Daha “FOKS” göstərmək zamanı deyil

Milliyə yerli baş məşqçi gətirilməlidir













































Futbol üzrə milli komandamızın alman mənşəli baş məşqçisi Berti Foqtsun istefası ölkədə yerli və əcnəbi məşqçi məsələsini yenidən gündəmə gətirib. "Xarici mütəxəssislər bizə gün ağlamayacaq” iddiası ilə çıxış edən bəzi ictimaiyyət nümayəndələri millimizdə yerli məşqçinin təyinatını dilə gətirirlər.

Bəzi idman qəzetləri isə yığmamızın "Qarabağ” futbol klubunun hazırkı baş məşqçisi Qurban Qurbanova həvalə olunmasından yazırlar. AFFA-nın prezidenti Rövnəq Abdullayev isə deyilənlərə tamamilə zidd fikirlər səsləndirib. O bildirib ki, yığma komandaya əcnəbi mütəxəssis gətiriləcək: "Komandaya baş məşqçi axtarışları davam etdirilir. Kimə salam verirsən, deyir Azərbaycan yığmasına baş məşqçi gedirəm”.

Yada salaq ki, ötən il müqaviləsi yenilənmiş B.Foqts millimizin Xorvatiya yığmasına böyük hesabla (0:6) məğlubiyyətindən sonra istefaya gedib. Hazırda komandamızı Mahmud Qurbanov çalışdırır.

Bu təzadlı iddialar barədə müxtəlif peşələrdə çalışan futbol həvəskarlarının da münasibətini öyrəndik. B.Foqtsun pis məşqçi olmadığını deyən millət vəkili Aqil Abbas "Şərq”ə açıqlamasında qeyd edib ki, millimizə xarici məşqçinin gətirilməsinin əleyhinə deyil: "Yalnız Bakı ilə milli komanda yaratmaq mümkün olmaz. Regionlarda da futbol inkişaf etməlidir. Bütün komandalar paytaxta yığılıb. Belə olmaz axı. Ümid "Neftçi”, "Qəbələ” və "Qarabağ” futbol klublarınadır. Bu klubların yaxşı futbolçu yetişdirmək potensialı var. Məşqçilik heç nə yoxdur. Hər halda futbolu bilən məşqçinin gətirilməsinin əleyhinə deyiləm”.

"525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə söyləyib ki, yığmamızın yerli mütəxəssisə tapşırılması daha arzuolunandır: "Məsələn, Qurban Qurbanov bu işin öhdəsindən layiqincə gələ bilər. Azərbaycan futbolunu yaxşı tanıyır. Bir məşqçi kimi özünü "Qarabağ”da təsdiq edib. Milliyə də o başçılıq etsə, daha yaxşı olar. Düzdü, belə olarsa, "Qarabağ” az da olsa zəifləyə bilər. Amma Q.Qurbanovun hər ikisini çalışdırmağa gücü və enerjisi çatar”.

"Futbol+” qəzetinin ilk baş redaktoru Mahir Rüstəmov:

"Araz Naxçıvan"ın çempionatdan imtinası kimi, bu məsələyə münasibətdən də həvəskar yanaşma qoxusu gəlir. Halbuki AFFA oktyabrın 31-də yaydığı açıqlamada bildirmişdi ki, 10-dan artıq məşqçi, eləcə də Robert Prosineçki ilə danışıq aparılıb. Yəni od olmasa, tüstü çıxmaz. Özü də Rövnəq Abdullayevin rəhbərlik etdiyi qurum Berti Foqts, ümumiyyətlə, alman mütəxəssislər ilə münasibətlərdə elə səxavət, əliaçıqlıq nümayiş etdirib ki, istənilən adam bura gəlib işləməyə həvəslə razılıq verər. Amma mənim şəxsi münasibətim belədir ki, indiki futbolçu potensialı yığmaya böyük hədəflər uğrunda mübarizə aparmağa imkan vermədiyindən, komandanı yerli mütəxəssislərdən birinə tapşırmaq lazımdı. İstənilən halda nəticə Foqts dönəmindəkindən pis olmayacaq.


"Het-trik news” qəzetinin baş redaktoru İlqar Tağıyev də vurğulayıb ki, həmişə yığmada yerli mütəxəssislərin işləməsinin tərəfdarı olub: "Bunun da 2 səbəbi var. 1-cisi futbolumuz o dərəcədə inkişaf etməyib ki, əcnəbi məşqçinin hesabına hansısa uğurlar qazanaq. 2-cisi isə Azərbaycanda kifayət qədər təcrübəli və səviyyəli məşqçilər var. Onlar yığmaya xaricilərdən daha çox xeyir verə bilərlər. İndiyə kimi millimizə 3 əcnəbi başçılıq edib - Karlos Alberto Torres, Qyoko Hacıyevski və Berti Foqts. Ad və ölkəmizin tanınması nöqteyi-nəzərdən onların müəyyən mənada xeyirləri dəyə bilər. Amma futbolun inkişafı baxımından ziyandan başqa zərrə qədər də xeyirləri olmayıb. Əgər Foqtsla son seçmə mərhələdəki xallar uğur kimi qələmə verilirsə... Cari mərhələdəki son 3 matç, Özbəkistan və Rusiya ilə yoldaşlıq oyunları həmin nəticənin təsadüf olduğunu sübut etdi.

Müsahibimiz onu da əlavə edib ki, Foqts təcrübəsi dərs olmayıbmış kimi AFFA yenə də məşqçi axtarışını ölkə xaricində aparmaqla məşğuldur: "Kimliyindən asılı olmayaraq hazırkı vəziyyətdə əcnəbi mütəxəssisin yığmaya heç bir xeyri dəyməyəcək. AFFA qısa zamanda nəyin bahasına olursa-olsun nəticə qazanmağı qarşısına məqsəd qoyub. Buna görə də millimiz məşqçi ilə yanaşı milliləşdirilmiş legionerlərlə korlanır. Nəticə isə göz önündədir. Gəlmələrə xərclənən milyonlar uşaq futboluna sərf olunsaydı, Xorvatiyadan "1 torba” top ilə qayıtmazdıq. Keçənə güzəşt deyiblər. İndiyə kimi buraxılan səhvlərdən nəticə çıxarmaq zamanıdır”. Müsahibimiz hesab edir ki, komandamıza ancaq yerli mütəxəssis rəhbərlik etməli, əcnəbilərə sərf olunan vəsait isə uşaq futbolunun inkişafına və yeni idman strukturlarının yaradılmasına xərclənməlidir: "Bu halda heç olmasa 2020-ci ildə Bakıda keçiriləcək Avropa çempionatında başqa ölkələrin yığmalarına deyil, Azərbaycanımıza azarkeşlik edə bilərik”.

"Kaspi” qəzetinin əməkdaşı İlham Quliyevin də qənaətincə, yığmamızın baş məşqçisi yerli mütəxəssis olmalıdır: "Hazırda oyunçu potensialımız elə bir vəziyyətdədir ki, kimin gəlməsindən asılı olmayaraq ciddi nəticələrin əldə olunması mümkünsüz kimi görünür. Berti Foqts, Torres, Hacıyevski təcrübələri göstərdi ki, əcnəbi məşqçilərin Azərbaycan yığmasında uğur qazanması asan olmur. Bizim futbolçuların mentalitetinə uyğunlaşmaq, onlarla dil tapmaq elə də asan deyil. Düşünürəm ki, milliyə yerli baş məşqçi gətirilməli, ona yüksək səviyyədə şərait yaratmalı və nəticədən asılı olmayaraq dəstək verməliyik”.

AFFA-nın yenə də əcnəbi məşqçi axtarışında olduğunu deyən İ.Quliyev diqqətə çatdırıb ki, seçim əcnəbilərdən olacaqsa, heç olmasa futbolumuza azdan-çoxdan bələd olan əcnəbi seçilməlidir: "Seçim Azərbaycan futbolunu tanıyan maşqçidən yana olacaqsa, ən azı bir il də onun futbolumuzu tanımasına gedəcək”.

Ayyət Əhməd