Mental arifmetika nədir?

Valideynlər niyə həyəcanlanıb?

Cəmiyyətimiz istəsək də, istəməsək də, yeni dünyanın ağuşuna atıldıqca, problemlərimiz də artır. Çünki bu yeniliklər bəzən xeyrimizə olduğundan da qat-qat artıq zərərimizə işləyir. Ümumtəhsil məktəblərindəki kurrikulum sisteminin tətbiqi, ali və orta ixtisas məktəblərində kredit sistemi, çox ballı qiymətləndirmə təhsil sferasında nə qədər müzakirə edilirsə, azyaşlı uşaqların valideyinləri də mental arifmetik, sürətli oxuma kimi yabançı təlim metodlarının doğru olub-olmaması ətrafında baş sındırırlar. Mental arifmetika nədir? Niyə valideynlərimiz narahatdı? Doğrudanmı bu təlimə cəlb olunan uşaqlarda erkən beyin qocalması baş verir? Zəka zəifləməsi müəyyən yaşdan sonra özünü göstərir?

Bir müddət öncə Türkiyənin məşhur kanallarının biri istedadı aşılayan proqramına 3-4 yaşlı uşaqları çıxararaq bir neçə saniyə içərisində müxtəlif riyazi ədədlərin hesablanması sistemini məharətlə sərgilədi. Az keçmədi ki, bu istedad təlim metodu kimi müxtəlif təhsil ocaqlarının tədris proqramına daxil edildi. Və çox qısa bir vaxtdan sonra Türkiyənin hüdudlarını aşaraq Azərbaycan cəmiyyətinə sirayət etdi. Orta statistik hesablamaya görə, Azərbaycanda 4-12 yaş arası uşaqlardan hər 10 nəfərdən biri mental arifmetik kurs bitirib. Bəllidir ki, bu kurslar bizdə yenidir. Və həmin kursu bitirənlərin uzağı 11-12 yaşı var. Buna görə də mental arifmetik kursu bitirən uşaqların sonrakı inkişaf səviyyəsinin hansı yönümdə olması nümunəsi olmadığından valideynlərin bəziləri yeniliyin ardınca getsələr də, narahatdılar. Gəzən söhbətlərə görə, mental arifmetik kursu bitirən uşaqların gələcək zehni inkişafında ciddi problemlər yaranır. Bu doğrudurmu? Öncə mental arifmetik nədir, necə olur ki, 3-5 yaşlı bir körpə saniyələr içərisində mürəkkəb riyazi hesablamalar aparır. Bu, hansı metodla gerçəkləşir?

Araşdırmalarımızdan məlum oldu ki, mental arifmetik proqramı ilk dəfə Yaponiyada tətbiq olunub. Və hazırda Yaponiya ilə yanaşı, bir sıra öndə olan dövlətlərin, eyni zamanda Türkiyənin ümumtəhsil proqramlarında mental arifmetik təlim də tədris olunur.

Mental arifmetik proqramına başlayan şagirdlər ilk öncə abaküsleriyle (şotkayla) başlayırlar. Daha sonra zehində şotkanı əvəz edə biləcək təsəvvür yaradılır və bu təsəvür bir müddət barmaqların üzərində gerşəkləşir. Daha sonra barmaqlara da ehtiyac qalmır. Bu proqramı mənimsəyən şagirddə riyazi hesablama qabiliyyəti o qədər güclü yaranır ki, onun sürəti hesablayıcı maşınlardan öndə olur. Mütəxəssislərin fikrincə, mental arifmetik kursunu bitirən uşaqlarda yaddaş güclənir, yaradıcılıq qabiliyyəti artır və problemi dərinliyi ilə çözmək imkanı genişlənir. Bəs bu proses fizioloji cəhətdən necə gerçəkləşir? Tibb elmindən məlumdur ki, insan beyni sol və sağ yarımkürələrdən ibarətdir. Sol yarımkürə danışmaq, riyazi hesablamaq, saymaq, analiz etmək kimi funksiyaları yerinə yetirirsə, sağ yarımkürə xəyal qurmaq, ritm tutmaq, musiqini, rəngləri, məkanın aurası kimi duyğusal funksiyaları yerinə yetirir. Adətən normalda ağırlıq beynin sol yarımkürəsinə düşür. Hər iki beyin yarımkürəsi bir-biriylə tarazlı iş birliyi içərisində çalışdığı durumlarda yaxşı bir nəticə ortaya qoyulur. Professor Robert Ornesteyn beynin iki yarısının da tarazlı işləyən insanların zəka imkanlarının digərlərindən beş qat artıq olduğunu ifadə etmişdir.

Mental arifmetik proqramın həyata keçirildiyi uşaqların sağ və sol beyin yarımkürəsi bərabər şəkildə çalışır. Yəni sol payın funksiyası olaraq o eşidir, hesablayır. Sağ payın işi isə təsəvvür yaratmaq, beyində abaküstünü təsvir etmək, rəqəmləri azaltmaq və çoxaltmaqdan ibarət olur. Yəni daha çox "tənbəl” olan sağ pay aktivləşdirilir. Şübhəsiz ki, bu zaman qavrama, diqqət artır. Bəs bu, psixoloji cəhətdən bir problem yaratmır ki? 
Məsələnin çözümünü psixoloq Nuranə Səfərova belə şərh etdi.

- Yaddaş və zəka 75 faiz uşaqlarda 7 yaş arasında formalaşır. Araşdırmalar onu göstərir ki, beynin sol yarımkürəsinin işini sağ yarımkürə də görə bilər. Ancaq bu işi müəyyən yaşdan sonra etmək mümkünsüzdür. Beynin iki yarımkürəsinin birlikdə balanslı istifadə oluna biləcəyi təsdiq olunub. Məsələn, riyazi hesablanmanı sol yarımkürə etdiyi halda mental arifmetik vasitəsilə bunu beynin sağ yarımkürəsi vasitəsilə də etmək olur. Bu proqram beyni gimnastika etdirir. Riyaziyyat elmi uşaqların zehni, diqqət, hafizə, təfəkkür, yaradıcılıq qabiliyyətini inkişaf etdirmək qaydasıdır. Zehni inkişafla yanaşı, şəxsin inkişaf etməsinə də yol açır. Artıq uşaqlarda özünə inam və lider olma bacarığı da artır. Buna görə də bir çox dövlətlərdə, hətta Türkiyədə də tədris proqramına mental arifmetik proqramlar salınıb.

Ancaq məsələnin qaranlıq qalan bir tərəfi var. Apardığımız araşdırmalardan məlum oldu ki, Azərbaycanda mental arifmetik kursu keçən uşaqların eyni kursu sona qədər davam etməsi çox az rast gəlinən statistik göstəricidir. Əksər uşaqlar ya kursu yarımçıq buraxır, ya da bir neçə kursda tədrisini davam etdirir. Nə üçün? Bunun əsas səbəbi kimi tədrisin yüksək keyfiyyətlə aparılmamasıdır və tədris proqramının uzadılmasıdır. Yeri gəlmişkən qeyd edək ki, mental arifmetik kursların qiyməti digər kurslardan bahadır. Qiymətlər 150-90 manat arası dəyişir. Eləcə də keyfiyyətlər. "MenCebr” Mental Arifmetik və Hazırlıq Mərkəzinin Yağmur Tədris Mərkəzində olan şöbəsi ilə əlaqə saxladıq. Mərkəzin müəllimi Aqşin Cahangirov bildirdi ki, bu tədris prosesində qiymətin keyfiyyətə aidiyyəti yoxdur. Sadəcə olaraq bəzi kurslar bu işdən biznes məqsədilə istifadə edirlər. Tələb olunan bütün qaydaları şagirdlərə ya öyrətmir, ya da öyrədə bilmirlər. Çünki həmin təlimçilərin çoxu çətin işləmlərdə özləri aciz qalır. Görüntü yaratmaq üçün sadə toplama və çıxma qaydalarını ilkin mərhələdə tədris edirlər. İşin mürəkkəb qismi isə yarımçıq buraxılır. Üstəlik, uşaqların vəsaitlə təminatı, ev tapşırıqlarının verilməsi işində səhnənkarlığa yol verirlər. "MenCebr” şirkəti olaraq biz digər kurslardan fərqli olaraq hər şagirdə və valideynə saytımıza girməsi üçün şifrə veririk. Bu şifrə ilə şagirdlərimiz saytımıza girərək ev tapşırıqlarını edir, dərsdə keçirilən mövzuları burda təkrar edirlər. Üstəlik, valideyn də övladının nəyi doğru, nəyi düzgün etdiyini asanlıqla yoxlaya bilir.

Bundan əlavə, Aqşin bəy qeyd etdi ki, mental arifmetik proqramını tədris etmək düşündüyü kimi o qədər də asan deyil. Bunun üçün mütəmadi kurslarda, seminarlarda olmaq gərəkdir. Azərbaycanda bu işlə bəzən təsadüfi adamlar məşğul olur. Ona görə də nəticə o qədər də uğurlu olmur. Həftədə iki saat müddətində keçirilən dərs yetərli deyil. Gərək şagird gün ərzində minimum yarım saat evdə də məşğul olsun. Bu isə əksər kurslarda problem kimi qalmaqdadı. Çünki onların nə saytı, nə də dərs vəsaiti yoxdu. Uşaqlarını bu kursa yazdıran valideynlər bu detallara diqqət yetirsələr, problem olmaz.