"Cənab Prezidentin sadə vətəndaşların problemləri ilə yaxından tanış olması heç də təsadüfi deyil”.
Bunu "Sherg.az”a açıqlamasında siyasi şərhçi, tanınmış jurnalist Azər Həsrət deyib.
Ekspert bildirib ki, Prezident zəlzələdən əziyyət çəkənlərin evlərinin tikintisi ilə bağlı aparılan işi yerində görmək bir ay ərzində ikinci dəfə əraziyə səfər edir:
"Dövlət başçısı hər zaman öz çıxışlarında və bəyanatlarında qeyd edib ki, "mən hər bir azərbaycanlının prezidentiyəm və istənilən vətəndaşın dərdi, problemi mənim şəxsi problemimdir”. Ölkə rəhbəri rayonlara gedən zaman sakinlərlə görüşür, camaatla ünsiyyətdə olur. Əlbəttə ki, bu, çox yaxşı haldır.
Prezidentin məsələlərə nə qədər diqqətlə yanaşdığının göstəricisidir. Lakin burada bir məqam da var. Əslində cənab Prezidentin gərgin iş qrafikindən əlavə olaraq, üstəlik bu cür məsələlərlə də məşğul olması mənə elə gəlir ki, heç də hər zaman yaxşı hal kimi qəbul edilər bilməz. Əfsuslar olsun ki, Azərbaycanda bəzi məmurlar verilən tapşırığı düzgün, vaxtlı-vaxtında yerinə yetirmirlər. İslahatların həyata keçirilməsində ürəklə iştirak etmirlər. Nəticədə cənab Prezident şəxsən özü hər cür problemlərlə məşğul olmaq məcburiyyətində qalır. Məmurlar da artıq daha vicdanlı davranmalıdırlar. Dövlət başçısının bu cür həssaslığından özləri üçün örnək götürməlidirlər”.
A.Həsrətin sözlərinə görə, əgər ölkə rəhbəri bu qədər həssasdırsa, aşağıdakı məmurlar ondan qat-qat həssas davranmalıdır:
"Məmurlar arasında hər şeyi qulaqardına vuranlar az deyil. Bu səbəbdən cənab Prezident şəxsən özü xalqın içində olur, əhali ilə ünsiyyət qurur. İnsanların problemləri ilə bağlı onların öz dilindən məlumat əldə edir ki, reallıqları vaxtında dəyərləndirsin və müvafiq addımlar atsın. Yaxşı olar ki, bu vaxta qədər "xaltura” ilə məşğul olmuş məmurlar heç olmazsa bundan sonra bir qədər vicdanlı işləsinlər. Hər məsələ ilə birbaşa Prezidentin məşğul olması üçün boşluqlar buraxmasınlar. Əgər məmurlar öz işlərini layiqli şəkildə görə bilsəydi, dövlət başçısı daha vacib məsələlər varkən bu tipli problemlərlə məşğul olmaq məcburiyyətində qalmazdı”.
Analitik vurğulayıb ki, ümumilikdə Prezident İlham Əliyev xalqla iç-içə olur, yaxın münasibət saxlayır. Hətta şikayətləri belə şəxsən özü qəbul edir:
"Bu da təsadüfi deyil, çünki cənab Prezidentə ünvanlanan müraciətlərin böyük əksəriyyəti ona çatdırılmır, vaxtında məlumat verilmir. İcra başçıları yerlərdə "zəhmətkeş məktubları” təşkil edərək hər şeyin "əla” olduğunu iddia edilər. Halbuki bir çox bölgələrdə xeyli sayda problemlər öz həllini gözləyir.
Hansıki həmin problemləri yerli icra hakimiyyətləri asanlıqla həll edə bilərlər. Sadəcə olaraq, yetərincə vicdanlı davranmırlar. Vətəndaş da məcburiyyət qarşısında qalaraq dövlət başçısına müraciət edir. Ancaq təəssüflər olsun ki, həmin şikayətlər də bəzən ünvana çatmır”.
İsmayıl