Ailə psixoloqu modelini yaratmağa ehtiyac var

Çünki bəzən böyük bir ailə xırda bir problemdən dolayı dağılır




Azərbaycanda "Ailə psixoloqu” institutu formalaşdırılacaq. Bu barədə 2014-2025-ci illəri əhatə edən "Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı”nda qeyd olunub.

Adıçəkilən institutun formalaşdırılması və inkişaf etdirilməsi üzrə müvafiq tədbirlər həyata keçiriləcək. Bununla bağlı işlərin icrası Təhsil Nazirliyinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə həvalə olunub. O cümlədən, himayədar ailə mexanizminin yaradılması və ölkədə tətbiqi üzrə tədbirlər həyata keçiriləcək.

Bu istiqamətdə işləri Nazirlər Kabineti, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həyata keçirəcək. Təbii ki, Azərbaycanda psixologiya elmi yeni formalaşdığı üçün cəmiyyətdə ailə psixoloqu kimdir və nə üçün lazımdır kimi suallar doğuracaq. Əvvəllər də bu cür problemlər vardı, amma ailə psixoloqu yox idi, problem həll olunmurdumu?

Psixoloji Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovun qənaətincə, formalaşacağı təqdirdə Azərbaycanda ailə psixologiyasının böyük gələcəyi olacaq: "Ailə üzvləri arasındakı anlaşılmazlıqların, münaqişə və problemlərin ailə psixoloqunun köməyi və nəzarəti ilə çözülməsi müsbət bir hadisədir. Təbii ki, hər zaman ailə psixoloquna ehtiyac duyulmur. Amma yeni ailə qurmaq üzrə olan gənclərlə bağlı problem yaranarsa, ailə üzvləri arasındakı problemlər varsa, yaxud da antisosial davranışlar göstərən bir yeniyetmənin varlığı zamanı, həmçinin emossional qırğınlıq və aldatma zamanı ailə psixoloqlarına böyük ehtiyac duyulur”.

Ailəiçi problemlərin hər zaman olduğunu və olacağını vurğulayan psixoloq bildirib ki, ailə elə bir sosial strukturdur ki, illərlə bir-birindən tamamilə fərqli formada, fərqli ailələrdə, fərqli psixologiya və mühitdə, fərqli adət-ənənələrlə yetişdirilmiş iki insan bir araya gəlir, bir evin içərisində, bir həyat paylaşırlar: "Təbiidir ki, sürtünmələr, çatışmalar qaçılmazdır. Ancaq gəlin etiraf edək ki, əvvəllər ailə faktoru daha başqa cür qavranılırdı, ailə daha müqəddəs, daha bölünməz idi. Son illərdə hədsiz dərəcədə artan boşanmaların sayı da bugünkü "ailə” anlamının fərqli olduğu və yetərli dəyər görmədiyini sübut edir. Əvvəllər ağsaqqallar, ağbirçəklər vardı evlərimizdə, hansı ki, onların statusu bugünkündən daha böyük, daha güvənilir və yaxşı mənada ciddi tənzimləyici idi. Ancaq indi dövr və dövrün özüylə gətirdiyi tələblər və şərait çox dəyişib. Gənclər artıq özləri müstəqil bir həyat, ailə, münasibət istəyirlər və bəzən təcrübəsizlikləri, bəhs etdiyimiz ağsaqqal, ağbirçəklərin yoxluğu və ya dinlənilməməsi, insanlararası münasibətlərin artıq daha soyuq, güvənsiz və yıxıcı xarakter alması, dost faktorunun əsl mahiyyətinin itirilməsi, müxtəlif sosial və məişət problemləri, əvvəlki dövrlərlə müqayisədə günümüzdə əsəb, stress, həyəcan pozuntusu, depressiya və s. halların artması bərabərində müxtəlifyönümlü problemlərə gətirib çıxarıb”. E.Rüstəmov vurğulayıb ki, artıq Azərbaycanda ailə psixoloqu modelini yaratmağa ehtiyac var: "Ailələrlə iş prosesində görürəm ki, ən sonda psixoloqu çağırırlar. Halbuki daha öncə psixoloq prosesdə iştirak eləsəydi, çox böyük kömək edə bilərdi. Bir də baxırsan ki, ailə xırda bir məsələdən dolayı dağılır. Oğlan evin neçənci uşağıdır? Qız evin neçənci uşağıdır? Tək uşaqlar evlənmə prosesində nəyi nəzərə almalıdırlar və s. bizim üçün kiçik görünən nüanslar ailə qurulma prosesində mütləq nəzərə alınmalıdır. Qurulan ailəyə birmənalı şəkildə psixoloq rəyi lazımdır. Bəziləri elə düşünür ki, psixoloqun yanına getsə ayrılacaq. Əksinə, psixoloq insanda gələcəkdə üzləşə biləcəyiniz narahatçılıqla bağlı immuniteti formalaşdırır. Bir çox ailələrdə adaptasiya prosesi zəif gedir. Təsəvvür edin ki, 25 il tamam ayrı bir dəyərlərlə, ayrı qaydalarla böyüyən biri 25 ildən sonra fərqli bir mühitə düşür. Bunu həzm etmək, ona uyğunlaşmaq, öhdəsindən gəlmək üçün peşəkar psixoloq yardımı lazımdır”.

Şəymən