. Cəmiyyət də nəzarət etməlidir”.

Bir də görürsən ki, direktoru nöqsanı ilə bağlı işdən atmaq istəyirlər. Amma zəng gəlir ki, "ona dəyməyin, filankəsin adamıdır

Ə.Ağayevin fikrincə, nazirliyin bu faktları aşkarlayıb, ictimaiyyətə açıqlaması onun cəsarətidir: "İnsanlar qanunsuzluğa o qədər alışıblar ki, qayda-qanunu nəzərə almırlar. Ciddi nümunələr digər məktəb direktorlarına görk olmalıdır. Belə ölçülərdən sonra digəri də çanaqlarına çəkilib, işi ilə məşğul olacaq. Baxın, bir də görürsən ki, direktoru nöqsanı ilə bağlı işdən atmaq istəyirlər. Amma zəng gəlir ki, "ona dəyməyin, filankəsin adamıdır. Eybi yoxdur, səhvini düzəldər”. Aidiyyəti qurumun işinə kənardan müdaxilələr olmamalıdır. Bunlar olmasa, problemlər aradan qalxacaq. Güclü hüquqi tələblər qoyularsa, bu cür fəsadlar 1 ay ərzində qaydasına düşər”.

Ekspert bildirib ki, valideynlərin övladlarını təhsildən uzaqlaşdırması daha çox rayon və kəndlərdə baş verir: "Valideyn baxır ki, məktəbdə məktəblik qalmayıb. Uşağı onsuz da təhsil ala bilmir. 9-cu sinifdən çıxarıb, başqa işlərə cəlb edir. Beləliklə də, uşaqların məktəbdən yayınması prosesi başlanır. Dağ rayonlarında mal-qara ilə məşğul olan ailələrdə savadsız uşaqlar var. Şagirdlərin məktəblərə cəlb olunması üçün nazirlik rəsmisinin dediyi kimi, hüquq-mühafizə orqanları mühüm rol oynaya bilməz. Əsas rol ondan ibarətdir ki, bizim təhsil sistemində peşə təhsili var. Bunu valideynlərin çoxu bilmir. Onları rayon mərkəzlərinə gətirmək lazımdır. Orta ümumtəhsil məktəbdə oxumaq istəməyənlər heç olmasa gedib, peşə öyrənsinlər. Bunu da etmirlər. Hamı ali məktəb bitirməli deyil ki? Bəlkə birinin biliyi zəifdir. Onun ali təhsil alması nə vacibdir ki? Qoy, gedib peşə məktəbi qurtarıb, yaxşı motorist olsun. Gələcəkdə də ailəsinə çörək pulu aparsın. Ona ali məktəb oxutdurub, yalandan diplom almağın nə mənası var ki?”.

Əksər valideyn pulu düşünür

Ə.Ağayev diqqətə çatdırıb ki, hazırda valideynlərin maarifləndirilməsinə ehtiyac: "Əksər valideyn pulu düşünür. Övladının gələcəyini düşünmür. Uşağından işçi kimi istifadə edir. Bu məsələlər həll olunmalıdır. Təhsildəki problemlərin həllini yalnız nazirliyin üzərinə buraxmaq düzgün deyil. Cəmiyyətin özündə bir təpər olmalıdır. Valideynlər maariflənib, anlamalıdırlar ki, övladlarının gələcəyini düşünmək lazımdır. Bir sözlə, kompleks işlər aparılmalıdır”.

Ayyət Əhməd