“İnanmıram ki, Bayılda evlər kompensasiyasız sökülsün”

Mirvari Qəhrəmanlı: “Çünki orada məskunlaşan ailələrin əksəriyyətinin əlində müvafiq sənədlər var”



Bakının Səbail rayonu ərazisində söküntü işləri genişləndiriləcək. Bayıl qəsəbəsi və "20-ci sahə” yaşayış massivində plana düşən tikililər köçürüləcək. Artıq Arif İsmayılov, Salyan Döngəsi II, Yüzbaşı Mürsəlov, İbrahim Məmmədov, Lütfin Babayev, Şahlar Allahverdiyev, Aydın Məmmədov və digər küçələrin sökülməsinə hazırlıq gedir.

Sözügedən ərazidə məskunlaşan sakinlərin iddiasına görə, onlara ünvanlanan bildirişlərdə kompensasiya verilməsindən söhbət getmir. Evlərinin sökülməsinə deyil, küçəyə atılmalarına etiraz etdiklərini vurğulayan narazı sakinlər "Ya bizə ev versinlər, ya da kompensasiya. Söhbət bir nəfərin, beş nəfərin taleyindən getmir. Burda yüzlərlə vətəndaşın taleyi qaranlıq qalmaqdadır. Heç kim bizim məsələyə aydınlıq gətirmir. Sanki qanunsuz olaraq burda yaşamışıq. Biz burda qeydiyyatdayıq. Küçəmiz var, qaz, işıq və su pulu ödəyirik”- deyə gileyləniblər.

Bildirişdə dəqiq vaxt yazılmadığını deyən sakinlər bildirib ki, onlara verilən bildirişlərdə qeyd olunub ki, sənədsiz mənzil sahibləri Dövlət Neft Şirkətinin (ARDNŞ) balansında olan torpaqları onlara satmış bələdiyyəni məhkəməyə verməli və kompensasiya tələb etməlidirlər: "Bizim evimizi qanunsuz tikili adlandırırlar. Yaşadığımız əraziyə küçə adlarını da bələdiyyə qoyub? Evlərimiz qanunsuzdursa, niyə yaşadığımız əraziyə qaz, su və işıq xətti çəkiblər”.

Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlının sözlərinə görə, həmin ərazilərin həqiqətən də ARDNŞ-in nəzdində olan torpaq sahələri öz təsdini tapıbsa, evlər söküləcək: "Söküntü ilə bağlı əvvəlcədən orada məskunlaşan insanlara bildiriş verilməlidir. Çox güman ki, verilib də. Əgər əhali həmin bildirişlə razı olmasa, onda öz adlarından məhkəməyə müraciət etməli və öz hüquqlarını tələb etməlidir. Bəzən bizim insanlar heç bir yerə müraciət etmədən, haqlarının arxasınca düşmədən hazıra nail olmaq istəyirlər”.

Məhkəmənin ARDNŞ-in lehinə çıxardığı qərara gəldikdə isə hüquq müdafiəçisi deyib ki, narazı sakinlər öz adlarından həmin qərarı Apellyasiya Məhkəməsinə verməlidirlər. Hətta lazım gəlsə, Avropa Məhkəməsinə qədər gedib çıxmalıdırlar. Ortada məhkəmənin qərarı olduğu üçün bizim təşkilat onlara yardım etmək iqtdarında deyil. Biz yalnız müvafiq instansiyalara çıxmaq üçün onlara yol göstərə bilərik”.

ARDNŞ-in sakinlərə heç bir kompensasiya vermədən söküntüyə başlamasına gəldikdə isə M.Qəhrəmanlı bunun inandırıcı olmadığını deyib: "Mənə elə gəlir ki, onlara təklif olunan kompensasiyalar sakinləri razı salmadığı üçün onlar bu cür açıqlamalar veriblər. İnanmıram ki, ARDNŞ Bayıl qəsəbəsində olan evləri kompensasiyasız söksün. Çünki orada məskunlaşan ailələrin əksəriyyətinin əlində müvafiq sənədlər var. Bəzilərinə orada ev tikmək üçün Dövlət Neft Şirkətinin vəzifəli şəxsləri icazə verib. Sakinlər də həmin sənədə əsasən məhkəmədə öz haqlarını tələb edə bilərlər. Sakinlərin narazılığı kompensasiyanın azlığıdır”.

Şəymən