Minsk Qrupunun imkanları tükənib

Hazırkı formatla münaqişənin həlli mümkünsüzdür



"Həmsədr ölkələrin Minsk Qrupunun formatını dəyişmək niyyəti yoxdur”. Bunu ABŞ-ın Ermənistandakı səfiri Con Heffern bildirib. Səfirin sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Ukrayna məsələsində fikir ayrılığına düşsə də, Qarabağ məsələsində birgə çalışırlar.

Minsk Qrupunun mövcud formatının dəyişməsi məsələsinə münasibət bildirən siyasi elmlər doktoru, professor Elman Nəsirli ATƏT-in Minsk Qrupunun fəaliyyətinin sıfıra bərabər olduğunu deyib: "Bunu nəzərə alsaq, formata yenidən baxılması ideyası cəlbedici görünə bilər. Məlumdur ki, Minsk Qrupunda 11 dövlət təmsil olunur. Amma faktiki olaraq 1997-ci ildən üç dövlət bu təşkilata həmsədrliyi həyata keçirir. Sanki bu məsələ ilə 11 dövlət yox, 3 dövlət məşğuldur. Bu mənada Minsk konfransının çağırılması digər üzv dövlətlərin də fəallaşması və onların da mövqeyinin ortaya qoyulması baxımından çox əhəmiyyətlidir”. Politoloq hesab edir ki, bütövlükdə Minsk Qrupunun formatı özünü doğrultmayıb: "Bəs bundan imtina edildiyi halda, ortada hansı format qalır? NATO özü münaqişənin həllində iştirak etmək fikri olmadığını bəyan edir. Avropa İttifaqına gəldikdə isə, adıçəkilən təşkilat ATƏT-in mövqeyini dəstəkləyir və özünün burada birbaşa iştirak etmək niyyəti yoxdur. Ən yaxşı halda, Avropa İttifaqı Minsk Qrupunda tərəf qismində təmsil olunmaq istəyir. BMT-yə gəlincə, məlumdur ki, BMT-nin 4 qətnaməsi bu günə kimi icra edilməyib. Yəni bu qurumun da vasitəçiliyi bizə lazım deyil”.

Politoloq Leyla Əliyeva da Minsk Qrupunun imkanlarının tükəndiyini bildirib: "Baş verənlər ATƏT-in Minsk Qrupu formatında uğurların olmadığını göstərir. Düşünürəm ki, ya Avropa Birliyi, ya digər beynəlxalq təşkilatın vasitəçiliyi ilə bu məsələnin həllinə nail olmaq mümkündür. Əks təqdirdə sözügedən formatla münaqişənin aradan qaldırılacağına inanmıram”. L.Əliyeva Minsk Qrupu formatının tərkibinin dəyişməsi variantının uğurlu olacağına ümid edir: "Minsk Qrupunun tərkibində dəyişiklik olmalıdır ki, danışıqların gedişində dinamika əldə edilsin. Çünki belə bir vəziyyətdə aydındır ki, müsbət nəticə qazanılmayacaq və müzakirələr 100 il də aparılsa, əhəmiyyətsiz olacaq. Maraqlıdır, Azərbaycan vaxtilə Almaniyanın da formatda iştirakını tələb edirdi. Amma Ermənistan Almaniyanın bu formatda iştirakından imtina etdi”.

Siyasi ekspert Qabil Hüseynli konkret olaraq açıq-aşkar ermənipərəst mövqe tutan Fransanın həmsədrlikdən çıxarılmasını təklif edib: "Rusiya ilə bağlı mövqelərə aydınlıq gətirildikdən sonra həmsədr formatının tərkibini genişləndirmək, həmsədrlərin sayını artırmaq mümkündür. Bir sözlə, ATƏT-in formatı iki formada dəyişə bilər, ya bütövlükdə bu formatdan imtina olunmalı, ya da bunu bir qədər genişləndirmək lazımdır”. Q.Hüseynlinin fikrincə, yeni formatda Almaniya və Türkiyənin təmsilçiliyi Azərbaycanın mövqeyinə uyğun gəlir: "Türkiyə mütləq vasitəçilik formatında təmin olunmalıdır. Çünki Türkiyə həm Minsk Qrupunun üzvüdür, həm də müstəqil və regionun ən güclü dövlətlərindən biridir. Əgər Rusiya regiona nüfuz edirsə və özü də təcavüzkar Ermənistanı dəstəkləyirsə, Türkiyə niyə problemin aradan qaldırılması prosesinə qatılmasın? Türkiyənin bu prosesdə iştirakına kim, hansı arqumenti göstərə biləcək? Əgər Türkiyə Azərbaycanı müdafiə etməkdə suçlandırılacaqsa, bu Azərbaycanı deyil, beynəlxalq hüquq norma və prinsiplərini müdafiə etməkdir. Digər dövlət isə Almaniya, Norveç və başqa bir neytral dövlət də ola bilər”.

İsmayıl