Rusiya islam ordusu yaradır?

Dumanın deputatları maraqlı təklif irəli sürüblər



Rusiya Dövlət Dumasının deputatları maraqlı təkliflə çıxış ediblər. Deputatlar RF Silahlı Qüvvələrinin strukturunda "müsəlman legion”un formalaşmasını təklif ediblər. Bu təklifin Fransanın Müdafiə Nazirliyinin formalaşdırdığı bənzər sistemə uyğun formada həyata keçirilməsi nəzərdə tutulub. Deputatlar RF Müdafiə Nazirliyinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) bənzər təkliflə müraciət edib.

Parlamentarilərin fikrincə, xarici vətəndaşlardan ibarət bir qoşun birləşməsi yaratmaq Orta Asiyada sabitliyin təminatçısı olacaq. Bu isə Rusiyanı radikal islamçı qruplaşmalardan qorumağa imkan verəcək.

Əsasını Özbəkistan və Tacikistan vətəndaşlarının təşkil etdiyi legionda qulluq edəcək əcnəbilərlə müqavilə bağlayacaqlar. Bu müqavilə müqabilində xarici vətəndaşlara müəyyən məbləğdə pul ödəniləcək. Onlar 6 il hərbi xidmətdən sonra isə Rusiya vətəndaşlığı ala biləcəklər.

Politoloq Sülhəddin Əkbər isə hesab edir ki, Kremlin yeritdiyi xarici siyasət nəticəsində Rusiyada vəziyyət xoşagəlməz bir hal alıb. Həm də bu durum təkcə iqtisadi-sosial sahəyə deyil, eyni zamanda hərbi və təhlükəsizliklə bağlı da müəyyən narahatlıqlar yaradıb. Bu səbəbdən də rusiyalı siyasilərdən bu cür ekstrovaqand təkliflər tez-tez səslənir: "Rusiyada demoqrafik problem olduğu üçün orduya çağırışla bağlı da müəyyən çətinliklər yaşanmaqdadır. Doğrudur, müqavilə əsasında Rusiya Silahlı Qüvvələrində xidmət edən əcnəbilər var. Amma qanunda öz əksini tapmasa da, görünür, buna elə də güclü maraq yoxdur. Bu mənada Rusiyada yaradılacaq islam ordusunun da hansısa ciddi nəticələr verəcəyini güman eləmirəm. Xüsusən də, Rusiyanın zəifləməyə doğru getdiyi, sanksiyaların məngənəsində sıxıldığı və gələcəkdə daha da sıxılacağı proqnozlaşdırılan bir vaxtda belə bir ordu özünü doğrultmayacaq”. Rusiyanın özündə "islam terrorizmi”nin çox ciddi qəbul olunduğunu vurğulayan politoloqun sözlərinə görə, bununla bağlı onlarda çox böyük bir qorxu var: "Bunun da səbəbi bir neçə il bundan əvvəl 2014-cü ildən sonra ABŞ qoşunlarının Əfqanıstandan çıxdıqdan sonra Orta Asiyada islam təhlükəsinin artacağı ilə bağlı məlumatların yayılmasıdır. Rusiya siyasiləri bunu özləri üçün potensial təhdid hesab etdikləri üçün də tez-tez bu cür təkliflər verir, təhlükədən çıxış yolu axtarırlar. Amma Rusiyanın Orta Asiyada sabitliyin təminatçısı olaraq, xarici vətəndaşlardan ibarət bir qoşun birləşməsi yaratmaq ideyasının ciddi çıxış yolu olduğunu mən düşünmürəm”.

Müqavilə müqabilində xarici vətəndaşlara müəyyən məbləğdə pul ödənilməsi və onların 6 il hərbi xidmətdən sonra isə Rusiya vətəndaşlığı ala bilməsinə gəldikdə isə S.Əkbər sözügedən qaydaların Rusiyada bu gün də olduğunu bildirib. Onun sözlərinə görə, bütün bunlara rəğmən hazırda Rusiya Silahlı Qüvvələrində kontraktla qulluq edən hərbiçilərin sayı heç 300 nəfər də deyil: "Bu da deməyə əsas verir ki, RF Silahlı Qüvvələrinin strukturunda formalaşdırılması təklif edilən "müsəlman legion”una elə də maraq olmayacaq. Bu gün hətta rus kökənli vətəndaşların özləri belə ölkədə yaranmış vəziyyətdən narazı olduqları, kapitallarını, övladlarını Rusiyadan çıxardıqları bir vaxtda kiminsə, bunu çox maraqlı bir təklif kimi görüb, özünü Rusiyadan ötrü ölümə atacağını, hətta bu cür insanların sayının çox olacağını düşünmürəm”.

Politoloq onu da deyib ki, "islam terrorizmi”ndən qorunmaq üçün Rusiyanın Silahlı Qüvvələri də, təhlükəsizlik xidmətləri də var. Bunun üçün müsəlmanlardan ibarət yeni ordu, "müsəlman legion”u formalaşdırmağa ehtiyac yoxdu: "Əslində, bu, sadəcə təxribatçı və avantürist bir təklifdir”.

Şəymən