İnternetin qəfil kəsilməsi millət vəkilini hiddətləndirdi

İnternetin kəsilməsi haqda abonentlərini məlumatlandırmaq onu təqdim edən şirkətin borcudur



Millət vəkili Fazil Mustafa ölkədə internetin xəbərsiz kəsilməsinə kəskin etirazını bildirib. "Qəribədir, yolu bağlayanda xəbərdarlıq etmədikləri kimi interneti də eyni qaydada bağlayırlar ki, insanların iş planı alt-üst olsun.

Görən bunun heçmi xəbərdarlıq mexanizmi yoxdur? İtirilən saatlara görə ödədiyimiz pulun kompensasiyası necə olacaq? Axı aylığı ödəməyəndə interneti dərhal kəsirlər”. Deputatın narazılığına münasibət bildirən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Müşfiq Əmirov "Şərq”ə açıqlamasında qeyd edib ki, bunu provayderlərlə həll etmək lazımdır: "Amma nazirlik tənzimlənmənin quruluşuna nəzarət edir. Üstəgəl, heç vaxt səbəbsiz internet kəsilmir”.

Qurum sözçüsü onu da bildirib ki, ölkəyə daxil olan internetdə və hansısa provayderdə problem varsa, öz abonentlərini xəbərdar etmək həmin provayderlərin borcudur: "Xəbərdar etmədiyi halda, vətəndaş hüquqlarının pozulmasına görə məhkəməyə müraciət edə bilər”.

"Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, internetin kəsilməsi haqda abonentlərini məlumatlandırmaq onu təqdim edən şirkətin ilkin borcudur: "İnsanlar bütün işlərini internet üzərində qururlar. Onu xəbərsiz kəsmək doğru deyil. Ona görə də düşünürəm ki, hörmətli deputat haqlıdır. Bu istehlakçının hüquqlarının pozulması kimi dəyərləndirilməlidir. Bu xidmətə başlayan şirkətlər öncə xəbərdarlıq məsələsini həll etməlidir. Öncə bu sistem qurulmalıdır”.

İtirilən saatlara görə istehlakçının ödədiyi pulun kompensasiyasına gəlincə, mərkəz direktoru vurğulayıb ki, bu artıq məhkəmənin həll edəcəyi işdir: "İnternetin kəsilməsini sənədləşdirdikdən sonra istehlakçı məhkəməyə müraciət edə bilər”.

Ayyət Əhməd