Xaricdəki qadınlarımız...

Təzəgül Dadaşovanın qatilini tapmaq 13 il çəkdi
Əgər qətlə yetirilmiş həmin zavallı qadın qeydiyyata alınmış olsaydı, onun barəsində məlumat toplamaq daha asan olacaqdı və bu cinayət işinin açılması da bu qədər uzun illər çəkməyəcəkdi




Türkiyədə kəsilmiş başı dənizə atılan azərbaycanlı qadının faciəsi yad ölkələrdə xoşbəxtlik arayanlara ibrət olmalıdır. Artıq məlum olduğu kimi, azərbaycanlı Təzəgül Dadaşova 13 il əvvəl İstanbulda qeyri-rəsmi yaşadığı Türkiyə vətəndaşı tərəfindən qəddarlıqla qətlə yetirilib, başı dənizə, qolları və bədəni isə əl arabasının içində küçəyə atılıb. Əl arabasının içində cəsəd qalıqları haqda polisə yerli sakinlər xəbər veriblər. Bir qədər sonra isə polisə dəniz sahilindən qadın başı tapılması haqda məlumat daxil olub.

Xəbər verildiyi kimi, cinayətin açılması 13 il çəkib. Müxtəlif istintaq hərəkətləri, həmçinin DNT testi nəticəsində başın, qol və bədənin eyni şəxsə mənsubluğu müəyyən edilib və öldürülən qadının da Azərbaycan vətəndaşı olduğu bilinib. Diqqətçəkən məqam həm də bundan ibarətdir ki, qətlə yetirilmiş qadının oğlu, anasının itkin düşməsi ilə bağlı Türkiyə polisinə müraciət edib, lakin o zaman qadını tapmaq mümkün olmayıb. Türkiyə polisi yalnız 13 il sonra qətlin izinə düşüb və qadının qeyri-rəsmi nikahda yaşadığı kişini şübhəli şəxs qismində saxlayıb.

Görəsən, Türkiyədə, eləcə də digər xarici ölkələrdə hələ neçə belə qadınımız var ki, real təhlükə altındadırlar, həyatları hansısa manyakdan asılı vəziyyətdədir?

Müdhiş qətl hadisəsi ilə bağlı fikirlərini "Şərq”lə bölüşən "Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd etdi ki, qadınların bu kimi ağır durumlara düşməsinin, çıxılmaz vəziyyətlərdə qalmalarının əsas səbəbi getdikləri ölkədə qeyri-leqal yaşamalarıdır:

- Miqrasiya qaydalarına əsasən hər bir şəxs ayaq basdığı ölkədə 3 gün müddətində qeydiyyata düşməlidir. Söhbət, əlbəttə işləməyə gedənlərdən və yaxud uzun müddətli qalmaq qərarı verənlərdən gedir. Yəni, hər bir insan xarici ölkəyə nə məqsədlə getdiyini bilir və addımlarını da buna müvafiq atır və ya atmalıdır. Bir çox hallarda istər polisin, asayiş keşikçilərinin, istərsə də, ümumiyyətlə, dövlət orqanlarının işini çətinləşdirən məhz miqrantların qeydiyyata düşməməsi olur. Məsələn, əgər qətlə yetirilmiş həmin zavallı qadın qeydiyyata alınmış olsaydı, onun barəsində məlumat toplamaq daha asan olacaqdı və bu cinayət işinin açılması da bu qədər uzun illər çəkməyəcəkdi. Həmçinin, qadın qeyri-rəsmi nikaha daxil olmağa razılıq verməsəydi, tanımadığı bir insanla həyatını paylaşmasaydı, başına bu fəlakət də gəlməyəcəkdi. Qadınlarımızın həyatını hər addımda təhdid edən faktor bir-iki gün ərzində tanış olduqları adamlarla eyni dam altında yaşamağa razı olmalarıdır. Qadınlarımız rəsmi nikaha daxil olmadıqlarından vətəndaş nikahında yaşadıqları insan barəsində heç bir məlumat əldə edə bilmirlər. Bəlkə də bilmədən hansısa cinayətkarla, qanundan yayınan, həbsxana həyatı keçmiş və ya pozğun, əxlaqsız bir adamla qeyri-rəsmi nikaha daxil olurlar. Amma əgər qadınlarımız evliliyə ciddi yanaşsalar, onlara birgə yaşayış təklif edən adamdan rəsmi nikaha daxil olsalar, həmin şəxs barəsində dolğun məlumat əldə edərlər. Məlum məsələdir ki, qadınlarımızın əksəriyyəti qazanc ardınca xarici ölkələrə üz tutur. Və onlar kiminsə önünə şərt qoya da bilmirlər. Dəvətlə getməyiblər ki, rəsmi nikah tələb etsinlər. Belə bir tələbə kim məhəl qoyacaq? Qadınlarımız ehtiyac üzündən tanımadıqları, yaxud da yenicə tanış olduqları, ya da tanış edildikləri adamlarla vətəndaş nikahında yaşamağa başlayırlar. Həmin şəxsə də bu sərf edir, çünki heç bir məsuliyyət daşımır, heç bir öhdəliyi də olmur. Başqa məqsədlər üçün gedənlər, bilə-bilə bu yolu seçənlər, yüngül həyat ardınca qaçanlarla yanaşı, məlumatsızlıq ucbatından, bilmədən insan alverçilərinin toruna düşənlər də az deyil. Eləcə də sırf iqtisadi çətinliklər üzündən, ailəsini, balalarını dolandırmaq üçün qonşu ölkələrə, xarici dövlətlərə gedənlər də var. Bu qadınların səhvi ondadır ki, miqrasiya qaydalarına uyğun qeydiyyata düşmürlər. Beləcə, həm insan alveri faktı, həm cinsi istismar, həm də əməyin istismarı, zorakılıq, işgəncə halları baş verir. Amma qadınlar məlumatsızdır ki, hətta vətəndaşlığı olmayan şəxslərə də hüquqi yardımlar göstərilir, onlar da sosial layihələrə cəlb oluna bilər. Türkiyə Avropa Şurasının "Məişət zorakılığına qarşı” Konvensiyaya qoşulub. Bu Konvensiya kimliyindən asılı olmayaraq bütün qadınların hüquqlarının qorunmasını təmin edir. Amma bizim qadınlar təbii ki, belə məsələlərdən məlumatsızdırlar və ehtiyat edirlər ki, polisə müraciət etsələr, onları ölkələrinə deportasiya edəcəklər. Bu qorxu qadınlarımızı polisə müraciət etməkdən çəkindirir. Qeyri-leqal yaşayırlar, ona görə.

M.Zeynalova qeyd etdi ki, son illər ərzində Azərbaycan qadınlarının xarici ölkələrə miqrasiyasında artım müşahidə edilmir. Eləcə də insan alveri sahəsində Azərbaycan qadınları ilə bağlı göstəricilərdə artım yoxdur:

- Əcnəbi vətəndaşlarla nikaha daxilolma faktları da son illər artmayıb. Xarici ölkələrə üz tutanlar daha çox iqtisadi maraqlara söykənirlər.

Məlahət Rzayeva