“Dünya Bankının Azərbaycanla bağlı müsbət rəyi islahatların nəticəsidir” – Deputat

Azərbaycan Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının növbəti "Doing Business” hesabatında biznesin aparılmasının asanlığı reytinqində ilk onluğa daxil ola bilər. Bu bu barədə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon deyib. O qeyd edib ki, "Doing Business-2019: Treninqlər və islahatlar” reytinqində Azərbaycan "Biznesin başlaması” indikatorunda islahatçı ölkələrin ilk onluğunda qərarlaşıb: "Azərbaycanın mövqeyi ildən-ilə yaxşılaşır və mən ümid edirəm ki, bu tendensiya davam edəcək”. M.Tembon daha sonra qeyd edib ki, Dünya Bankı Azərbaycanın uğurları ilə fəxr edir: "Biz Prezident İlham Əliyevin keçirdiyi iqtisadi və sosial islahatları dəstəkləyirik. Bu islahatlar insanların həyat keyfiyyətinin yaxşılaşmasına və yoxsulluq səviyyəsinin azaldılmasına yönəlib”. O əlavə edib ki, Dünya Bankı Azərbaycanla müxtəlif istiqamətlərdə əməkdaşlıq edir.
"DOİNG BUSİNESS” direktorunun fikirlərinə münasibət bildirən millət vəkili Tahir Mirkişili "Sherg.az”a söyləyib ki, sağlam özəl sektor olmadan iqtisadiyyat inkişaf edə bilməz. Onun sözlərinə görə, özəl sektor inkişaf etdikcə, yeni iş yerləri yaranır, ölkə daxilində xərclənən və investisiya qoyula biləcək gəlir yaranır: 
"İqtisadi cəhətdən inkişafa diqqət yetirən hər bir ölkə kiçik və orta sahibkarlıq subyektlərinin inkişafına təsir edə biləcək qanunların qəbul olunmasına və tənzimləmələrin tətbiqinə xüsusi diqqət yetirir. Səmərəli biznes tənzimləmələri mikro və kiçik sahibkarlara böyümək, innovativ fəaliyyət göstərmək və qeyri-qanuni fəaliyyətdən qanuni fəaliyyətə keçmək üçün imkan və stimul yaradır. Qanuni fəaliyyətlə məşğul olmaq asanlaşdıqca, qeyri-qanuni fəaliyyət göstərmək çətinləşir və ya əksinə”.
Baxın, Dünya Bankının dərc etdiyi "Doing Business 2019” hesabatı 190 ölkədə sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı olan qanunverici aktların və onların tətbiq olunmasını obyektiv qiymətləndiməyə imkan verir.
"Hesabat 11 indikator üzrə ölkələri təhlil etsə də, reytinq cədvəlində 10 indikatorun (əmək bazarının tənzimlənməsi indikatoru istisna olmaqla) göstəricilərindən istifadə olunur.
Bundan başqa "Doing Business 2018” hesabatında 57-ci yerdə qərarlaşan Azərbaycan "Doing Business 2019” hesabatında 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşıb. 
Qeyd etmək lazımdı ki, Azərbaycan hesabat indikatorları üzrə göstəricilərini ən çox yaxşılaşdıran dünyanın 10 ölkəsindən biri olub. Bu TOP 10 ölkələr əsasən biznesə başlama, kredit əldə etmək və vergi ödəmək sahələrində 62 islahat həyata keçiriblər. Bundan əlavə, Azərbaycan hesabatın 10 indikatorundan 8-də islahatlar həyata keçirərək öz mövqelərini yaxşılaşdırmış və islahatların sayında görə dünyada 1-ci olub. 
Hazırda isə "Doing Business” hesabatında Azərbaycanın 25-ci yerdən 10 -cu yerə qədər irəliləməsi məsələsi gündəmə gətirilir. Əlbəttə, bu, çox sevindirici xəbərdir və bunun alt qatında görülən əməli işlər və aparılan islahatlar dayanır. Yəni bu açıqlama təsadüfi deyil. Çünki Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi və institutsional islahatlar ölkəmizdə sahibkarlıq mühitini getdikcə daha əlverişli etməkdədir. 
Dünya Bankının apardığı təhlillərin nəticələri bunu bir daha göstərir. İslahatların dərinləşməsı və əhatəliliyinin artması ölkəmizdə biznes mühitini daha da inkişaf etdirməklə əhalini rifah halının daha da yaxşılaşmasına imkan yaradacaq”.
Ayyət Əhməd