Çöhrəqanlı istəsə, qurultaya qiyabi qatıla bilər

Sabir Rüstəmxanlı GAMOH lideri ilə bağlı daha heç yerə müraciət etmək niyyətində deyil



Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri, Dünya Azərbaycanlıları Konqresinin (DAK) Məşvərət Məclisinin sədri Mahmudəli Çöhrəqanlı Bakıya gəlməklə bağlı ümidini itirib. Bu barədə Çöhrənqalının özü məlumat verib.

GAMOH lideri bildirib ki, viza problemi ilə bağlı Azərbaycanın ABŞ-dakı səfirliyinə müraciət etsə də, onun məsələsinə baxılmayıb: "Görünür, bizə Bütöv Azərbaycanın şimal hissəsini görmək mümkün olmayacaq”. O, DAK-ın Türkiyədə keçiriləcək qurultayında iştirak etməyəcəyini də bəyan edib. Çöhrəqanlı bunu Türkiyənin hakim partiyasının mövqeyi ilə əlaqələndirib: "Türkiyədə nə qədər ki, AKP hakimiyyətdədir, mənim ora getməyim də problem olacaq”. Məlumat üçün bildirək ki, Çöhrəqanlı 2013-cü ilin avqust ayında Bakıya gəlsə də, viza problemi səbəbi ilə geri qaytarılıb.

GAMOH liderinin Azərbaycana və ya Türkiyəyə gəlmə məsələsinə münasibət bildirən Dünya Azərbaycanlıları Konqresinin həmsədri, millət vəkili Sabir Rüstəmxanlı Çöhrəqanlının qurultaya qiyabi qatıla biləcəyini deyib: "Çöhrəqanlı ilə münasibətlərimiz davam edir, bir-birimizlə əlaqə saxlayırıq. Əlbəttə, onun DAK-ın qurultayında iştirak etməsi yaxşı olardı. Amma gəlməməsi də problem deyil. Yəni imkan olarsa gələr, olmazsa da, qurultaya qiyabi qatılar”.

S.Rüstəmxanlı DAK təmsilçisinin qurultaya qatılması ilə bağlı yenidən müraciət etməyi düşünmədiyini bildirib: "Artıq Çöhrəqanlı ilə bağlı müraciət etmək niyyətim yoxdur. Əgər özü istəyərsə, Türkiyə və ya Azərbaycanın hökumət dairələrinə müraciət edə bilər. Bilirsiz, dövlətlərarası münasibətlər var. Ona görə də, biz müəyyən məsələləri nəzərə almalıyıq”.

"İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri zamanı bu məsələ müzakirə olunacaqmı” sualına isə millət vəkili belə cavab verib: "Bizim ora əlimiz çatmır. Amma çox güman ki, bu məsələ müzakirə mövzusu olmayacaq”.

İsmayıl