Ermənilərin kiber hücumu gözləniləndir

Osman Gündüz deyir ki, Azərbaycan informasiya təhlükəsizliyi modelini yenidən işləməlidir




Azərbaycanlı hakerlər Ermənistan Mərkəzi Bankının saytını sındırıblar. Kiberhücum nəticəsində hakerlərimiz bankın onlayn lisenziyalar təqdim edən bölməsini ələ keçirərək oradan 2,5 geqobayt həcmində fayl və materiallar götürüblər.

Bunun sübutu olaraq hakerlər internetdə Ermənistan Mərkəzi Bankının sədri Artur Cavadyanın bir neçə bank kartının surətini yerləşdiriblər. Bütün bu hadisələrdən sonra əks-hücum olunması da istisna deyil. Çünki cavab olaraq hər an ölkəmizin müvafiq strukturlarının saytlarına və informasiya bazalarına haker hücumları edilə bilər.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün fikrincə, belə məsələlərdə ehtiyatlı olmaq lazımdır: "Kiber aləmində hücumun haradan gəldiyini təyin etmək çox çətindir. Çünki başqa bir qruplar hücum təşkil edib Azərbaycan adı ilə izlər qoya bilərlər. Həm də ermənilər adımızdan pis məqsədlə istifadə etmək üçün belə məqamlardan sui-istifadə edə bilərlər. Yəni özlərinin problemlərini Azərbaycan tərəfinin üzərinə atmaq istəyirlər”.

O.Gündüz qloballaşan dünyada gedən proseslərin həqiqi və virtual aləmə təsirindən də danışıb: "Bunların fonunda Azərbaycan inkişaf edir. Belə olan halda ölkəmizə maraqlar artır. Yəni Azərbaycanla bağlı maraqlar da bizi istəyən və istəməyənlər istiqamətində iki yerə ayrılmaqla artır. Bizi sevməyənlərin həm realda, həm də virtualda hücumlarını müşahidə edirik. Əvvəllər kiber hücumlar həvəskar formada təşkil olunurdu. İndi bu hücumlar peşəkar haker və maliyyə qrupları, hətta xarici ölkələrin maliyyələ şdirdiyi kiber qrupları tərəfindən edilir”.

O.Gündüz hesab edir ki, ölkəmiz belə hücum və əks-hücumlara hazır olmalıdır: "Bunun üçün Azərbaycan informasiya təhlükəsizlik sisteminin dayanıqlığını təmin etməlidir. Düzdür, bu sahədə ölkəmizdə son illər ciddi addımlar atılıb. Dövlət və özəl sektorda informasiya təhlükəsizliyinə cavab verən qurumlar yaradılıb. Məsələn, Xüsusi Dövlət Mühafizə Xidməti yanında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibində Elektron Təhlükəsizliyi Mərkəzi fəaliyyət göstərir. Lakin aidiyyəti qurumlar tərəfindən görülən işləri yetərli hesab etməzdim”.

Ekspert təklif edir ki, Azərbaycan dünyada gedən proseslərə bir daha nəzər salaraq Azərbaycanın informasiya təhlükəsizliyi modelini yenidən işləməlidir: "Bununla bağlı dövlət məmurlarının çıxışlarını görürük. Yeri gəlmişkən, bu yaxınlarda Prezident Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov çıxışı zamanı Azərbaycanda İnformasiya Təhlükəsizliyi üzrə yeni konsepsiyanın yaradılmalı olduğunu bildirib. Bəli, belə bir konsepsiyanın hazırlanmasına ehtiyac var. Çünki ölkəmizə qarşı artan təhdidlər və onların mahiyyəti artıb. Ona görə də Azərbaycan bu məsələyə yeni konseptual yanaşma sərgiləsə düzgün olardı”.

Vüqar Şahinoğlu