Amerika buna daha çox maraqlıdır

Gələn il neft və qızılın qiyməti kəskin ucuzlaşacaq



Beynəlxalq korporasiyalar, investisiya şirkətləri neftin qiyməti ilə bağlı proqnozlarını dəyişib. Gələn il neft və qızılın kəskin ucuzlaşacağı gözlənilir. Hətta dünya birjalarında neft və qızıl ətrafında baş verən proseslər investorlar arasında ajiotaj yaradıb.

Belə ki, ABŞ birjalarında WTI markalı neftin bir barreli 76 dollar 11 sentə, London birjalarında isə "Brent” markalı "qara qızıl” günün müəyyən vaxtlarında, hətta 78 dollar 91 sentə təklif edilib. Artıq investisiya təşkilatları neftlə bağlı proqnozlarına yenidən baxmağa başlayıb. Böyük Britaniyanın "BB” və Fransanın "Total” şirkətləri Abu-Dabidə keçirilən neft konfransında 2017-ci ilə qədər icra edəcəkləri layihələrdə "qara qızıl”ın baza dəyərini 80 dolların altında hesablayacaqlarını bəyan ediblər. Məşhur "JPMorgan” investisiya şirkəti də "qara qızıl”ın qiymətinə dair proqnozlarını aşağı salıb. Şirkət qeyd edir ki, neftin qiyməti 70 dollar səviyyəsinə düşəcək: "OPEK hasilatın azaldılmasına dair qərar qəbul etməzsə, yanvar ayında qiymət qısamüddətli 65 dollara qədər də enə bilər. Belə olan halda neftin hasilatının perspektivləri ilə bağlı böyük ümidlər bəsləyən böyük investisiya bankları üçün çox pessimist bir ssenaridir”.

Məlumat üçün bildirək ki, hazırda OPEK ölkələri hasilatla bağlı vahid qərara gələ bilmirlər və ciddi fikir ayrılıqları var. Artıq "JPMorgan”un analitikləri ilin sonuna kimi hər hansı bir qərarın qəbul edilməyəcəyini düşünürlər. Əlbəttə, qiymətlərin aşağı düşməsi, OPEK dövlətlərinin gəlirlərində də kəskin azalmalara səbəb olacaq.

Bu qiymət azalmasının ölkəmizə təsir göstərib-göstərməyəcəyi barədə iqtisadçı-ekspert Vüqar Bayramovun fikirlərini öyrəndik. Ekspert bizimlə söhbətində bildirdi ki, neftin qiymətinin aşağı düşəcəyi gözlənilən idi: "Şirkətlər neftin qiymətinin kəskin azalmasında maraqlı olmadıqları üçün stabilləşmə olacaq”.

Ekspertin qənaətincə, dünya bazarında neftin qiymətinin ucuzlaşması yalnız iqtisadi deyil, həm də siyasi məna daşıyır: "ABŞ neftin qiymətinə təsir baxımından ciddi imkanlara malikdir. Amerika qiymətin enməsində maraqlıdır. Rəsmi Vaşinqton bu vasitə ilə Rusiya və Venesuelaya təsir göstərməyə çalışır. Ona görə də, hesab edirəm ki, qiymətlərin azalması prosesi davam edəcək”.

V.Bayramovun sözlərinə görə, bu enmələr Azərbaycan dövlət gəlirlərinə təsir göstərəcək: "Çünki ixracatdan büdcəyə gələn hər 100 doların 95 dolları neftin payına düşür. Azərbaycan bir daha təsir iqtisadiyyatın şaxələnməsi siyasətini davam etdirməlidir. Çalışmaq lazımdır ki, qeyri-neft sektorunun inkişafına nail olunsun. Belə olan halda ölkə iqtisadiyyatı yalnız neftdən gələn gəlirdən asılı olmayacaq. Ümumiyyətlə, ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi və iqtisadiyyatın şaxələnməsi prioritet olaraq qalmaqdadır”.

Ayyət Əhməd