Niyə dini təriqətlər Sumqayıtı “ocaq” seçir?

Kriminalist bir neçə faktorları sadaladı


Sumqayıtda vəhhabi təriqətinə mənsub şəxsin saxlanılması və axtarış zamanı onun evindən qanunsuz silah-sursat, həmçinin həyətində məscid və mədrəsə kimi istifadə olunan yeraltı tikilinin aşkarlanması kifayət qədər ciddi siqnaldır. Həm də Sumqayıtda bu, birinci hadisə deyil.

Bundan əvvəl də, həmin şəhərdə vəhhabi təriqətinə mənsub bir neçə şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı və onların da qanunsuz dini fəaliyyətlə məşğul olduqları aşkarlanmışdı. Niyə məhz bu şəhər? Qeyri-ənənəvi dini təriqətlərin Sumqayıtı "ocaq” seçmələrinin səbəbləri nədir?

Olayı şərh edən İctimai Təhqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altay "Şərq”ə açıqlamasında qeyd etdi ki, dini təmayüllərini yaymaq istəyən çevrələr "ovlarını” seçməklə bir neçə faktoru nəzərə alırlar:

- Hansısa zərərli dini təmayüllərin nümayəndələri harada geniş fəaliyyət göstərə biləcəklərini müəyyən edir. Məsələn, paytaxtda onların fəaliyyət imkanları məhduddur. Çünki paytaxtda ictimai asayiş güclü nəzarət altındadır, hüquq-mühafizə orqanları öz vəzifələrini bilir və layiqincə yerinə yetirirlər. Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları da o cümlədən. Birinci faktor, ictimai asayişin qorunma dərəcəsidir. Görünür, Sumqayıt Bakıya nisbətən daha az qoruma altındadır. Və dini təmayüllər də əl-qol aça bilirlər. İkinci faktor ərazinin, bölgənin,

şəhərin və ya kəndin nə dərəcədə klassik ənənələrə sahibliyidir. Məsələn, heç kəs təsəvvürünə belə gətirə bilməz ki, vəhhabilik Bakının Nardaran, Maştağa və ya hansısa başqa kəndində yayıla bilsin, bu təriqətin mənsubları o kəndlərdə fəaliyyət göstərsinlər, nəsə bir təbliğat aparsınlar. Bu, mümkün deyil. Çünki Bakı kəndlərinin təmayülü bəllidir və bu bölgədə artıq oturuşmuş, möhkəmlənmiş dini ənənələr mövcudlur. Əhali öz ənənələrinə sadiqdir.

Digər tərəfdən Bakı müasir şəhərdir, Avropa dəyərlərinə inteqrasiya edir, yəni, burada vəhhabiliklə kimisə cəlb etmək, yolundan sapdırmaq çox çətindir. Bu cür yerlərdə əhaliyə təsir imkanları da zəif olur. Amma ölkəmizin elə bölgələri var ki, orada ənənələr dəyişikəndir. Bu da həmin bölgələrin əhalisinin kompakt olmaması, yerli əhalinin azlığı, başqa bölgələrdən gələnlərin sayının çoxluğu ilə bağlıdır. Məsələn, hamımız bilirik ki, Sumqayıt sonradan salınmış, iqtisadi bir rayona çevrilmiş "kimyaçılır şəhəri” idi. Bu şəhərə Azərbaycanın hər bölgəsindən axın vardı. Gənclər, ailələr bura işləməyə gəlirdilər və məskunlaşma prosesi gedirdi. Hər evdən çıxan özü ilə o evin adət-ənənəsini gəzdirir. Müxtəlif adət-ənənələr bir yerə toplaşıb ümumi bir fon yaradır. Assimilyasiya prosesi gedir. Konkret bir bölgənin insanı qarışıq ənənələr arasında öz ənənəsini itirir. Ümumiləşirlər. Sumqayıt belə bir şəhərdir. Bu gün də orada müxtəlif bölgələrdən gəlmiş insanlar yaşayırlar. Eləcə də Mingəçevir, Gəncə. Baxın, Gəncədə də radikal dini təmayüllər geniş yayılıb, hüquq-mühafizə orqanları bir neçə dəfə Gəncədə geniş əməliyyatlar həyata keçiriblər və qeyri-ənənəvi dini təriqət mənsublarını zərərsizləşdiriblər. Təbii ki, qanunsuz fəaliyyətlərinə görə. Azərbaycan hüquq-mühafizə orqanları kimisə vəhhabi və ya başqa təriqətə mənsubluğuna görə həbs etmir, bu insanların əməlində hansısa qanun pozuntusu aşkarlanır ki, onlar nəzarət altına alınırlar.

Başqa bir faktor dini təriqətlərin mövcud dini-mənəvi boşluqlardan yararlanmasıdır. Neçə müddətdir ki, biz radikal islamdan, gənclərin terror qruplaşmalarına cəlb edilməsindən danışırıq, bunu ciddi problem kimi, təhlükə olaraq qaldırırıq. Amma biz bu zərərli axının qarşısının alınması üçün hansısa effektli addımların atıldığını görmürük. Bizim əhalinin əksəriyyəti hələ də islam dininin əsaslarından xəbərsizdir, Suriyada, İraqda əslində nələr baş verdiyini, "İŞİD”in nə olduğunu bilmir. Məlumatsızlıq insanların yanlış istiqamətə yönlənməsinə səbəb olur. Görün, nə qədər cavanlarımız gedib "İŞİD” sıralarına qoşulub. Görün, bu cavanlar nə qədər ürəkdən, səmimi xidmət ediblər ki, hətta onları komandir də seçiblər. Terror qruplaşmasında komandir təyin olunmaq asan məsələ deyil. Nə qədər sədaqətli, sınanmış adam olmalısan ki, sənə belə bir vəzifə tapşırılsın. Mən bunu, təbii ki, mənfi tərəfdən qiymətləndirirəm. İzah etməyə çalışıram ki, görün, bu gənclərlə necə iş aparılıb, necə cəlb ediliblər. Bilirsiz, bu, bir günün, iki günün işi deyil. İnsanları mənsub olduqları təriqətdən, dindən yayındırmaq asan gəlməsin. Bu cavanlar az-çox ailələrində müsəlmanlıq görüblər, nənə-babalarının nəyə və necə ibadət etdiklərini bilirlər. Bəs necə olur ki, bu insanlar öz köklərindən imtina edib, dünənədək tanımadıqları, əlaqələri olmayan insanların təsiri altına düşürlər? Deməli, hardasa boşluqlar var, hardasa həlqə qırılıb. Amma biz bunu tapa bilmirik. Və yaxud lazımi işləri görə bilmirik.

İ.Altay bir sıra dindarların məsuliyyətə cəlbedilmə səbəblərinin ictimaiyyətə düzgün açıqlanmalı olduğunu da dedi:

- Hansısa təriqət üzvü hüquq-mühafizə orqanları tərəfindən saxlanılırsa, belə təəssürat yaranmamalıdır ki, Azərbaycanda dini etiqad azadlığı yoxdur. Heç bir dindarı sadəcə, ibadət etdiyinə görə, məsuliyyətə cəlb etmirlər. Görünür, bu insanlar hərəkətləri, davranışları ilə ibadətin hüdudlarını keçiblər. "Dərinə” gediblər. Bilirsiz, hər bir məsələ, hər bir işin öz hüdudları, əhatəsi var. Hər kəs öz əməlində hüdudlar daxilində hərəkət etməlidir. Nə zaman ki, hüdudlar aşılır, artıq cəmiyyət üçün təhlükə başlayır. Kiminsə əməli, davranışları ictimai təhlükəsizliyi təhdid halına gəlirsə, hüquq-mühafizə orqanları fəaliyyətə keçirlər. Məlumdur ki, hazırda Azərbaycan cəmiyyəti üçün çətin dövrdür. Cəmiyyətimiz formalaşma mərhələsini hələ tam başa vurmayıb. Bu mənada Azərbaycan cəmiyyətini kövrək hesab etmək olar. Belə vəziyyətdə təriqətlər vasitəsilə cəmiyyətin parçalanması əlbəttə, yolverilməzdir. Hüquq-mühafizə orqanları istəməz ki, əsaslı sübut, dəlil olmayan yerdə kimisə məsuliyyətə cəlb etsin. "Dini etiqad azadlığı haqqında” qanuna görə, icmaların mənzildə toplaşmaları qadağandır. Məscidlər, ibadət yerləri var, kim istəyir, gedib sərbəst ibadətlə məşğul ola bilər. Bilirsiz, evlərdə, şəxsi mənzillərdə insanların toplaşması onlara nəzarət imkanlarını azaldır. Məscid, digər kütləvi ibadət yerləri isə cəmiyyətə açıqdır. İnsan normal qaydada ibadətlə məşğul olursa, onun kimdənsə gizlənməsinə ehtiyac yoxdur. Hamının gözü qarşısında ibadətini edəcək. Bir qrup insanın şəxsi mənzillərdə toplaşması isə cəmiyyəti də narahat edir, insanlarda şübhə yaradır. Ölkədə kifayət qədər məscid, ibadət yerləri var. Açıq-aydın halda kim istəsə, gedib ibadətini yerinə yetirə bilər. Hesab edirəm ki, Azərbaycan hüquq-mühafizə orqanları da, xüsusi xidmət orqanları da, dindarlarla həm də ehtiyatlı davranmalıdır. Bu məsələlərdə bir sıra incə məqamlar olduğunu nəzərə alıb "qızıl orta” tapılmalıdır. Elə olmasın ki, səbəbsiz yerə dindarlar incidilsin və elə də olmasın ki, tutarlı əsas olduğu halda kimlərsə məsuliyyətdən kənarda qalsın. Təriqət mənsublarının hansı səbəbdən məsuliyyətə cəlb olunduğu da cəmiyyətə izah edilməlidir. İctimaiyyətin daim məlumatlı olması lazımdır ki, hadisələrə düzgün yanaşa bilsin.

Məlahət Rzayeva