"Ailəm də həyəcanla növbəti mərhələni gözləyir"

“O səs Türkiyə”nin iştirakçısı Nicat “Şərq”ə danışdı




Gənc müğənni Nicat Məhərrəmov "O səs Türkiyə” müsabiqəsinə qatılıb. "Əziz dostum” mahnısını səsləndirən ifaçını üç münsif heyəti bəyənib. O, isə Gökhanın komandasında yarışmaq istədiyini söyləyib.

Qeyd edək ki, N.Məhərrəmov Azərbaycanda keçirilən "Yeni ulduz” müsabiqəsinin iştirakçısı olub.

Türkiyədə keçirilən müsabiqəyə qatılan Nicat Məhərrəmovla əlaqə yaratdıq. Onunla söhbətimiz zamanı maraqlandıq ki, Nicat bu müsabiqəyə qatılmağa necə qərar verdi: "Əslində, Türkiyədə keçirilən bu müsabiqəyə qatılmaq niyyətim olub. Avqust ayında Türkiyədə ələmələrə qatıldım və keçdim. Sonra Bakıda keçirilən ələmələrə də dəvət aldım. Qatıldım. Dedilər ki, sizinlə əlaqə yaradılacaq. Bu yaxınlarda əlaqə yaradıb, Türkiyəyə dəvət etdilər. Getdim. Düzünü desəm bir hədəfim var idi. Heç olmasa bir münsif üzünü döndərsin. Amma elə oldu ki, 3 münsif üzünü döndərdi. Çox həyəcanlı idim. İzləyənlər də həyəcanlı olduğumu hiss etdilər”.

Nicatın niyə məhz münsiflərdən Gökhanı seçməyinə gəlincə isə gənc müğənni bunu belə izah etdi: "Açığı, əvvəl gündən iki münsif arasında seçim edəcəyimi düşünmüşdüm. Gökhan və Hadisə üzərində qalmışdım. Ancaq son məqamda Gökhanı seçdim. Çünki o komandasına qarşı çox məsuliyyətlidir. Məşqlərə şəxsən gəlir, iştirakçılarla çalışır, repertuar seçimində məsləhətlər verir. Bir sözlə, məsuliyyətli olması, sadəliyi mənim seçimimə birbaşa təsir etdi. Onu çox istəyirdim. Sevindim ki, o da mənim ifamı bəyəndi”

Nicatın müsabiqədə repertuar seçimi də fərqli olduğundan diqqət çəkdi. Türkiyə səhnəsində münsiflərin qarşısında "Əziz dostum” mahnısını ifa etməsi maraqla qarşılandı və bir az da müzakirəyə səbəb oldu. Nicat söhbətimiz zamanı niyə məhz "Əziz dostum”a müraciət etdiyini də dilə gətirdi: "Türkiyədə bu formatda olan bir çox müsabiqələr keçirilib. "O səs Türkiyə”də "Əziz dostum” səslənməmişdi. Azərbaycandan gedən iştirakçılar çox zaman ya "Ayrılıq” mahnısını ifa ediblər, ya da "Yalqızam”. Bu mahnıları artıq orada hər kəs bilir. Ona görə də fərqlənmək istədim. İstədim azərbaycanlı iştirakçı olaraq daha maraqlı bir mahnı ilə səhnəyə çıxım. Səhv etmədim də. Bu musiqi onların marağına səbəb oldu. İfamı da bəyəndilər. Bilirdim ki, bir nəfər mütləq üzünü döndərəcək. Ancaq 3 münsifin marağını gözləmirdim. Təbii ki, çox sevindim”.

Adətən azərbaycanlı iştirakçılara dəstəyini hiss etdirən Ebru Gündəşin Nicatı bəyənməməsinə gəlincə burada maraqlı bir məqam diqqətə alınmalıdır. Belə ki, Nicatın fikrincə: "Düzünü desəm, Ebru Gündəş yəqin ki, komandasını riskə salmaq istəmədi. Çünki artıq onun heyətində mənim janrımda oxuyan iştirakçı var. Əsas odur ki, mən ifamla onların diqqətini çəkə bildim. Müsabiqəyə qatılanda Xatirə mənə deyirdi ki, sənin səsinə güvənirəm. Bilirəm ki, mütləq münsiflərdən sənə reaksiya verəcəklər”.

Yeri gəmişkən onu da qeyd edək ki, Nicata dəstək verən müğənnilər arasında Xatirə İslam xüsusilə seçilir. Bundan əlavə Nicat söhbət zamanı qeyd etdi ki, müsabiqəyə qatılan zaman həmkarlarından Xatun, Roza Zərgərli, Yaşar Yusub, Kərim Abbasov və digərləri də ona dəstəklərini nümayiş etdiriblər. "O Ses Türkiye”yə qatıldıqdan sonra televiziyalar da, mətbuat da Nicata böyük maraq göstərməyə başlayıblar. Bunları da Nicat söhbət əsnasında dilə gətirdi: "Türkiyə səhnəsinə çıxdıqdan sonra televiziyalar mənimlə əlaqə yaratmağa, maraq göstərməyə başladılar. Əslində xoş bir hissdi. Ailəm də həyəcanla növbəti mərhələni gözləyir. Mən ifama, səs imkanlarıma əminəm. İnşallah yaxşı olacaq”.

Xatirə İslamla da əlaqə yaratdıq. Hazırda Azərbaycandan kənarda olan Xatirə ilə telefon bağlantısı qurduq. Müğənni bildirdi ki, Nicata hər zaman dəstək olub, bundan sonra da dəstək olacaq. "Nicat istedadlı gəncdir. Onun əxlaqı, təbiyəsi də göz qabağındadır. Deyəndə ki, Türkiyədə müsabiqəyə qatılacam, mən də onu alqışladım. Bilirdim ki, ifası ilə diqqət çəkə bilər. Yanılmamışam da. Ona dost, bacı olaraq hər zaman da dəstəyimi göstərəcəm. Mən hər bir mətbuat orqanından, həmkarlarımızdan da Nicata dəstək olmağı gözləyirəm. Qardaş ölkə olsa da, orada Azərbaycanı təmsil edir deyə, Nicatın bu gün mənəvi dəstəyə ehtiyacı var”.

Tahirə