Dünyada faş oldular

Ermənilərin məkrli təxribatına layiqli cavab verildi




Son zamanlar ATƏT-in Minsk Qrupu çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yüksək səviyyəli danışıqlar intensivləşib. Həmsədrlərin dəstəyi ilə
Azərbaycan və Ermənistan prezidentləri, habelə hər iki ölkənin xarici işlər nazirləri problemin nizamlanmasına dair prinsipial məsələləri müzakirə edib, həmçinin qoşunların təmas xəttində sabitliyin qorunması, atəşkəs rejiminin təmin edilməsi, snayperlərin geri çəkilməsi, müxtəlif təxribatlara yol verilməməsi və digər bu kimi məsələlərə dair müəyyən razılığa gəliblər.

Təəssüf ki, Ermənistan tərəfi Paris görüşünün nəticəsi olaraq, Böyük sülh sazişinin layihəsi üzərində işə başlamaq üçün konkret addımlar atmaq əvəzinə, çoxsaylı hərbi qüvvə və müxtəlif növ texnika ilə işğal olunmuş ərazilərdə, o cümlədən qoşunların təmas xəttində hərbi təlimlərə başlayıb. Həmçinin noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan Respublikasının hərbi hava qüvvələrinə məxsus döyüş cütlüyündən ibarət "Mi-24” tipli helikopterlər müdafiənin ön xəttində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum edərək atəşə tutub və uzaqlaşmağa çalışıb. Cavab atəşi ilə düşmənin döyüş cütlüyündən ibarət helikopterlərindən biri vurulub, digəri isə atəş zonasını tərk edib. Göründüyü kimi, Ermənistan rəhbərliyi dünya təcrübəsində mövcud olan bütün normalara zidd davranış nümayiş etdirib, danışıqlar prosesini pozmaq məqsədilə növbəti dəfə təxribat törətməyə çalışıb. Hazırda Ermənistan və erməni lobbisi həm də informasiya təxribatına keçərək baş vermiş hadisənin məsuliyyətini Azərbaycanın üzərinə yıxmağa çalışır. Ancaq hazırkı gərginlik Ermənistanın işğalçı siyasətinin, danışıqlar prosesini yenidən pozmaq cəhdinin məntiqi nəticəsidir və mövcud vəziyyətə görə, məhz Ermənistan rəhbərliyi birbaşa məsuliyyət daşıyır.

İşğal altındakı ərazilərini azad etmək Azərbaycanın əsas hədəfidir

Azərbaycan tərəfinin erməni helikopterini vurmağı məsələsinə münasibət bildirən Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib ki, Ermənistan rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətinə və məntiqinə yaxşı bələd olanlar bu hadisədən təəccüblənməzlər: "Bildiyiniz kimi, münaqişənin həlli ilə bağlı son proseslərə nəzər salsaq, Soçidə, Parisdə keçirilən görüşlərdən və ABŞ-ın dövlət katibi Con Kerri ilə aparılan danışıqlardan sonra belə təəssürat yarandı ki, problemin həlli istiqamətində hərəkət vardır və səylər göstərilir ki, münaqişə həll olunsun. Ermənistan prezidenti Sarkisyan, xarici işlər naziri Nalbandyan da bəyanatlar vermişdilər ki, danışıqlardan razıdırlar. Amma ermənilərin belə vəziyyətdə tez-tez təxribatlar törətməsi, beynəlxalq aləmdə Azərbaycanla bağlı qərəzli mövqe formalaşdırması, görünür onlara çox lazım idi.

Özünüz düşünün, belə bir vaxtda Azərbaycanın işğal olunmuş Ağdam rayonu ərazisində 40 minlik qoşunla təlim keçirmək nəyə lazım idi?! Özü də qoşunların təmas xəttindən keçərək Azərbaycan tərəfdə təxribat törətməkdə məqsəd nə idi?! Bax, Ermənistan rəhbərliyinin məkrli siyasəti bu məqamda özünü daha qabarıq göstərir. Guya danışıqlar prosesində irəliləyiş olması ilə bağlı beynəlxalq aləmdə fikir formalaşdırdıqdan sonra Ermənistan rəhbərləri diasporları, lobbiçiləri və arxalarında dayanan digər qüvvələrin vasitəsilə Azərbaycan haqqında mənfi fikir formalaşdırmaq üçün bu cür hiyləgər təxribatlara əl atmağa vərdiş ediblər”.

PA rəsmisi qeyd edib ki, ermənilər belə bir fikir formalaşdırmağa çalışırlar ki, guya Azərbaycan münaqişənin həllini istəmir: "Ermənistandan soruşan lazımdır, 25 ildir ki, Azərbaycanın işğal altında saxladığın ərazilərində hərbi təlim keçirməkdə məqsədin nədir?! Əlbəttə, hamıya məlumdur ki, məqsəd birdir - Azərbaycanı qaralamaq, öz tərəfdaşları vasitəsilə Azərbaycan ilə bağlı mənfi fikir formalaşdırmaq. Məqsəd budur. Belə məkrli təxribatlar çox olub. Bu təxribatlar hansı məqsədlərlə edilirsə edilsin, ermənilər öz məqsədlərinə nail olmayacaqlar. İşğal altındakı ərazilərini azad etmək Azərbaycanın əsas hədəfidir”

Azərbaycan işğal olunmuş əraziləri üzərindəki hava məkanını uçuşlar üçün bağlı elan edib

Erməni helikopterinin məhv edilməsi ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi də öz növbəsində bəyanat yayıb. Bəyanatda bildirilib ki, bu il oktyabrın 27-də Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Parisdə prezidentlər səviyyəsində keçirilmiş görüşdən sonra Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində çoxlu sayda canlı qüvvə və hərbi texnikanın iştirakı ilə genişmiqyaslı hərbi təlimlərin keçirilməsinə başlanılıb. Atəşkəs rejimi Ermənistan tərəfindən intensiv şəkildə pozulmaqda davam etdirilib: "12 noyabr tarixində, son üç gün ərzində müşahidə edilən provokativ döyüş uçuşlarının davamı olaraq, Ermənistanın Hərbi Hava Qüvvələrinə məxsus iki ədəd "Mi-24” tipli helikopteri Azərbaycan qoşunlarının müdafiənin ön xəttində yerləşən mövqelərinə hücum edərək atəşə tutub. Cavab atəşi ilə helikopterlərdən biri vurulub, digəri isə atəş zonasını tərk etməyə məcbur olub”.

XİN qeyd edib ki, Azərbaycan işğal olunmuş əraziləri üzərindəki hava məkanını uçuşlar üçün bağlı elan edib, müvafiq qaydada beynəlxalq mülki aviasiya təşkilatının bütün üzvlərini bu barədə məlumatlandırıb: "Ermənistana məxsus hərbi helikopterlərin Azərbaycanın hava məkanına qeyri-qanuni soxulması, Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzünün, Azərbaycanın ərazi bütövlüyü, suverenliyinə qarşı zordan istifadə siyasətinin davamıdır”. Bəyanatda daha sonra vurğulanıb ki, Paris görüşünün nəticəsi olaraq, Böyük sülh sazişinin layihəsi üzərində işə başlamaq üçün konkret addımlar atmaq əvəzinə Ermənistanın bu məqsədyönlü təxribatçı əməlləri vəziyyətin gərginləşdirilməsi, danışıqlar prosesinə xələl gətirilməsi və mövcud status-kvonun saxlanması məqsədi daşıyır: "Gərginliyin yaranmasının əsas səbəbi Ermənistan Respublikasının silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində olmasıdır. Buna görə də Azərbaycan tərəfindən dəfələrlə bəyan edildiyi kimi, onsuz da gərgin olan vəziyyətin ağırlaşdırılmasının bütün məsuliyyəti Ermənistanın üzərinə düşür. Münaqişənin sülh yolu ilə həlli və regionda sülhün və sabitliyin bərqərar olması üçün ilk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır”.

İşğalçının həyasız yalanı üzə çıxıb!!!

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinə məxsus "Mi-24” hərbi helikopterinin işğal altında olan ərazilərimizdə vurulmasından sonra düşmən tərəf yalanları bir-birinin ardına qoşmağa başlayıb. Vurulan helikopterin Ermənistana deyil, qondarma "Dağlıq Qarabağ Respublikasına” məxsus olduğunu bəyan ediblər. Sonradan ölən hərbçilərin adlarını da açıqladılar və bununla da öz yalanlarını faş ediblər. Separatçıların "müdafiə nazirliyi” bəyanat yayaraq bildirib ki, "Dağlıq Qarabağ Respublikasının” helikopteri vurulub. Bundan sonra ermənilərin digər aparıcı xəbər resursları ölənlərin adlarını açıqlayıb. Azərbaycan mövqelərinə hücuma keçmək cəhdi edərkən məhv edilən erməni hərbçiləri mayor Sergey Saakyan, ekipaj üzvləri - baş leytenant Sarqis Nazaryan və leytenant Azat Saakyan olub.

Erməni hərbçinin "facebook” səhifəsində mayor Sergey Saakyanın Dağlıq Qarabağdan deyil, məhz Ermənistandan olduğu qeyd olunub. Saakyan sosial şəbəkədəki profilində doğulduğu və yaşadığı yer kimi Ermənistanın paytaxtı Yerevan şəhərini göstərir. Şübhəsiz ki, ermənilər həmin profilin saxta və ya başqa adama məxsus olduğunu iddia edərək özlərinə bəraət qazandırmağa çalışacaqlar. Lakin ermənilərin ehtimal olunan belə bir arqumentlərinin qarşısını almaq üçün Azərbaycan tərəfi daha bir fakt aşkarlayıb. Belə ki, həmin pilot zərərsizləşdirildikdən sonra çoxsaylı Yerevan dostları fotonun altında ölümü ilə bağlı kədərləndiklərini qeyd ediblər. Bütün bu faktlar erməni yalanlarını açıq-aşkar ortaya qoyur və bir daha sübut edir ki, Ermənistan danışıqlar prosesini pozmaq üçün növbəti dəfə təxribat törədib.

Şəymən