“Müsavatda fraksiyanın yaradılmasına heç kim əngəl ola bilməz”

Tural Abbaslı: “Burada Rəsulzadə ideologiyasına zidd heç nə yoxdur”



"Müsavat Partiyasının qərarları ilə razılaşmayan və nizamnaməni pozan insanların növbədənkənar qurultay üçün imza toplamaq cəhdləri sözdən başqa bir şey deyil”.

Bunu Müsavat başqanının müavini Gülağa Aslanlı deyib. Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu və tərəfdarlarının növbədənkənar qurultayın keçirilməsi və fraksiya yaradılması təkliflərinin dəyərləndirilməsi məqsədilə İşçi Qrupu yaratmasına münasibət bildirən G.Aslanlı bildirib ki, Müsavat Partiyasının daxilində fraksiya yaradılması nizamnaməyə və Məhəmməd Əmin Rəsulzadə ideologiyasına ziddir: "Bəzi şəxslər siyasi partiyanın nizamnaməsi ilə ölkə qanunlarının fərqini anlamaqda çətinlik çəkirlər. Ona görə də bildirirlər ki, guya, qanunla qadağan olunmayan şeylərə icazə verilir və bunu siyasi partiyanın nizamnaməsinə də tətbiq etmək olar. Məncə, bu, yanlış fikirdir. Ümid edirəm ki, fraksiya yaratmaq istəyən insanlar bunun yanlış olduğunu dərk edib, iddialarından əl çəkəcəklər. Yox əgər fraksiya yaradılacaqsa, partiya rəhbərliyi bu addımın qarşısını alacaq. Çünki partiyada hər iş qanuna uyğun olmalıdır”.

G.Aslanlının açıqlamasına münasibət bildirən Müsavat funksioneri Tural Abbaslı isə deyib ki, fraksiyanın yaradılmasına heç kim əngəl ola bilməz. Çünki nizamnamədə fraksiya yaradılmasına qadağa yoxdur: "Dünya hüquq praktikasında da qəbul olunmuş bir münasibət var ki, qanunla qadağan olunmamış hər şeyə icazə var. Odur ki, müsavatçıların birləşmə və bir araya gəlmək hüququnu heç kim məhdudlaşdıra bilməz. Burada yeni və qeyri-adi nəsə yaradılmır ki, bunu nizamnamə pozuntusu kimi qələmə verək. Bugünkü rəhbərliyin fəaliyyətini bəyənməyən müsavatçılar partiya daxilində bir araya gəlir və eyni mövqedən çıxış edirlər. Buna partiya daxilində demokratik münasibətləri qorumaq üçün yaradılacaq daxili müxalifət də demək olar. Yəni fraksiya sırf texniki və təşkilati məsələdir, nəinki ideologiya. Burada M.Rəsulzadə ideologiyasına zidd nəsə ola bilməz. Onda bu yanaşma ilə yanaşsaq, partiyada nizamnamədə nəzərdə tutulmayan İcra Aparatını və onun fəaliyyətini də Müsavatın ideologiyasına zidd hesab etməliyik”.

İsmayıl