İctimaiyyət və media birlikdə hərəkət etməlidir

Reket nəşrlərin sayında 80 faiz azalma var



Son illər reket qəzetlərə qarşı Mətbuat Şurasının "Reket jurnalistika”ya qarşı Mübarizə Komissiyası aktiv fəaliyyət göstərir. Hətta komissiya bu yaxınlarda növbəti 3 mətbu nəşrin adını "qara siyahı”ya salıb.

Mətbuat Şurasının sədr müavini Umut Mirzəyev Komissiyanın fəaliyyəti barədə "Şərq”ə danışarkən bildirib ki, MŞ bu istiqamətdə fəaliyyətə başladığı dövrdən kifayət qədər işlər görülüb: "Nə qədər ələ-ayağa dolaşan qeydiyyata alınmış mətbu orqanlar dırnaqarası fəaliyyətə başlamışdılar. Onların özünəməxsus bir fəaliyyəti var idi. Bəzi mətbu nəşrlər jurnalistlik fəaliyyəti məqsədi ilə qeydiyyatdan keçməmişdilər, sadəcə, niyyətləri yüngülvari qazanc əldə etmək idi. MŞ bunlara qarşı tədbir gördükdən sonra reket mətbu nəşrlərin sayında 70-80 faizə qədər azalmalar müşahidə olunub və belə cəhdlərin qarşısı alınıb”.

U.Mirzəyevin qənaətincə, bununla belə hələ bu sahədə çox görüləsi işlər var: "Reket jurnalistlərə qarşı mübarizədə ictimaiyyət və mətbuat nümayəndələri birlikdə hərəkət etməlidirlər. Onlar bilgilənməli və kifayət qədər məlumatlı olmalıdırlar ki, aldanmasınlar. Buna görə də bəzi mətbu orqan rəhbərləri MŞ-yə dəvət olunurlar, onlarla maarifləndirmə və izahat etmə işləri aparılır”.

Vüqar