“Təklif etdilər, qəbul etdim”

Yadigar Məmmədli yeni vəzifəsini adi iş kimi qarşılayıb




Demokratik Jurnalistlər Liqasının sədri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yadigar Məmmədli Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətinin rəhbəri təyin edilib. Artıq rəsmi əmr də verilib.

Bundan sonra Y.Məmmədli adıçəkilən qurumun mətbuat işlərində məsul şəxs kimi fəaliyyət göstərəcək.

Təyinatla bağlı təəssürratlarını "Şərq”ə bölüşən Yadigar Məmmədli belə təyinatı adi iş kimi qarşıladığını bildirib: "İş təklifi etdilər, qəbul etdim. Bu, mənim üçün böyük bir hadisə deyil. Çünki uzun illərdir ki, jurnalistika fəaliyyəti ilə məşğul oluram. Son 10 ildə isə jurnalist təşkilatına rəhbərlik edirəm. Həmçinin universitetdə müəllim kimi çalışıram. Ancaq fərqli-fərqli yerlərdə çalışsam da, bütövlükdə mətbuat sferasından kənara çıxmamışam”.

Y.Məmmədli bununla yanaşı, Demokratik Jurnalistlər Liqasının sədrliyindən getməyi düşündüyünü açıqlayıb: "Bu təşkilatda işi idarə edənlərin artıq başqa şəxslər olmasını düşünürəm. Mən üzv və ya fəxri sədr kimi qala bilərəm. Lakin Mətbuat Şurası İdarə Heyətinin üzvlüyündə qalacam. MŞ-də ictimai əsaslarla çalışıram. Ümumiyyətlə, bütün ictimai fəaliyyətimi dayandırmağı fikirləşmirəm”.

Həmkarımızı ilk təbrik edən "Lent.az” İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğlu olub: "Qabil bəylə hələ 1990-cı illərdə Xalq Cəbhəsi İnformasiya Mərkəzində birlikdə çalışmışıq, dostuq. Elə yeni iş yerim haqqında ilk məlumatı "Lent.az” yayımlayıb. Digər jurnalist dostlarımdan da təbrik edənlər oldu. Bundan əlavə, yeni iş yerimlə bağlı çoxlu təbriklər gəlib. Sizə və məni təbrik edən hər bir şəxsə, həmçinin, yeni iş yerimi xəbər kimi işıqlandıran həmkarlarıma kolleqalarıma təşəkkürümü bildirirəm, çox sağ olun”.

P.S.Biz də "Şərq” qəzeti olaraq Yadigar Məmmədlini təbrik edir, ona işlərində daha böyük uğurlar arzu edirik.

Vüqar Şahinoğlu