Hər evdə qaranlıqda saxlanan ÖLÜM...

Evdar qadınlar tutma hazırlayarkən təmizliyə ciddi fikir verməlidirlər









































Turşulardan zəhərlənmələrin sayı artıb. Ən çox da məhz ev şəraitində hazırlanan turşular - tutmalar zəhərlənmələrə səbəb olur. Ailə üzvlərinin turşudan zəhərlənməsi hadisələri tez-tez baş verir. Statistikaya nəzər salanda da bu faktlar özünü göstərir. Məsələn, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev KİV-ə açıqlamasında bu ilin təkcə sentyabr ayı ərzində əhali arasında 84 qida zəhərlənməsi hadisəsinin baş verdiyini, nəticədə 91 nəfərin zərər çəkdiyini deyib. Şöbə müdirinin sözlərinə görə, zəhərlənmə halları daha çox ev şəraitində hazırlanan turşulardan baş verir.

Statistika göz önündədir. Amma bu kimi xəbərləri eşidən evdar xanımların reaksiyası adətən belə olur: "İllərdir, turşu qoyuruq, tutmalar hazırlayırıq, hələ nə ölən var, nə zəhərlənən”. Bununla da evdar xanımlarımız "məharətlərinə” bələd olduqlarını iddia edirlər. Amma faciə gələndə icazə istəmir. Yəqin, zəhərlənmə hadisəsi baş vermiş ailələrdə də qadınlar uzun illərdir, pomidor, xiyar turşusu hazırlayırmışlar, qışa müxtəlif azuqələr - tutmalar tədarük edirmişlər. Hadisə isə bir dəfə olub. Dediyimiz odur ki, bütün tutmalar təbii zəhərli deyil, amma hansının zəhərli ola biləcəyi də naməlumdur. Xanımlarımızın eyvanda, zirzəmidə, qaranlıq bir yerdə qışa tədarük etdiyi tutmaların hansının ölüm saçdığını heç kim bilmir. Ancaq bu tutmalar "bəh-bəh”lə masaya gətirilir və bir də görürlər ki, faciəni öz əlləriylə gətiriblər. Bəs turşuya qoyulmuş tərəvəzin, ağzı bağlı şüşə qabın içindəkinin təhlükəli olub-olmadığını necə bilmək mümkündür?

Tutmanın suyu bulanıbsa...

Səhiyyə Nazirliyi rəsmisi İmran Abdullayevin sözlərinə görə, botulizm, adətən ev şəraitində konservləşdirilmiş məhsullardan istifadə zamanı baş verir:

- Ev şəraitində çoxları tutmanı necə hazırlamağı, nəyi necə etməyi bilmirlər. Elə bilirlər ki, tutma bağlamaq çox asandır. Əslində, tutma hazırlayarkən diqqət edilməli çox məqam var. Tərəvəz də, tutmanın bağlanacağı qab da təmiz su ilə yaxşı-yaxşı yuyulmalıdır. Qabda torpaq qırıntıları, toz hissəcikləri qalmamalıdır. Bankaya tərəvəzlə birgə daxil olan istənilən element sonradan reaksiyaya girərək toksik maddəyə çevrilir. Konservləşdirmə zamanı bankanın və tərəvəzin təmiz yuyulmadığında botulizm mikrobu inkişaf edir və qidalanma zamanı zəhərlənmə gedir. Bu da müxtəlif insanlarda özünü başqa cür büruzə verir. Əgər insanın orqanizmi mikroba tab gətirirsə, o, ölümdən qurtula bilir, amma orqanizm zəifdirsə, zəhərlənmə ölümlə nəticələnir”.

Ekspertin sözlərinə görə, adi insanlar tutmanın zəhərlənməyə səbəb olub-olmayacağını ayırd edə bilərlər: "Bunun üçün öncə turşu qoyulan qabın qapağına fikir vermək lazımdır. Əgər qapaq şişibsə, həmin qabdakı tutmanı qəti surətdə yemək olmaz. Bir də turşunun suyundan onun zəhərlənmə verə biləcəyini aydınlaşdırmaq mümkündür. Əgər pomidor, yaxud başqa bir tərəvəz turşusunun suyu bulanıqdırsa və bankanın dibində ağ çöküntü əmələ gəlibsə, deməli bu qida təhlükəlidir, onu yemək qətiyyən olmaz. Zəhərlənmə labüddür.

Tərəvəzləri qaynadın

Mütəxəssislər belə hesab edir ki, turşu zəhərlənmələri bilavasitə tərəvəzdən deyil, onun suyundan baş verir. Bankaya yığılmış tərəvəzin tərkibindəki toksinlər suya nüfuz edir, nəticədə tutmada zəhərli bakteriyalar əmələ gəlməyə başlayır. Ev şəraitində tutmada istifadə olunan qida məhsulları təmiz yuyulmur, hətta tutma saplağı qoparılmamış pomidordan hazırlanır. Mağazalardan alınan tutmalardan isə zəhərlənmələr nadir hallarda baş verir. Çünki sexlərdə hazırlanan tutmaların tərəvəzləri sudan əlavə xüsusi maddələrlə də yuyulur və bu zaman botulizm bakteriyası məhv olur.

Pomidor turşusunun balonunda bircə çürük pomidor da olmamalıdır. Çürük tərəvəz sağlamları da korlayacaq. Turşu bankasının qapağı şişibsə, o turşunu istifadə etmək qətiyyən olmaz. Turşuların saxlandığı qablara daimi nəzarət edilməlidir. Qapaq qalxıbsa, şişibsə, bankanın suyu bulanıbsa, həmin turşu atılmalıdır. Yoxsa zəhərlənmə təhlükəsi qaçılmaz olacaq. Bəzi ailələr də var ki, bir banka turşunu açıb bir hissəsini istifadə edir, qalanını isə atmırlar, saxlayırlar. Bu zaman da zəhərlənmə baş verə bilir. Həmin turşudan istifadə edən insanın orqanizmi mikroba dözümlüdürsə, o, ölümdən xilas ola bilir, amma zəifdirsə, zəhərlənmə ölümlə nəticələnir.

Turşu, tərəvəz salatları, kompot, mürəbbə və digər konservləşdirilməsi nəzərdə tutulan meyvə və tərəvəzlər, eləcə də onların qablaşdırılacağı bankalar yaxşı yuyulmadıqda, düzgün sterilizasiya edilmədikdə insan botulizm xəstəliyinə tutula bilər. Ona görə də ev şəraitində turşu hazırlamaq fikrinə düşən xanımlar bilməlidir ki, tərəvəzləri də, onların yığılacağı qabları da yaxşı-yaxşı yumalı, isti su ilə sterilizasiya etməlidirlər. Həmçinin, bankanın qaynadılmasında da temperaturun yüksəkliyi nəzərə alınmalıdır. Tərəvəzlər yüksək temperaturda qaynadılmalıdır ki, tərkibindəki zərərli elementlər ölsün.

"Turşunu plastik qabda saxlamaq ikiqat zəhərdir”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov öz növbəsində əhalini turşularla ehtiyatlı davranmağa çağırır. AİB sədri bu fikirdədir ki, Azərbaycanda ilin bütün fəsillərində təzə meyvə-tərəvəz əldə etmək mümkün olduğundan tutmalara ümumiyyətlə ehtiyac yoxdur;

- Azərbaycan kimi əlverişli iqlimə və coğrafi mövqeyə malik ölkələrdə tərəvəzin turşuya qoyulması kimi bir məcburiyyət yoxdur, buna lüzum da yozdur. İlin istənilən fəslində istənilən meyvə-tərəvəzi almaq, əldə etmək olur. Qışa qədər bağlarda ağaclarda meyvə qalır. Bostanlar payızın son ayı sovrulur. Belə olan halda turşulara nə ehtiyac var. Dədə-babadan analarımız nanə, reyhan qurudardı, əvəlik tədarükü görərdilər, qışda da onları yeməklərə əlavə edər, həm fərqli tam əldə edərdilər, həm də xeyrini görərdilər. Amma sonralar xanımlarımız avropalaşdı və başladılar turşu qoymağa. Bunlar məişətimizə elə daxil oldular ki, bu dəqiqə elə ailələr var süfrədə turşu olmasa yemək istəmirlər. Əslində isə bunlar hamısı orqanizm üçün ziyanlı qidalardır.

E.Hüseynov orqanizm üçün zərərli qida sayıldığından turşudan imtinanı məsləhət görür;

- Xüsusən də kustar üsulla hazırlanmış şorabaları satanlar məsuliyyət hiss etmirlər. Bu da onunla bağlıdır ki, həmin məhsulların saxlanıldığı qabların üzərində onu hazırlayanın nə adı var, nə də ünvanı. Başqa bir təhlükə də şorabaların plastik qablarda qablaşdırılmasıdır. Son illər bu dəb halını alıb. Əvvəllər şüşə qablara, balonlara üstünlük verilirdi, indi əksəriyyət plastik qablarda turşu qoyur. Turşunu plastik qabda saxlamaq ikiqat zəhərdir. Çünki plastik qabların tərkibində zəhərli kimyəvi elementlər olur. Bu elementlər sirkə ilə reaksiyaya girəndə dəhşətli tərkib yaranır. Hələ bu qabları bilmirik hardan toplayırlar? Zibilliklərdən, natəmiz yerlərdən toplayıb istehlakçılara satırlar. Adam zəhərlənər də, lap ölər də.

AİB sədri konserv məhsullarının istehsalı ilə məşğul olan şirkətlərin fəaliyyətinə nəzarəti vacib sayır:

- Elə düşünülməsin ki, standartlara riayət edilir deyə, rəsmi istehsalçıların hazırladığı hazır tərəvəz konservləri təhlükəsiz ola bilər. Onların da hansı qaydalarla hazırlandığına nəzarət edilməlidir. İstifadə müddəti bitmiş məhsullar satışdan çıxarılmalıdır. Əhali də hazır konserv məhsullarını alarkən buraxılış və son istifadə tarixinə diqqət etsinlər.

Azərbaycan Dövlət Tibb Universitetinin professoru Adil Qeybulla da bu fikirdədir ki, ev şəraitində hazırlanan turşular təhlükəli ola bilər:

- Turşuların hazırlanmasının öz standartları, gigiyenik qaydaları var. Bunlara riayət edilmədikdə, zəhərlənmə təhlükəsi real olur. Turşuların hazırlanmasında duz, limon duzu, sirkə kimi qida əlavələrindən istifadə edilir. Bunların miqdarı dəqiq olmalıdır, qabın germetikliyi təmin edilməlidir. Qapaqda pas varsa, o məhsul atılmalıdır. Turşular orqanizm üçün də zərərli ola bilir. Xüsusən də qan təzyiqi, atereskleroz, böyrək çatışmazlığı olanlar turşu qəbulundan çəkinsələr yaxşıdır. Etiraf etməliyik ki, tutmalar, turşular artıq məişətimizə daxil olub, amma hər şeydən qədərində istifadə edilməlidir. Turşulu qidaları miqdarından artıq qəbul etmək mədədə turşuluğu artırır, mədəyə ağırlıq gətirir. İstənilən qida elə qəbul edilməlidir ki, orqanizmə ziyan verməsin.

Məlahət Rzayeva