Müsavat piket çağırışına əhəmiyyət vermir

“Kamil Xəlilbəylinin partiyada təhqir etmədiyi adam qalmayıb”



Müsavat Partiyasından çıxarılanlar noyabrın 15-də qurumun qərargahı qarşısında piket keçirəcəklər. Bu barədə təşkilatdan çıxarılan Kamil Xəlilbəyli məlumat verib. O bildirib ki, partiya rəhbərliyi tərəfindən haqsızlıqlara etiraz olaraq noyabrın 15-də piket keçirəcək.

K.Xəlilbəyli narazı olan digər şəxsləri də piketə qoşulmağa dəvət edib. Xatırladaq ki, K.Xəlilbəyli ötən gün Mərkəzi Nəzarət-Təftiş Komissiyasının qərarı ilə partiyanın siyasi xəttinə zidd hərəkət etdiyi üçün Müsavatdan çıxarılıb.

Piket barədə "Şərq”ə danışan başqan müavini Gülağa Aslanlı bu barədə partiyaya hansısa müraciətin olunmadığını deyib: "Kimlərinsə "facebook”da nəsə yazmasının, çağırış etməsinin bizim üçün heç bir əhəmiyyəti yoxdur. Ona görə də piketlə bağlı hansısa tədbir görmək, müzakirə aparmaq niyyətində deyilik. Bunu ciddi məsələ kimi qəbul etmirik”.

Müsavatın Divan üzvü Osman Kazımov isə Kamil Xəlilbəylinin partiyadan çıxarılmasına haqq qazandırıb: "Onun qurumda təhqir etmədiyi adam qalmayıb. Statuslarına, fəaliyyətinə baxmaq kifayətdir ki, bunu görəsiniz. Müsavat Partiyasının Xaçmaz rayon təşkilatının sədr müavini Könül Turan da hər kəsə, hətta Qubad İbadoğluna da müraciət edib ki, ona edilən təhqirlərin qarşısı alınsın. Amma nəticə olmayıb”. O.Kazımov əlavə edib ki, K.Xəlilbəyli Müsavat Partiyası rəhbərliyinin də ünvanına təhqirli ifadələr işlədib: "Bütün məsələlər MNTK-da var, bu araşdırmanı onlar aparıb və qərar veriblər. Onun piket çağırışı etməyə haqqı yoxdur”.

İsmayıl