“Fraksiya ola bilər, ancaq parçalanma olmayacaq”

Novella Cəfəroğlu: “Müəyyən müddətdən sonra hamı bir-biri ilə dil tapacaq”




Müsavat Partiyası daxilindəki vəziyyət son günlər daha kəskin xarakter alıb. Arif Hacılının qurultayda başqan "seçilməsi”ndən sonra şiddətlənən ziddiyyət təşkilatdakı siyasi böhranı bir qədər də dərinləşdirib. Ona görə də qurumdan ayrılmalar adi hala çevrilib. Başqanlıq seçkilərinin saxtalaşdırılmasına etiraz edən sədrliyə keçmiş namizəd Qubad İbadoğlunun rəhbərlik etdiyi qruplaşmanın üzvləri bir-bir istefa verməkdədir.

Məlum olduğu kimi, bir müddət öncə "Müsavat” gənclər təşkilatının sədri və 9 üzvünün istefasının ardından partiyanın Tovuz rayon təşkilatı bütövlükdə istefaya gedib. Bundan əlavə, başqanlığa keçmiş namizəd Səxavət Əlisoy və Q.İbadoğlunun tərəfdarı kimi tanınan Adil Qeybulla "Siyasi Dialoq və İslahatlar Mərkəzi” adlı yeni qurum yaradıb. Və bununla da hazırkı rəhbərə qarşı təzə cəbhə formalaşdırdıqları mesajını veriblər. Hələlik son olaraq Nəsib Nəsiblinin istefa verməsi partiyada parçalanma meyillərinin kəskinləşdiyini göstərir. Bununla yanaşı, sədrliyə digər namizəd - Tural Abbaslının tərəfdarlarının Q.İbadoğlunun tərəfdarları ilə birlikdə yeni fraksiya yaratmaq istəyi isə durumun olduqca ağır olduğunu üzə çıxaran növbəti faktdır. Təbii ki, bu cür "mərkəzdənqaçma” meyilləri qurum daxilindəki ziddiyyətləri, eləcə də İsa Qəmbərin planı əsasında başqan "seçilmiş” A.Hacılıya qarşı yeni və daha mütəşəkkil cəbhənin formalaşdırılması cəhdlərini ifadə edir.

Daxili çaxnaşmanın partiyaya gətirəcəyi fəsadlar barədə "Şərq”ə müsahibə verən Müsavat Partiyasının üzvü Novella Cəfəroğlu qeyd edib ki, təşkilatda ciddi qarşıdurmalar yaşansa da, parçalanmaların şahidi olunmayacağıq: "Quruma cəm olanların hamısı Müsavatçıdır. O partiya ölmüş sayıla bilər ki, orda fikir ayrılıqları olmasın. Hansısa təşkilatda yalnız bir şəxsin diktəsi ilə oturub-dururlarsa, orda plüralizmdən söhbət belə gedə bilməz. Müsavat demokratiya və ya demokratik sferaya nail olmaq uğrunda mübarizə aparan təşkilatdır. Partiyada heç bir parçalanma olmayacaq. Düzdü, indi müəyyən konfrantasiyalar mövcuddur. Müəyyən müddətdən sonra kökü üzdə olan konfliktlər aradan qalxacaq. Hamı bir-biri ilə dil tapacaq”.

- Təşkilatda baş verən qopmalar qurumun zəifləyəcəyi ehtimalını gücləndirir. Doğrudanmı təşkilat getdikcə zəifləyib, sıradan çıxa bilər?

- Müsavat Məhəmməd Əmin Rəsulzadə və başqa dahilərin formalaşdırdığı təşkilatdır. Bu partiyaya gələnlər həmişə Müsavat ideyasını əsas tutublar. Bu baxımdan düşünürəm ki, qurumdakı ayrılmalar təşkilatın böhran yaşaması anlamına gəlməli deyil.

- Təşkilat daxilində ziddiyyətlər başlanandan belə bir iddialar hökm sürür ki, Müsavat ideologiya deyil, ayrı-ayrı şəxslər ətrafında birləşmiş təşkilatdır. Sizcə, bu, doğru yanaşmadırmı?

- Kökündən yanlışdır. Təşkilatda fikir ayrılıqlarının olması normal haldır. Hazırda aralarında qarşıdurma yaşanan partiya yetkililərinin hər biri ideoloji baxımdan eyni düşüncədə olan insanlardı. Müsavatda olan hər kəs onun yaşamasını və daha da güclənməsini istəyir.

- Onda niyə bu cür iddialar ortaya atılır?

- Əfsuslar olsun ki, hələ də demokratiya və anarxiyanı qarışdıranlar var. Q.İbadoğlu və digər keçmiş namizədlər hazırkı başqana qarşı olan fikirlərini açıq şəkildə çatdıra bilirlərsə, deməli, təşkilatda yetərli demokratik mühit yaradılıb. Görün, təşkilatda söz azadlığı və demokratiya hansı səviyyədədir ki, onlar çəkinmədən sözlərini deyə bilirlər. Bu, ayrı-ayrı şəxslər ətrafında qurulmuş təşkilat olsaydı, indi heç kim hazırkı başqana qarşı etiraz edə bilməzdi. Aydın şəkildə fikir söyləmək isə anarxiya ilə qarışdırılmalı deyil. Bunlar sadəcə fikir mübadilələridir. Çox demokratik və müstəqil fikirlər səsləndirilir. Təşkilatda mərkəzdənqaçma hallarının olmasını anarxiya kimi dəyərləndirmək olar. 2-3 nəfər istefa veribsə, bunu parçalanma adlandırmaq olmaz.

- Q.İbadoğlu belə bir mesajla çıxış edib ki, A.Hacılının qarşısında qoyduğu şərtlər qəbul olunmazsa, yeni başqana qarşı fraksiya yaradılacaq. Bu, mümkün haldırmı?

- Mümkündür. Amma parçalanma olmayacaq.

- Məlumdur ki, gələn il ölkədə parlament seçkiləri baş tutacaq. Müsavatda isə ciddi konfrantasiyalar ağalıq edir. Bu vəziyyət təşkilatın parlament seçkilərində aktiv iştirakına əngəl yarada bilərmi?

- Seçkidən əvvəl məsələlər yoluna qoyulacaq. Təşkilat marafona çox güclü və fəal şəkildə qatılacaq.

Ayyət Əhməd