Əlbəttə, hamı bir yerdə namaz qılmalıdır

Sünni-şiə ayrı-seçkiliyi terrorçuların düşüncələridir




"Məscidi təriqətlərə bölmək olmaz. Zamanında sünni və şiələr eyni məsciddə namaz qılıblar. Azərbaycanda heç vaxt sünni və şiələr arasında qarşıdurma olmayıb”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mətbuata müsahibəsində deyib. O bildirib ki, namaza yığışan adamların məscidi ayırması qəbuledilməzdir. Azərbaycanın tolerant ölkə olduğunu vurğulayan qurum rəhbəri bildirib ki, kim harada istəyir namazını qıla bilər: "Məscidləri hansısa dini təriqətlərə bölməyin axırı cəmiyyəti parçalanmağa gətirib çıxara bilər. Bu cür təhlükəli təşviqatın nəticələri göz qabağındadır”.

Sünni-şiə məsələsinin həssas mövzu olduğunu deyən Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli bildirib ki, Azərbaycan dövlətinin və dindar kəsimin bütövlüyünün qorunması üçün məscidlərdə ayrıseçkiliyə qətiyyən yol verilməməlidir: "Ta qədimdən Azərbaycanda məzhəblər və təriqətlərarası münasibətlər dünyanın heç bir ölkəsində olmayacaq qədər yüksək səviyyədə olub. Təəssüflər olsun ki, bu tolerantlıq artıq dövlətimizin başağrısına çevrilməkdədir. Amma təxribatçı dairələrin "səylərinə” baxmayaraq, sünni-şiə qarşıdurmasının ölkəmizdə geniş vüsət alacağını düşünmürəm. Məscidlərlə bağlı da Azərbaycan dindarları arasında ayrıseçkilik olmayıb. Yəni bu sünni, o biri şiə məscididir deyə müsəlmanlar ibadət yerləri seçməyiblər. Sünni və şiə məscidlərini ayırmaq cəhdi ölkəmizə gələn yad ünsürlərin "fərasətidir”. Təəssüflər olsun ki, zaman-zaman "qardaş” deyə-deyə bizi içəridən bölməyə çalışıblar. "İslam cəfakeşi” adıyla ortaya çıxan təkfirçilərin özlərini sünni kimi qələmə verməsi isə inanclı insanlarımız tərəfindən fərqli qarşılanıb və bu səbəbdən anlaşılmazlıq yaranıb”.

S.C.Əzimbəyli bəyan edib ki, ötən gün "Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi ilə Qarabağ Seyidlər Ocağının birgə tədbiri keçirilib və orada sünni-şiə vəhdəti ən gözəl şəkildə tərənnüm olunub: "Tədbirdə Türkiyə səfirliyinin müşaviri və "Göy Məscid”in sünni imamı da iştirak edirdi. Orada "Quran” oxundu və İmam Hüseynin (ə) əzadarlığı üçün hamı bir-birinə başsağlığı verdi. Bu birlik qorunmalıdır. Amma bunun üçün dövlətin əməli fəaliyyəti ilə bərabər vahid din konsepsiyasının hazırlanmasına da ciddi zərurət var. İraqda, Suriyada yaşanan proseslərə nəzər saldıqda görürük ki, sünni-şiə ayrıseçkiliyini körükləyən fikirlərin hamısı din adına iddia edən istismarçı terrorçuların təxribatçı düşüncələridir. Azərbaycanda həmin düşüncəni daşıyan yüzlərlə insanın olduğunu unutmamalıyıq. Məzhəb ayrılığını önləmək üçün fasiləsiz maarifləndirmə aparmalı və ayrıseçkilik edən şəxslərin zərərsizləşdirilməsi üçün dövlətə dəstək olmalıyıq”.

"Məşədi Dadaş” məscidinin axundu, ilahiyyatçı Hacı Şahin Həsənli də bildirib ki, məscidlərin sünni-şiə məzhəblərinə görə bölünməsi dinimizin əleyhinədir: "Məscidlər Allahın evidir. İstənilən məzhəb nümayəndəsi sərbəst şəkildə ibadətini yerinə yetirməlidir. Müsəlmanlar vəhdət halında olmalıdır. Məkkədə Həcc ziyarəti zamanı ümumi camaat namazı qılınır. Bu zaman sünni və şiə məzhəbinə mənsub insanlar ayrıca namaz qıla bilməzlər, çünki haramdır. Şəriətin hökmünə əsasən orada camaatla, yəni birgə namaz qılmaq vacibdir”.

İsmayıl