“Müsavatdan ən azı iki yeni partiya çıxacaq”

Zahid Oruc: “Qurultaydan sonrakı dava, istefalar bunun baş verəcəyinə şübhə qoymur”



Müsavatın qalmaqallı qurultayından sonra partiyadan istefaların olacağı ilə bağlı ehtimallar özünü doğrultdu və qurumdan silsilə istefalara start verildi. Partiya sıralarını tərk edən gənclərdən və tam tərkibdə istefa verən rayon təşkilatlarından sonra başqan müavinləri, müşavirlər və bir neçə nüfuzlu şəxslər də Müsavatdan üz döndərdilər.

Ötən gün partiyadan istefa verən keçmiş millət vəkili, professor Nəsib Nəsiblinin ardınca təşkilatın Divan üzvü, tanınmış politoloq Hikmət Hacızadə də qurumdakı fəaliyyətini dondurmaq qərarına gəlib. Kütləvi istefalarla yanaşı, yeni başqana və qurultaya etiraz edən narazı şəxslərin Qubad İbadoğlunun rəhbərliyində partiyadaxili fraksiya yaratmaq istəyi də Müsavatdakı durumu gərginləşdirib. Rəhbərliyin fraksiyanın yaradılmasına mane olacağını bəyan etməsi isə tərəflər arasındakı ziddiyyəti daha da şiddətləndirib.

Müsavat Partiyasında yaşanan proseslərlə bağlı "Şərq”in suallarını cavablandıran millət vəkili Zahid Oruc maraqlı məqamlara təmas edib. Müsavatdakı istefaları dəyərləndirən deputat partiyanın parçalanacağına şübhə etmədiyini bildirib.

- Sizcə Müsavatın parçalanma vəziyyətinə gəlməsinin əsas səbəbləri nədir?

- İsa Qəmbər sədr olduğu 22 il ərzində demokratik idarəetmə elementlərindən istifadə etməyib. Yəni alternativsiz olaraq seçilmə, kadrların yeniləşməməsi, islahatların aparılmaması, şəxslərin potensiala görə düzgün seçilməməsi, demokratik fikirlərin boğulması indiki nəticəni şərtləndirən əsas amillər idi. Unutmaq lazım deyil ki, bir şəxs üzərində qurulmuş təşkilatların hamısını eyni aqibət gözləyir.

- Politoloqların əksəriyyəti Müsavatın Azərbaycan Xalq Cəbhəsi Partiyasının aqibətini yaşayacağını düşünürlər. Siz bu barədə nə düşünürsünüz?

- Mən də elə düşünürəm. İnanmıram ki, tərəflər arasında hansısa barış və anlaşma olacaq. Müsavatdan ən azı iki yeni partiya çıxacaq. AXCP sindromu Müsavatı çoxdan təqib edir. Sadəcə indiyə qədər proses dinc məcrada getdiyindən, yəni səssiz istefalar baş verdiyindən bəzi ekspertlər Müsavatın da cəbhəçilərin aqibətini yaşayacağını inkar edirdilər. Halbuki Sülhəddin Əkbər, Rasim Musabəyov, Nizami Cəfərov, Musa Qasımlı və digər mühüm şəxsiyyətlərin Müsavatı tərk etməsi gələcək mənfi aqibətin və bölünmənin ciddi elementləri hesab olunurdu. Bu tipli insanların partiyadan getməsi, Müsavat elitası üçün böyük itkilər demək idi.

- Yəni eynilə AXCP ssenarisi təkrarlanacaq?

- Məncə, Müsavat AXCP aqibətindən tamam fərqli bir durum yaşayacaq. Əgər günün birində İsa Qəmbərlə Arif Hacılı partiyanın içində tək qalsalar, heç kim buna təəccüb etməsin. Çünki
partiyanın Arif Hacılıya səs verən hissəsi bunu zorla, təzyiqlərə məruz qaldıqları üçün ediblər. Yəni yoldaşlıq münasibətləri, təşkilat məsələləri üzrə müavinliyin yerli strukturlara yaxınlığı və s. avantajlar A.Hacılını yeni sədr edib. Ona görə də burdakı bölünmə başqa məcrada gedəcək.

- Qubad İbadoğlunun mövqeyini necə dəyərləndirirsiniz?

- Müsavat günün birində ayıldı ki, artıq dünya dəyişib. Azərbaycandakı reallıq 1990-cı illərin mənzərəsindən büsbütün fərqlənir. Bu səbəbdən də partiyanı hakimiyyətlə normal əlaqələri, əməkdaşlığı olan bir nəfər inkişaf etdirməlidir. Belə məqamda kriteriyalara cavab verən Qubad İbadoğlu onların diqqətində canlanıb və önə sürülüb. Əgər başqa bir insan bu vəzifəni daşımağa iddia edərək ortaya çıxsaydı və desəydi ki, "mən partiyanı İsa Qəmbərdən fərqli xəttlə aparacam”, onda narazı kütlənin hamısı həmin adamın ətrafında birləşəcəkdi. Nəzərə alın ki, bu proses İsa Qəmbərin öz xəttinə və yaxın çevrəsinə olan münasibətidir. Yəni burada dava Arif Hacılı və Qubad İbadoğlu arasında getmir. Əslində proseslərdə İ.Qəmbərin yürütdüyü köhnə siyasət və baxışlar sistemiylə yenilik üz-üzə dayanıb.

- Yəni parçalanma prosesinin önünü almaq, ümumiyyətlə mümkün deyil, yoxsa sadəcə olaraq bunu istəmirlər?

- Müsavatın məlum cinahı özünü "demokratik” libasda təqdim edir. İronikdə olsa, Müsavatdakı problemi həll etməyin bircə yolu var. Gərək tərəflər bir-birini əlbəyaxa döyüşə çağırsınlar. Yalnız onların rinqdə qanlı davasını müşahidə etdikdən sonra İsa Qəmbər və ya Arif Hacılı anlayar ki, həqiqətən də partiyada məhdud şəkildə olan 500-600 nəfər üzvlərin içərisində çox dərin ziddiyyətlər var. Fikrimcə, ya partiya bu tranformasiyanı tamamlayıb yeni mərhələyə qədəm qoymalıdır, ya da radikalizmə yuvarlanaraq məhdud tərkiblə kifayətlənməlidir. Bu mənada gələcək siyasi sistemdə Müsavatın yeri ən azı iki partiya şəklində görünür. Əgər qarşı tərəf qurultayın yenidən keçirilməsinə nail olmasa, partiyanı demokratik göstərmək, beynəlxalq aləmdə nümunəvi təşkilat kimi təqdim etmək cəhdləri uğursuz olacaq.

- İctimaiyyətdə kifayət qədər tanınmış şəxslərin Müsavatdan istefa verməsini necə dəyərləndirirsiniz? Məsələn, son olaraq Hikmət Hacızadə...

- Hikmət Hacızadənin öz fəaliyyətini və vəzifəsini dondurması o deməkdir ki, artıq klassik müsavatçılar da çoxdan sıravi üzvlərə çevrilməli olduqlarını dərk edirlər. Çünki müxalif vitrini uzun illər ərzində onların inkişafına tormozlayıcı formada təsir edib. Belə olan halda ya gənclik onları basıb əzməli, ya da ümumiyyətlə partiyaya gəlməməlidirlər. Elə buna görə də həmin qurumda perspektivli gənclər yer almırlar. Mən Müsavatda Sarbonna, Kembric və ya Oksford Universitetini bitirən gənci üzv kimi görməmişəm.
Proseslərdə adıçəkilən bir neçə gənc də böyük qaragüruhu təmsilçisi kimi görünürlər. Yeganə Qubad İbadoğlu bir qədər fərqli platformanı daşıyır. Çünki o, xarici əlaqələrə malikdir. Görünür, məhdud sayda müsavatçılar da onun timsalında gələcək liderlərini görürlər. Bu səbəbdən də "cəzalarını” çəkirlər.

- Ən çox müzakirə olunan məsələlərdən biri də yeni başqandan narazı qalanların partiyadaxili fraksiya yaratmaq niyyətidir. Sizcə bu, baş tutacaqmı?

- Fraksiya məsələsini Azərbaycan cəmiyyətinə dumanlı anlayış kimi təqdim etməyə ehtiyac yoxdur. Fraksiya qərb praktikasında geniş təzahür edən bir fenomendir. Hansısa partiya daxilində nisbətən fərqli məsələlərdə anlaşma tapılmayanda bu cür qruplar təşkil olunur və bu sayədə siyasi qüvvə özünün monolitliyini qoruyub saxlayır. Yəni fraksiyaçılıqdan faydalanır. Ancaq Müsavatda durum fərqlidir. Tərəflərin bir-birinə pataloji nifrəti var. Müxaliflər əvvəllər deyirdilər ki, həyatda istənilən maddə əks zərrəciklərin vəhdətindən ibarətdir. Mən də düşünürdüm ki, yəqin onların düşmənçiliyi müxalifətin "birliyi” üçündür. Bəs yaxşı ayrılıq, parçalanma nədir? Bunu necə tərənnüm edirlər?

- Bəlkə narazı tərəf parçalanma olmasın və qurumdan ayrılmasınlar deyə partiyadaxili fraksiya yaratmaq istəyirlər?

- Müxalifət daxili ziddiyyətlərini fraksiyaçılıqla örtə bilməz. Bu mümkün deyil. Əslində indiki gerçəklikdə İsa Qəmbər ortaya çıxmalı və deməlidir ki, partiyanı arxa qapıdan idarə etmək alınmır. Yəni ssenarisinin iflasa uğradığını etiraf etməli və real şəkildə partiyanı tərk etməlidir.
Bundan sonra isə normal və demokratik seçki keçirilməli, Müsavatın aqibəti real qüvvələrə təhvil verilməlidir.

- İddia edirlər ki, qalmaqalı Müsavat rəhbərliyi özü süni şəkildə gündəmə gətirib. Bu nə dərəcədə realdır və nə üçün lazımdır?

- Ola bilər. Bəlkə də cəmiyyətin diqqətini cəlb etmək üçün belə edirlər. Bu, siyasətin ayrılmaz hissəsidir. Faktiki olaraq Müsavat hazırda heç bir ictimai missiya daşımır. Qarabağ məsələsi ilə bağlı yararlı proqramla çıxış etmir, iqtisadiyyata, beynəlxalq əlaqələrə dair müzakirələr aparmır. Partiya sadəcə daxili qovğalarla məşğuldur. Onların başı nə vaxt açılır ki, ciddi məsələlərə də vaxt ayırsınlar. Əlbəttə, biz müxalifətin güclənməsində maraqlıyıq. Amma təəssüflər olsun ki, bu gün buna ən çox mane olan həmin cinahın liderləridir.

- İndiki gərgin vəziyyət Müsavat Partiyasına qarşıdan gələn seçkilərdə ciddi problem yaradacaqmı?

- Əlbəttə yaradacaq. Müsavat gələcək seçkiləri uduzub. Eyni zamanda Müsavat daxilindəki ziddiyyətlər müxalif qüvvələr içərisində mənəmlik, liderlik, ana müxaliflik obrazına iddia məsələsini də düyün nöqtəsinə salacaq.

İsmayıl