Ümid qaldı Hacıbalaya...

Liftin içində adam qalıbsa, bu, FHN-in səlahiyyətində deyil

"Şərq” qəzetinin ötən sayında dərc olunmuş "Liftdə sakin qaldı, FHN çağırışdan imtina etdi” başlıqlı yazıya Fövqəladə Hallar Nazirliyindən cavab verilib. FHN mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov "Şərq”ə açıqlamasında məsələyə bu şəkildə aydınlıq gətirib:

- FHN səlahiyyət dairəsinə aid olmayan çağırışları aidiyyəti üzrə yönləndirir. Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 84 saylı binada liftin xarab olması və bir sakinin liftdə qalması ilə bağlı FHN-in 112 xidmətinə həqiqətən çağırış olub. Lakin FHN liftdə qalmış adamları çıxarmaq fəaliyyəti ilə məşğul olmadığından bu çağırışı aidiyyəti üzrə Bakı şəhər İcra Hakimiyyətinə yönləndirib. Çağırışın BŞİH-nə yönləndirilməsinə səbəbsə göstərilən ünvandakı yaşayış binasının Dövlət Komissiyası tərəfindən təhvil alınmamasıdır. Əgər təhvil alınmış bina olsaydı, bu işlə Lift İdarəsi məşğul olacaqdı. Məlum olduğu kimi həmin yaşayış binası kooperativdir. Bu halda liftlərin işi ilə bağlı məsuliyyət də kommunal məsələlərə cavabdeh olan kooperativ idarəsinin üzərindədir. Binanın sakinləri kommunal xidmətlərə, o cümlədən lift xidmətinə görə də aylıq ödəniş edirlər. Ödəniş hansı quruma edilirsə, qəzaları da onlar aradan qaldırmalıdır, sakinlərin təhlükəsizliyini təmin etməlidirlər.

"Bəs, FHN hansı hallarda köməyə gəlir” sualımıza cavabında isə O.Bayramov bildirdi ki, qəbul olunmuş yeni qaydalara əsasən FHN yalnız qəza vəziyyətlərində hadisə yerinə gedir:

- Doğrudur, əvvəllər FHN xilasediciləri liftdə kimsə qalanda, onu çıxarmağa gedirdilər. Ancaq yeni qərara əsasən FHN əməkdaşları yalnız fövqəladə qəzalar baş verdikdə - yanğın zamanı, yaxud vətəndaşlar mənzildə köməksiz qaldıqda, digər fövqəladə hallarda hadisə yerinə gedir. Hətta bizi üzük qadının barmağından çıxmayanda, açar sınıb qapının kilidində qalanda da çağırırlar. Halbuki bu kimi hallarda digər sahələrin mütəxəssisləri çağırılmalıdır, FHN yox. FHN liftlə bağlı o zaman çağırışa gedər ki, liftdə qəza baş versin, tros qırılsın, lift şaxtaya düşmüş olsun və liftin içində kimsə qalmış olsun. Lift xarab olub, içində adam qalıbsa, bu, FHN-in səlahiyyətinə aid məsələ deyil artıq. FHN "112” xidməti bütün müraciətləri qəbul edir, amma çağırışlar araşdırıldıqda, onun FHN səlahiyyətinə aid olub-olmadığı müəyyənləşir, buna uyğun olaraq da çağırışlar aidiyyəti üzrə yönləndirilir.

Mətbuat xidmətinin rəhbəri təhvil alınmamış binalarda məskunlaşma aparılmasına da münasibət bildirdi:

- Bu məsələ Nazirlər Kabinetinin səlahiyyətindədir. Baş nazirin müavini Abid Şərifov da bir müddət öncə bildirmişdi ki, paytaxtdakı təhvil alınmamış binalarla bağlı iş aparılır. Yəqin ki, yaxın zamanda məsələ həllini tapar.

Məlahət Rzayeva

P.S.

Bundan sonra kimsə, Allah göstərməsin, liftdə qalsa, FHN-ə zəng etməsinlər.