Ermənistanın hərbi sistemi tamamilə Rusiyanın əlindədir

“Düşmən ölkənin öz resursları yoxdur, ona görə də Moskvanın ətəyindən yapışıb”



Noyabrın 11-də Moskvada görüşən Ermənistan və Rusiya müdafiə nazirləri 2015-ci il üçün əməkdaşlıq planını təsdiqləyiblər. Əsas razılaşmalardan biri isə gələn il mayın 9-da Yerevanda hərbi paradın keçirilməsi olub.

Nazirlər Rusiyanın 102-ci hərbi hissəsinin şəxsi heyəti və hərbi texnikasının Yerevanda təşkil olunacaq 9 may paradında iştirakına dair razılığa gəliblər. Görüşdə Ermənistan Silahlı Qüvvələrinin 244 hərbi qulluqçusunun Rusiya Müdafiə Nazirliyinə məxsus hərbi məktəblərdə pulsuz oxuması məsələsi də müzakirə mövzusu olub. Müdafiə nazirlərinin müzakirə etdikləri məsələlər və imzaladıqları sənədlər hər nə qədər iki ölkə arasında "hərbi əməkdaşlıq və birgə güc

göstəricisi” kimi qələmə verilsə də, paradla bağlı əldə olunmuş razılaşma vassal Yerevanın Moskvadan nə dərəcədə asılı olduğunu bir daha sübut edir. Məsələni dəyərləndirən Milli Məclis Aparatının Analitik informasiya şöbəsinin müdiri, politoloq Aydın Ağayev deyib ki, hər bir ölkənin inkişafı və gücünün birinci şərti iqtisadiyyatdır. İqtisadiyyat inkişaf etdikcə, digər sahələrdə müsbət dəyişikliklər olur. Əgər ölkədə iqtisadiyyat yoxdursa və ya hansısa ölkədən asılı vəziyyətdədirsə, həmin dövlətin tərəqqisindən söhbət gedə bilməz: "Hərbi inkişaf, güclü ordu da iqtisadi imkanların hesabına başa gəlir. Asılı iqtisadiyyatın isə asılı ordusu olur. Dəfələrlə şahidi olmuşuq ki, Ermənistan öz "gücünü” rus hərbi texnikalarının köməyi ilə göstərməyə çalışıb. Əvvəllər bunu sadəcə biz deyirdiksə, indi bütün dünya həqiqəti görür və deyir. Rusiyanın özündə də etiraf edirlər ki, Ermənistanın hərb sahəsi tamamilə Moskvanın əlindədir. Çünki düşmən ölkənin öz resursları yoxdur. Ona görə də Rusiyanın ətəyindən yapışıb. Rusiya da öz siyasi maraqları üçün Ermənistandan istifadə edir. Belə vəziyyətdə müstəqil və güclü "erməni ordusundan” danışmaq olmaz. Ermənistanda nə qədər silah-sursat varsa, hamısı Rusiyanındır. Onları hansı şərtlərlə alıblarsa, o da bizə məlumdur”.

Millət vəkili Sahib Alıyev birgə parad təklifinin erməni tərəfindən verildiyinə şübhə etmir: "Ötən dəfə keçirdikləri hərbi paradla bizimkinin arasında fərqi görəndən sonra bir neçə ay özlərinə gələ bilmirdilər. İndi bu yolla göstərməyə çalışacaqlar ki, baxın, Rusiyanın 102-ci bazası da elə bizimki kimi bir şeydir. Reallıq isə göstərmək istədiklərinin tam tərsidir. Yəni baza onların deyil, onlar bazanındır. Elə forpost olmalarının kökündə də ilk növbədə 102-ci baza durur”.

İsmayıl