“İstənilən an erməni təxribatına hazır olmalıyıq”

Millət vəkilləri düşmənin hərbi helikopterinin vurulmasını Azərbaycanın özünü müdafiəsi kimi qiymətləndirir



Noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mi-24” tipli döyüş helikopterinin Azərbaycan ordusu tərəfindən məhv edilməsi ölkəmizdə böyük ruh yüksəkliyi və məmnunluqla qarşılandı. Dünya ictimaiyyəti, nüfuzlu beynəlxalq təşkilatlar və tanınmış dövlət xadimləri də Azərbaycanın haqlı mövqeyini müdafiə etdilər.

Yəni hadisənin mahiyyətini dərk edənlər həqiqəti deməkdən çəkinmədilər. Amma hər zaman olduğu kimi, bu dəfə də erməni lobbisi və onların himayə etdiyi bəzi ermənipərəstlər helikopterin vurulmasından sonra dövlətimiz və ordumuz əleyhinə sərsəm ifadələr söyləməyə başladılar. Bəzi qərəzli dairələr humanizm və insan haqqları kimi amilləri əsas gətirərək sanki günahsız sivil şəxslər məhv edilibmiş kimi dünya mətbuatında ölkəmiz əleyhinə təbliğat aparmağa səy göstərdilər. Hətta nə qədər acı da olsa, düşmənin təbliğatına bəzi erməni xislətli "azərbaycanlılar” da qoşuldular. Ermənistan rəsmiləri həyasızcasına bəyan edirdilər ki, helikopterdə olan hərbi qulluqçular qondarma "Dağlıq Qarabağ Respublikası”nın əsgərləri olub. Amma aydın oldu ki, helikopter Ermənistan Silahlı Qüvvələrinin İrəvan yaxınlığındakı "Erebuni” hərbi aerodromunda dislokasiya olunan 15-ci bazaya məxsus imiş. Məhv edilən üç zabit də Ermənistanın Hərbi Hava Qüvvələrində xidmət edirlərmiş. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamada da bəyan edilib ki, Azərbaycan hərbi helikopteri vurmaqla, həmsədrlər qarşısında üzərinə götürdüyü heç bir öhdəliyi pozmayıb. Çünki XİN-in həmsədrlərə göndərdiyi məktubda dəfələrlə bildirib ki, Azərbaycanın hava məkanında Ermənistana aid hərbi təyyarə və ya digər vasitələr qeydə alındığında dərhal vurulacaq.

Millət vəkili Fazil Mustafa ordumuzun erməni helikopterini vurmasına haqq qazandırıb: "Biz müharibə şəraitindəyik. Azərbaycan ərazisinin, Dağlıq Qarabağın hüdudlarında olan istənilən düşmən obyektini Azərbaycan ordusu zərərsizləşdirməlidir. Özü də biz bunu Ermənistanın ərazisində etməmişik. Sırf Azrbaycan torpaqlarında olduğuna görə, ordumuza haqq qazandırıram. Hesab edirəm ki, Silahlı Qüvvələrimiz bundan sonrakı istənilən erməni provakasiyasına hazır olmalıdır. Düşmənin hücumlarının qarşısı alınmalıdır”.

Millət vəkili İqbal Ağazadə də helikopterin vurulmasını düzgün addım sayıb: "Atəşkəs rejimi olmasına baxmayaraq, Azərbaycanın hava məkanı pozulub və ölkənin işğal olunmuş ərazilərində qeyri-qanuni uçuşlar həyata keçirilib. Təbii ki, Azərbaycan tərəfi buna öz münasibətini bildirməli idi. Çünki vətəndaşlar bundan əziyyət çəkir. Hərbi helikopterin hansı əməliyyatlar keçirməsini heç kim sığortalaya bilməz. Yəni kim deyə bilər ki, onlar test uçuşu həyata keçirirdi, yoxsa hər hansısa ərazini bombalayacaqdı. Azərbaycana kim təminat verə bilərdi ki, bu iki helikopter orada çoxlu sayda dinc sakinləri öldürməyəcəkdi? Bununla bağlı heç bir zəmanət yoxdur. Ona görə də, heç kəs Azərbaycanı hansısa qanunları pozmaqda ittiham edə bilməz”.

İsmayıl