Həbsxanalarda iş yerləri açılmalıdır

“Məhbus nə qədər dörd divar arasında o baş-bu başa hərəkət edər”








































Məhkumların ictimai islahedici işlərə və faydalı əməyə cəlb olunmaları məqsədilə yeni iş yerləri açılıb. Bununla bağlı artıq Penitensiar xidmətin 10 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində istixana istifadəyə verilib. Yeni təşkil olunmuş istehsalat sahəsində 20 nəfərədək məhkum çalışa biləcək. Həbsxanalarda məşğulluq sahələrinin yaradılmasının vacibliyini vurğulayan İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov ilk öncə Sovet dövründə həbsxanalardakı məhkumların iş fəaliyyətindən danışıb:

"O zaman həbsxanaların emalatxanaları və dəzgahları var idi. Məsələn, 1 saylı cəzaçəkmə müəssisəsi dəmir kravatlar və mismarlar hazırlayırdılar. 6 saylı cəzaçəkmə müəssisəsi isə mebel və taxta qapı-pəncərə işləri ilə tanınırdı. Həmçinin, iş olan zaman məhkumların başı işə qarışırdı, həbsxana da olsa çalışırdılar. Sonradan məhkumlar azadlığa çıxdıqda ciblərində 5-10 manat pulları olurdu. Bu gün Azərbaycan müstəqil dövlətdir. Həbsxanada olan avadanlıq isə köhnəlib və ya sınıb-dağılıb. Xalq Cəbhəsinin hakimiyyəti dövründə həmin sexlərin çoxu dağıdılıb söküldü, oğurlandı”.

Hüquq müdafiəçisi belə iş yerlərinin daha çox yaradılmasının tərəfdarıdır: "Azərbaycanın bütün cəzaçəkmə müəssisələrində dəfələrlə monitorinq keçirmişəm. Oradakı vəziyyətdən məlumatlıyam. 4, 6, 15 saylı cəzaçəkmə müəssisələrindən başqa həbsxanaların bir çoxunda işsizlik hökm sürür. Həbsxanalarda kütləvi iş yerləri açılsa yaxşı olar. Ədliyyə naziri cənab Fikrət Məmmədovla da görüşüm zamanı bu barədə fikirlərimi söyləmişəm. Fikrət müəllim də iş yerlərinin artırılmasına çalışdıqlarını və bu istiqamətdə işlər aparıldığını bildirib. Yoxsa məhbus nə qədər dörd divar arasında o baş-bu başa hərəkət edər. Ona görə də belə iş yerlərinin açılmasını yüksək qiymətləndirir və dəstəkləyirəm”.

Vüqar Şahinoğlu