Ekspertlər həyəcan təbili çalır

Azərbaycan rus rublundan imtina etmək haqqında ciddi düşünməlidir



Rusiyada milli valyutanın dəyərsizləşməsi prosesini nəzərə alan iqtisadçı-ekspert Qubad İbadoğlu Azərbaycan Dövlət Neft Fondunda rus rublu ilə saxlanılan 400 milyon dollar valyutanın sıfırlanmasını təklif edib. Bununla bağlı şəxsi "facebook” səhifəsində status paylaşan iqtisadçı bildirib ki, rus rublunun dəyərdən düşməsi birbaşa Dövlət Neft Fondunun aktivlərinin dəyərsizləşməsinə təsir göstərir.

Q.İbadoğlunun sözlərinə görə, dünya bazarında neftin qiymətinin düşməsi də diqqətə alınmalıdır: "Dünya bazarında neftin qiymətinin ucuzlaşdığı indiki həssas zamanda Fondun bilərəkdən itkilərə getməsi ziyanı biz az da artıracaq”.

Təklifə münasibət bildirən İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev də vurğulayıb ki, rus rublunun dəyəri həm avroya, həm də dollara nisbətən xeyli aşağı düşüb: "Rusiyanı gözləyən iqtisadi sanksiyalar bu prosesin davam edəcəyini və rublun yaxın günlərdə daha sürətlə dəyərdən düşəcəyini göstərir. Bu baxımdan Azərbaycan öz valyuta ehtiyatlarını bu cür kəskin dəyər düşməsindən sığortalamaq, hətta ümumiyyətlə bunun qarşısını almaq üçün rublu əvəzləməlidir. Yəni məqsədəuyğun olanı budur. Amma söhbət təkcə rus rublundan getmir. Məlumdur ki, Rusiyanın müəyyən maliyyə dairələri Dövlət Neft Fondunun səhmlərini alıb. Onların saxlanılmasının nə dərəcədə məqsədəuyğun olduğunu yoxlamaq üçün də həmin təşkilatların səhmlərinə yenidən baxılmalıdır”.

A.Mehdiyev deyib ki, dünya bazarında neftin qiymətinin ucuzlaşması da rublun dəyərdən düşməsini sürətləndirən prosesdir: "Rusiyanı bir tərəfdən sanksiyalar zəiflədirsə, digər tərəfdən neftin qiymətinin aşağı düşməsi gəlirlərin əsas mənbəyi olan neft dollarlarından ölkəni məhrum edir. Nəzərə alsaq ki, Azərbaycan üçün də neftin qiyməti çox önəmlidir və qiymətin aşağı düşməsi ölkəyə valyuta gəlirlərinin azalmasına gətirib çıxara bilər, onda Azərbaycan rus rublundan imtina etmək haqqında ciddi düşünməlidir. Ən azından beynəlxalq valyuta ehtiyatlarında rus rubluna yenidən baxmalıdır”.

İsmayıl