İran və Türkiyənin Qarabağ danışıqlarında vasitəçiliyi mümkün deyil

“Bu ideyanın reallaşması üçün danışıqların formatı dəyişməli və tərkibinə yeni üzvlər cəlb olunmalıdır”




Rusiyanın İctimai Palatasının üzvü, politoloq Maksim Şevçenkonun açıqlamasına görə, Ermənistanın Gömrük İttifaqına daxil olması Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında böyük rola malik ola bilər.

Rus politoloq bildirib ki, tərəflər münaqişənin həll edilməsi yolunda nailiyyət əldə etməsələr də, yayda baş verən atışmalardan sonra danışıqların davam etdirilməsinin özü də uğurdur. O həmçinin qeyd edib ki, əslində Ermənistanın Gömrük İttifaqına qəbul edilməsi Azərbaycan üçün də sərfəlidir. Maksim Şevçenkonun fikrincə, bununla Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi sürətlənə bilər: "Bundan başqa, bu, Azərbaycanın tranzit yollarının da qısalmasına imkan yaradacaq. Bu, indi uzaq gələcək olaraq görünsə də, irəliləyişin əldə olunmasında böyük addım olardı”.

Politoloq Dağlıq Qarabağ münaqişəsinin Avropa və ABŞ-ın köməyilə həll edilməyəcəyinə əminliyini də bildirib. Onun fikrincə, Qərb Cənubi Qafqazda təsir nöqtəsinin olması üçün münaqişənin həllinin uzadılmasında maraqlıdır. Bununla belə, ekspert Qarabağ münaqişəsinin İran və Türkiyənin iştirakı olmadan həll etməyin çətin olacağını da deyib.

Politoloq Qabil Hüseynli isə hesab edir ki, praktiki cəhətdən İran və Türkiyənin danışıqlar prosesinə qoşulması çətindir. "Çünki İran Minsk Qrupunun üzvü deyil. Bu ideyanın reallaşması üçün danışıqların formatı dəyişməli və tərkibinə yeni üzvlər cəlb olunmalıdır. Əks təqdirdə, İranın həmsədrlər qrupuna daxil olması mümkün deyil. Amma Türkiyə variantı daha ağlabatandır. Türkiyə Minsk Qrupunun üzvü olduğu üçün asanlıqla həmsədrlər qrupuna daxil etmək olar. Bunun üçün də həmsədrlər qrupunu 3 ölkəlik formatdan 5 ölkəlik formata keçirmək olar”.

Dağlıq Qarabağ savaşına Rusiyanın müsəlman-xristian davası kimi baxdığını vurğulayan politoloqun sözlərinə görə, xristianlar heç vaxt müsəlman-xristian davasına obyektiv münasibət sərgiləyib həll edə bilməzlər. Bu səbəbdən də mütləq həmsədrlər qrupuna ən böyük müsəlman dövlətlərindən biri daxil edilməlidir. Türkiyə isə ən məqbul dövlətdir.

İranın danışıqlara qoşulmasının nə dərəcədə əhəmiyyətli olduğuna gəldikdə isə Q.Hüseynli deyib ki, İran nə nala, nə də mıxa vurur: "İranın Dağlıq Qarabağla bağlı mövqeyində hər hansı dəyişiklik olacağına inanmıram. İran heç vaxt Azərbaycanla bağlı ədalətli mövqe sərgiləməz”.

İndiki situasiyada Türkiyənin həmsədrlər qrupuna üzv olmasına gəldikdə isə politoloq deyib ki, təcavüzə məruz qalan tərəf olaraq, Azərbaycanın istədiyi dövləti ATƏT-in Minsk Qrupunun tərkibində görmək haqqı var: "Minsk Qrupunda 11 dövlət təmsil olunur. Həmsədrliyin 3 dövlətdən yaranması təklif edilərkən mövqeyi belə idi ki, Türkiyə həmsədr dövlət olsun. Qarşı tərəfin etirazına görə isə bu reallaşmadı. Lakin Azərbaycanın hazırda da Türkiyənin Minsk Qrupunda iştirakı ilə bağlı mövqeyi var. Amma bu, son nəticədə konsepsiya əsasında qəbul edilir. İndiki halda həm də Avropa İttifaqı ilə bağlı yanaşmalar mövcuddur. Ancaq onlar hələlik söz səviyyəsindədir. Real addımlar atılmayıb. Əslində, bu gün danışıqlar prosesi demək olar ki, dayanıb. Belə olan təqdirdə, həmsədrlər ona nail olmaq istəyirlər ki, danışıqlar bərpa olunsun. Bərpa olmasa, müharibə variantı aktuallaşa bilir. O da həmsədrlərin maraqlarına ziddir. Azərbaycanın da dəyişməyən mövqeyi odur ki, danışıqlar belə davam edərsə, proseslər hərbi müstəviyə keçə bilər. Əgər bu, baş verərsə, bütün məsuliyyət Ermənistanın, ona himayədarlıq edənlərin və əsasən də Minsk Qrupunun üzərinə düşəcək”.

Politoloqun fikrincə, biz Türkiyəni bu statusda istəsək, yenə də Ermənistan bunun əleyhinə çıxacaq: "Konkret şərtləri olacaq ki, onların da qəbul edilməsi mümkün deyil. Amma bu gün Ermənistan hakimiyyəti bir gərginlik keçirməkdədir. Bu, onunla bağlıdır ki, ABŞ-ın dövlət katibi Con Kerri seçildikdən sonra Ermənistan iqtidarı və lobbisi şadyanalıq keçirirdilər. Ancaq Con Kerrinin Türkiyə ilə bağlı verdiyi bəyanatları, Türkiyənin Qarabağa və Kipr münaqişəsinin həllində xüsusi rola malik olması ilə bağlı yanaşmaları bu gün Ermənistanda çox narahatçılıqla qəbul olunur. Bu, onu təsdiqləyir ki, bu gün ABŞ Türkiyəyə regionda müttəfiq kimi baxır. ABŞ-ın və xüsusilə özlərinki hesab etdikləri Con Kerrinin belə bir mövqedən çıxış etməsi Ermənistanı narahat etməyə bilməz. Bu gün Con Kerri ilə Əhməd Davudoğlu arasında çox sıx işgüzar münasibətlər formalaşıb ki, ermənini narahat edən də bunların işgüzar münasibətlərinin dostluq münasibətlərinə çevrilə bilməsidir. Nəticədə proseslər Ermənistanın maraqlarının ziddinə cərəyan edə bilər. Həm də ondan narahatdırlar ki, ABŞ həmsədrlər institutunda Türkiyəni də görə bilər. Türkiyənin həmsədr olması üçün bir ölkə də Ermənistan təklif etməlidir. Bəlkə o zaman Ermənistan Türkiyənin həmsədr olmasına etiraz etməsin”.

Şəymən