Şeyx etiraf etdi

“İslamın düzgün təbliğ olunmamasının nəticəsidir ki, bəzi gənclərimiz bizlərdən uzaqlaşaraq təsir altına düşür”



Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində fəaliyyət göstərən Din Xadimlərini Təkmilləşdirmə Kurslarının növbəti - dördüncü buraxılışı olub. İdarədən verilən məlumata görə, QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə kursların fəaliyyətini Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyədə olmasının bariz nümunəsi kimi dəyərləndirib və bu layihəyə verdiyi maddi-mənəvi dəstəyə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Təkmilləşdirmə kurslarını bitirən müdavim-ruhanilər qarşısında böyük öhdəliklər olduğunu vurğulayan Şeyx Azərbaycanda dini maarifləndirmə ilə bağlı müəyyən çatışmazlıqlar olduğunu da dilə gətirib: "İslamın düzgün təbliğ olunmamasının nəticəsidir ki, bəzi gənclərimiz bizlərdən uzaqlaşaraq təsir altına düşür və cihad adı ilə başqa ölkələrə yollanırlar. Biz dinimizi düzgün təbliğ etsək, belə halların qarşısı alınar”.

Şeyxülislam təkmilləşdirmə kurslarının din xadimlərinin bilik və dünyagörüşü səviyyəsinin daha da artırılması baxımından olduqca mühüm rol oynadığını və bu kursların bundan sonra da davam etdiriləcəyini qeyd edib.

Din xadimləri üçün təkmilləşdirmə kurslarının çox əhəmiyyətli olduğunu deyən ilahiyyatçı Atif İsmayılov da "Şərq”ə Azərbaycanda dini tədrislə bağlı çox ciddi problemlər olduğunu deyib: "Ölkədəki dini durumla bağlı bir sıra narahatedici məqamlar mövcuddur. Bu narahatedici məqamlar radikal dini qruplaşmaların pozuculuq fəaliyyəti ilə bağlıdır ki, son illərdə müxtəlif dini cərəyanların belə fəaliyyətinin dəfələrlə şahidi olmuşuq. Təbii ki, bu qüvvələr islam dini sahəsində yaranmış boşluqdan yararlanaraq öz məkrli niyyətlərini reallaşdırmağa can atırlar.

Universitetdə din tədris olunsa da, xüsusi təbliğat metodu yoxdur. Bu gün Azərbaycanda islam dinindən, tarixindən xəbəri olan kifayət qədər insanlar var. Amma yaşadığımız bu problemlər əqidə, ideologiya boşluğundan irəli gəlir. Əgər sözügedən kurslarda ideologiya düzgün aşılansa, əldə olunan təbliğat nəticəsi də müsbət olacaq. Bu gün Azərbaycan vətəndaşlarının "cihad” adı altında xarici ölkələrdə döyüşməsinin əsas səbəbi insanlarımızın ideologiyadan xəbərsiz olmasıdır. Milli ənənəvi dəyərlərimizə sadiq olduğumuz bir ideologiya qura bilməmişik, ona görə də, xarici qüvvələr asanlıqla insanlara təsir edib, onlara öz ideologiyalarını aşılaya bilirlər”.

Hacı Atifin sözlərinə görə, islamın düzgün təbliğ olunması üçün ilk növbədə milli və mənəvi ənənələrimizi özündə cəmləşdirən bir ideologiya formalaşdırmalıyıq. Bizim xarici ölkələrin təbliğ etdiyi dini biliklərə ehtiyacımız yoxdur. Azərbaycanın çox istedadlı və bilikli ruhaniləri olub. Onların bizim üçün irs qoyduğu ideologiyanı cəmiyyətə aşılamalıyıq: "Azərbaycanda mütləq dini sahədə maarifləndirmə işi gücləndirilməlidir: "Ümumiyyətlə, dinimiz müasir dövrün tələblərinə uyğun insanlara çatdırılmalıdır. Son zamanlar gənclərin dinə olan marağı günü-gündən artıb. Bu marağı biz təmin etmədikdə onlar kimlərinsə təsirinin altına düşür. Bəzi hallarda isə kənar dövlətlərin maraq dairəsində olan müəyyən qüvvələrin təsirinin altına düşür. Radikal cərəyanlar insanların bilgisizliyindən istifadə edirlər. Radikal düşüncələr əslində çox primitiv düşüncələrdir. Onların təsiri altına savadsız, din haqqında məlumatı olmayan insanlar düşür. Düşünürəm ki, kompleks tədbirlər görülməlidir. Ümumiyyətlə, dini təhsilin səviyyəsi yüksəldilməlidir. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən din xadimləri üçün təkmilləşdirmə kurslarını yüksək qiymətləndirirəm. Onlarla din xadimi orada iştirak edir. Din xadimləri üçün mühazirələr oxunur. Təkcə dini elmlər sahəsində yox, digər elmlərlə də bağlı müəyyən dərslər keçirilir, mühazirələr oxunur. Ümumiyyətlə, din xadimlərinin dünyagörüşünün zənginləşdirilməsinə, savad səviyyəsinin yüksəldilməsinə ehtiyac var. Bu halda onlar dinimizi insanlara müasir dövrün tələblərinə uyğun şəkildə çatdıra bilərlər. Həm də xaricdən kimlərsə din adı ilə öz maraqlarına uyğun şəkildə hansısa məsələləri Azərbaycana yeridə bilməz”.

A.İsmayılovun sözlərinə görə, bu cür kurslar təkcə din xadimləri üçün yox, ümumilikdə dini tədrisə meylli olan insanlar üçün də olmalıdır.

Şəymən