Akademik Prezidentin bu diqqətini yüksək qiymətləndirir: “Xalqı dinləyir, problemləri yerində həll edir”





Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 7-də Şamaxıda zəlzələdən zərərçəkmiş ailələr üçün tikilən yeni evlərlə tanış olublar. 

Prezident İlham Əliyev və Birinci vitse –prezident əvvəlcə Şamaxı şəhərinin Salman Mümtaz küçəsində Rasim Həsənovun yeni tikilmiş evinə baş çəkiblər. Çay süfrəsi arxasında ailə üzvləri ilə söhbət ediblər. Sonra dövlətimizin başçısı və birinci xanım şəhərin Teymur Əliyarbəyov küçəsində Elmira Həsənovanın və Səttar Bəhlulzadə küçəsində Vüqar Teyfurovun ailələri üçün tikilən yeni evlərdə yaradılan şəraitə diqqət yetiriblər. Ev sahibləri ilə söhbət ediblər. Xatırladaq ki, ötən gün cənab Prezident Ağsu rayonuna səfər edib və zəlzələdən zərər çəkmiş ailələr üçün qurulan infrasturktura baxış keçirib.

Ölkə başçısının səfərlərinə münasibət bildirən millət vəkili, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli "Sherg.az”a söyləyib ki, ölkə başçısı İlham Əliyev regionların inkişafı proqramının idea rəhbəridir:

"Cənab Prezident həmin proqramların həyata keçməsinə birbaşa özü rəhbərlik edir. Ölkə başçısının bu siyasəti rayonlarla paytaxt Bakı arasındakı fərqi aradan qaldırır, regionların inkişafına böyük təkan verir. Cənab Prezident rayonlara səfər edərək xalqı dinləyir, problemləri yerində həll edir, dövlət sərəncamı ilə vəsait ayrırır. 

Ölkə başçısı və ölkənin birinci xanımı bu gün Şamaxıya səfər edib, əhalinin problemləri ilə maraqlanıb, onlarla birbaşa ünsiyyətdə olublar. Eyni zamanda ötən gün cənab Prezident Ağsuya da səfər edib. Bütün bu addımlar regionların inkişafını sürətləndirir. 

Rayonların inkişafını aydın şəkildə görə bilirik. Hazırda regionlarda güclü inkişaf gedir. Həmçinin mütəmadi olaraq cənab Prezident ölkə əhalisi ilə görüşür, onların dərdini dinləyir. 

Bütün bunlar da xalqda ölkə başçısına etimad yaradır. Azərbaycan xalqının cənab Prezidentə böyük sevgisi, məhəbbəti, etimadı var. Ölkə başçısı hər zaman xalqa çox böyük həssaslıqla qayğı, diqqət göstərir. Fikrimcə, bu, yalnız Azərbaycan Prezidentinə xas olan böyük fəaliyyətdir və bir ziyalı kimi bunu çox yüksək qiymətləndirirəm”.

Kənan Eynuroğlu