Gürcüstan Azərbaycanla sərhəddə 5 sərhəd sektoru tikəcək

Ekspertlər isə hesab edir ki, qonşu ölkə atacağı addımları əvvəlcədən ölçüb-biçməlidir



Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin sözlərinə görə, noyabrın sonunda Gürcüstan Azərbaycanla sərhəddə beş sərhəd sektorunun tikintisinə başlayacaq. O həmçinin bildirib ki, uyğun sərhəd infrastruktur tikintisi də planlaşdırılır. Baş nazir bildirib ki, sərhəd sektorları tikintisi Avropa Birliyinin "Şərq Əməkdaşlığı” proqramı çərçivəsində Azərbaycan və Gürcüstan arasında aparılacaq:

"Həmçinin Türkiyə ilə sərhəd infrastrukturu bərpa ediləcək. Gürcüstan hökuməti sərhəd infrastrukturunun qurulması üçün maksimum səy ortaya qoyur”. Gürcüstanın Avropa Birliyi ilə Assosiativ anlaşma imzaladığını deyən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycanın bu anlaşmaya imza atmadığını da vurğulayıb: "Görünür, qonşu ölkələrlə ticarət əlaqələrində Avropa Gürcüstana müəyyən şərtlər qoyub. O da "Şərq əməkdaşlığı”nın tələblərinə uyğun Azərbaycanla sərhəddə sərhəd sektorlarının tikintisini planlaşdırır. Amma nəzərə almalıyıq ki, Gürcüstan Azərbaycana sadəcə qonşu ölkə deyil, həm də yaxın tərəfdaşdır. Azərbaycanın Gürcüstanda külli miqdarda yatırımları var. Odur ki, Gürcüstan hökuməti "Şərq tərəfdaşlığı”nın tələblərinə əməl edərkən strateji tərəfdaşı olan Azərbaycanın da maraqlarını nəzərə almalıdır. Onlar elə addımlar atmalıdırlar ki, bu, Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirməsin. Gürcüstan hökumətinin Azərbaycanın maraqlarını nəzərə almadan, kor-koranə şəkildə Avropa Birliyinin müvafiq şərtlərini yerinə yetirməsi iki ölkə arasındakı münasibətlərdə müəyyən problemlər yarada bilər”. Politoloqun sözlərinə görə, Gürcüstan Azərbaycanla sərhəddə beş sərhəd sektoru tikəcəyi halda nəzarət indikindən kifayət qədər artıq olacaq. Bu da ki, istər-istəməz Gürcüstanla Azərbaycan arasındakı ticarət əlaqəsinə, viza məsələsinə təsirsiz ötüşməyəcək. Odur ki, Gürcüstan atacağı addımları əvvəlcədən ölçüb-biçməlidir: "Amma ortada bir fakt da var ki, hazırda Gürcüstanda daxili vəziyyət heç də ürəkaçan deyil. Baş nazirlə prezident və digər nazirlər arasında qovğa var. Ola bilsin, Qaribaşvili özünü ruspərəst yox, qərbpərəst göstərmək üçün bu cür addımlar atır. Hər halda Gürcüstanın daxili siyasətindən irəli gələrək atılsa belə, Gürcüstan Azərbaycanla strateji tərəfdaş olduğunu və Azərbaycanın Gürcüstana milyonlarla investisiya qoyduğunu unutmamalıdır”.

Şəymən