Putin Obama ilə münasibətləri yaxşılaşdırmağa çalışır

Lakin Böyük problemləri qısa müddətdə müzakirə etmək mümkün deyil



Rusiya prezidenti Vladimir Putinlə Amerika dövlət başçısı Barak Obama Asiya-Sakit okean İqtisadi Əməkdaşlığının Çində baş tutan zirvə toplantısında görüşüblər.

Görüş ayaqüstə baş tutub. Dövlət başçılarının ikitərəfli münasibətlər, Ukrayna, Suriya və İraqdakı vəziyyət barədə məsələlərə toxunduqları bildirilir. Prezidentlərin söhbəti barədə məlumatı təsdiqləyən Putinin Mətbuat xidmətinin rəhbəri Dmitri Peskov qeyd edib ki, ikitərəfli görüşlə bağlı hələlik məlumat yoxdur.

Ölkə başçılarının qısamüddətli görüşünü şərh edən politoloq Natiq Miri "Şərq”ə açıqlamasında söyləyib ki, belə görüşlərdə tərəflər arasındakı münasibətləri tənzimləmək üçün istifadə olunur: "Növbəti görüşlərin baş tutmasından da danışmaları mümkündür. Çünki son zamanlar Ukrayna hadisələrinə görə rəsmi Vaşinqtonla Moskva arasında gərginlik yaşanır. Ukraynadakı işğal faktorunu aradan qaldırmadan münasibətlərin yaxşılaşacağına ümid bəsləmək düzgün deyil. Üstəgəl, Qərb sanksiyalarını getdikcə gücləndirir. Moskva anlayır ki, ABŞ-ın ciddi təzyiqi var. İndiyə qədər Rusiyanın arxayın davranışları ondan ibarət idi ki, Avropa Birliyi (AB) Kremlin enerji daşıyıcılarından asılıdır. Və heç bir zaman Moskvaya sanksiyalar tətbiq edə bilməz. İndi isə Rusiya anlayır ki, ABŞ-la məsələni çözmədən sanksiyalardan yaxa qurtara bilməyəcək. Putin müsbət jestlər etməklə, Ağ Ev rəhbəri ilə münasibətləri yaxşılaşdırmağa çalışır. Böyük problemləri qısa müddətdə müzakirə etmək mümkün deyil. Elə məsələləri müzakirə etmək üçün konkret görüş zamanı müəyyənləşdirilməlidir”.

Ayyət Əhməd