Ermənistana təsir göstərə biləcək iki dövlət var

İran da işğalçılığın mahiyyətini anlayır, buna təsir göstərməlidir



"Münasibətləri irəliyə aparmaq üçün istiqamətlərə bir daha baxıldı. Konkret tapşırıqlar verildi”. Bu sözləri "Şərq”ə Milli Məclis Aparatının Analitik informasiya şöbəsinin müdiri Aydın Ağayev İran prezidenti Həsən Ruhaninin ölkəmizə rəsmi səfərinin yekunları barədə danışarkən deyib.

Onun sözlərinə görə, hər iki ölkə arasındakı əlaqələr iqtisadi, ticari, mədəni və digər sahələri əhatə edir: " Bu, H.Ruhaninin prezident kimi Bakıya ilk səfəri idi. Bu, olmalı idi. Anonsu verilmişdi. Səfərdən qabaq da bilinirdi ki, hansı məsələlər ətrafında müzakirələr aparılacaq. Görüş yaxşı keçdi. Azərbaycan prezidenti İlham Əliyev yüksək dəyərləndirdi. Bu onu göstərir ki, ölkəmiz qonşu dövlətlərlə münasibətlərin rəvan olmasında maraqlıdır. Səfər çox lazımlı idi”.

Ekspertin sözlərinə görə, ölkəmiz İranla yaxşı və stabil münasibətlərin qurulmasında maraqlıdır: "İran qonşu dövlətdir. Xalqlarımız bir-birinə min tellərlə bağlıdır. Ortaq mədəniyyətimiz və dinimiz var. Bunu gözdən qaçırmaq olmaz. Bunu rəsmi Tehran da anlayır. Azərbaycan həmişə bəyan edib ki, cənub qonşumuzla əlaqələrimzə heç bir kənar qüvvənin diktəsi ola bilməz. Heç bir qüvvə bu münasibətlərin xarakterinə təsir göstərə bilməz. Bunu görüş zamanı H.Ruhani də bir başqa formada təkrar etdi. Cənub qonşumuza qarşı sanksiyalar tətbiq ediləndə Azərbaycanın İrana olan xoşməramlı siyasəti sınaqdan keçdi. Beynəlxalq təşkilatlar həmişə bəyan edirdilər ki, heç bir qüvvə Azərbaycandan rəsmi Tehrana qarşı istifadə edə bilməz. İran tərəfi bunu həmişə nəzərə almalıdır. Və Azərbaycanın onlara qarşı xoşməramlı münasibəti şübhə altına alınmamalıdır. Düşünürəm ki, bu illər kifayətdir ki, İran anlasın ki, Azərbaycan özünün cənub qonşusuna xoşməramlı münasibət yürüdür. Cənub qonşumuz da bunu nəzərə alır. Çox yaxın qonşuyuq”.

İran-Azərbaycan münasibətinin yüksələn xətt üzrə inkişafının Dağlıq Qarabağ münaqişəsinə göstərəcəyi təsirə gəlincə, A.Ağayev söyləyib ki, ərazilərimizin Ermənistan tərəfindən işğalı faktını İran tərəfi tanıyır: Bu bizi qane edir. Düşmən ölkə faktiki olaraq bu işğala görə təzyiqlərlə üzləşir. İqtisadiyyatı bərbad gündədir. Bunun da səbəbi yürütdüyü işğalçılıq siyasətidir”.

Şöbə müdirinin qənaətincə, regionda Ermənistana təsir göstərəcək iki dövlət mövcuddur: "Biri Rusiyadır, digəri isə İrandır. Rəsmi İrəvan xüsusilə də Rusiyadan çox asılıdır. İranla isə enerji, iqtisadi və ticarət əlaqələri var. İşğalçını başa salmaq üçün məcbur etmək lazımdır. Azərbaycan torpaqları erməni işğalı altında olmasaydı, regional təhlükəsizlik tamamilə başqa cür olardı. Bunun yeganə səbəbkarı Ermənistandır. İşğal faktı aradan qalxsa, kənar qüvvələrin regiona təsiri də azalar. İşğal faktının aradan qalxmasına hamı maraqlı olmalıdır. İran da bu işğalçılığın mahiyyətini anlayır . Ermənistana təsir məsələsində addımlar atılmalıdır. Demirik ki, İran Ermənistanla əlaqəsini kəssin. Amma ümumi bölgə maraqları və normal münasibətlərin qurulmasına zərurətinə görə çox işlər görülə bilər”.

Ayyət Əhməd