Xanım bu uşaqdan nigaran getdi

“Onu hər gün ağlaya-ağlaya dərsə aparıram, ağlaya-ağlaya da gətirirəm”
"Həyətdə oynadığı yerdə qəfil içəri girib oturur, başlayır başına-başına vurmağa ki, “mən istəyirəm anam gəlsin”



Əməkdar artist Xanım Qafarovanın vaxtsız ölümü təkcə teatr aləmini deyil, onu sevənlərin də qəlbini dağlatdı. Aktrisanın son illər xəstəliyi ilə apardığı mübarizə, bütün bunlara baxmayaraq, balaca qızı üçün çalışmaq məcburiyyətində qalması da bir çoxlarının yaddaşında qalıb.

Xanım Qafarova dünyasını dəyişdi. Amma bu itki daha çox onun hələ həyatı başa düşməyən, hətta anasının ölümündən xəbərsiz olan qızının həyatına ağır zərbə oldu. Adətən deyirlər ki, ölənlə ölmək olmur. Elədir. Gedən bir daha qayıtmır. Çünki Xanım Qafarovanın getdiyi yolun qayıdışı yoxdur. O öz haqq dünyasına köçdü. Amma gözü bu dünyada qaldı. Narahat ruhu ilə bu həyata gözünü yumdu. Onun yolunu hələ illərlə gözləyəcək balaca qızı Gövhərə görə narahat idi.

Xanım bilirdi ki, bu dünyaya göz yumduqdan sonra onun balaca Gövhəri sahibsiz qalacaq. Balaca Gövhəri Xanım Qafarovanın ölümündən sonra nənəsi Gövhər (red - Xanım Qafarova anası Gövhər xanımın adını qızına qoymuşdu).

Aktrisanın ölümündən artıq xeyli vaxt keçib. Qafarova qızının məktəbə ilk gedişini, əlinə çanta alacağı günü çox gözləsə də, bütün bunları görmək ona nəsib olmadı. Ölümündən sonra aktrisanın qızı məktəbə, birinci sinfə getməyə başladı. Əslində həqiqətən ağırdı. Hamının əlindən məktəbə tutub anası, atası apararkən balaca Gövhər ilk müəllimi ilə tanışlığını da anasından ayrı yaşadı, məktəbə ilk qədəmlərini də anasız atdı. Həqiqətən bir qızın həyatı da anasının ölümündən sonra əslində həm də dağılmış oldu. Deyirlər yetimə gəl-gəl deyən çox olur, çörək verən az. Əslində çox müdrik bir kəlamdır. Həqiqətən Xanımın ölümündən sonra "onun qızına kömək ediləcək” deyə mətbuat da çox yazdı.

Bu gün Xanım Qafarovanın kiçik qızı, qoca anası ilə maraqlanan varmı? O yaşlı qadının hansı şəraitdə nəvəsini məktəbə göndərdiyi, onun dərsləri ilə necə məşğul olması, yeyib-içməyə ərzaq tapıb-tapmaması isə çox təəssüf ki, yavaş-yavaş heç kimi maraqlandırmır. Yaşlı bir nənənin yanında böyüyən Gövhərin ehtiyacları, çətinlikləri ilə bu gün maraqlanan varmı?

Aktrisanın qızının sonrakı taleyi kimlərisə narahat etməyə başladımı?

Təbii ki, bir, ya da iki insandan başqa bu gün heç kim Xanım Qafarovanın kiçik qızı, ömrünün yarısından çoxunu yaşayan yaşlı anası ilə maraqlanmır.

Aktrisa dünyasını dəyişən gün o qapıya gedənlər də oldu. Ailəyə kömək edəcəyini vəd edənlər də. İsti-isti üzr qapısını döyənlər çox olur. Amma 40-dan sonra mərhum aktrisanın qapısını döyən olmayıb. Onun kiçik yaşlı uşağına himayə duran da tapılmayıb. Deməli, bütün verilən vədlər də sadəcə o zaman üçün səslənən pafoslu kəlmələrin söz yığını idi.
"Təbii ki, istisnalar var” deyəndə, bu fikri elə-belə diqqətə çatdırmadıq.

Müğənni Xatirə İslamın bu günlərdə Xanım Qafarovanın qızına sahib çıxacağı, o ailəyə yardım göstərəcəyini bildirməsi bir daha bəzi insanların yaddaşını təzələməyə başladı. Nə yaxşı ki, Xatirə İslam Qafarovanın ruhunu yad etdi, nə yaxşı ki, Xanımın qızını yada saldı.

Əslində çox təqdirəyaliq bir addıma imza atdı Xatirə İslam. Müğənni bəyan etdi ki, nə qədər imkanı var, Xanım Qafarovanın qızına, yaşlı anasına kömək edəcək, onlara maddi yardım göstərəcək.

Xanım Qafarovanın anası ilə söhbətimiz zamanı Gövhər xanım bunları bildirdi: 

"Anasının ölümü ona çox təsir edib. Anasının öldüyünü bilmir hələ də. Amma gözü də onu axtarır. Hələ dərk etmir deyə, mən də ona nə deyəcəyimi bilmirəm. İnandırım sizi ki, bu aylarda ayda bir gün olmayıb ki, balaca Gövhər məni ağlatmasın. Hər gün "ana səni göylərdə görür”, "anan dedi, nənəni incitmə, dərsini oxu” kimi sözləri deyirəm. Demişəm ki, ikinci-üçüncü sinifdə aparıb sənə ananın yerini göstərəcəm, onda biləcəksən. Gah mənə inanır, gah da inanmır. Bir də görürsən, gedib başqalarından da soruşur. Deyirəm ki, oxu, instituta gir, haçansa anan gələcək... Həyətdə oynadığı yerdə qəfil içəri girib oturur, başlayır başına-başına vurmağa ki, "mən istəyirəm anam gəlsin”. Beləcə onu ağlaya-ağlaya dərsə aparıram, ağlaya-ağlaya da gətirirəm. Mən özüm 160 manat təqaüd alıram. Dolanırıq, ac-susuz qalmırıq”.

Gövhər nənənin yeganə nigarançılığı nəvəsinin gələcəyi ilə bağlıdır. Hətta buna görə deputatla əlaqə saxladıqlarını da dedi: "Mənim üçün çox çətindir. Söz verdilər, indi narazı deyiləm, qarşılarında baş əyirəm. Xanıma etdiklərinə görə. Ehsanını verdilər, qəbrini düzəltdilər. Amma mən onun ehsanını halva-çörəklə verərdim, məni qınamazdılar. Mənim oğlum, ərim yoxdur. Nəvəm isə canlı insandır da, qalıb. Elə bil ki, həyatın burulğanındadır. Mən uşaqlarımın hamısını oxutdurmuşam, nəvələrimi də həmçinin. Ancaq artıq yaşlanmışam, Gövhərin dərsləri ilə məşğul ola bilmirəm. Savad olmasa, Gövhər həyatda ayaq üstə dura bilməz. Hər təsirin altına düşər. Mən bu gün varam, sabah yox.

Nəvəm elə qızımın oxuduğu məktəbdə oxuyur. İndi mən aparıb-gətirirəm. Ayaqlarım dolaşa-dolaşa aparıb, ağlaya-ağlaya gətirirəm. 76 yaşında qadınam. Hərdən aparıb-gətirməyə çətinlik çəkirəm. İstəyim odur ki, nəvəm oxusun, ayaq üstə dursun. Özünü müdafiə edə bilsin. Amma onlar dedilər ki, məktəbin servisi var, gəlib aparacağıq, saat 5-6-da da gətirəcəyik. Hər şey hazır. Mən də paltarını yuyardım, yeməyini bişirərdim. Çünki artıq getməyə-gəlməyə gücüm çatmır axı. Xanım bu uşaqdan çox nigaran getdi. Tanımadığımız, kənar adamların yuxusuna gəlib deyir ki, bu qədər əziyyət çəkdim, balam qaldı ortalıqda. Başqa nə deyim ki, qızım. Özüm də xəstə adamam. Sabah başımı yerə qoysam, bu uşaq ortalıqda qalacaq. Onsuz da bu uşağın taleyinə bədbəxtlik yazıldı. Anasız uşağın həyatı necə olar? Mən nə qədər çalışsam da, ona anasını əvəz edə bilmirəm. Bircə balamın yadigarını oxutmağa, onun həyatını qurmağına imkan yaratsınlar. Başqa istəyim yoxdu”.

Tahirə