İran güzəştlərə getmək istəmir

Ona görə sanksiyaların müddəti daha bir il uzadılıb



Amerika İrana qarşı sanksiyanın müddətini bir il uzatmaq qərarına gəlib. Hətta Ağ Ev rəhbəri bu barədə Konqresi xəbərdar edib. Təzyiqlərə səbəb isə İran-ABŞ münasibətlərinin normallaşmaması göstərilir. Beləliklə, sanksiyalar bu il noyabrın14-dən sonra da qüvvədə qalacaq.

Politoloq Natiq Miri "Şərq”ə açıqlamasında qeyd edib ki, cənub qonşumuzla nüvə proqramı barədə danışıqlar aparılsa da, konkret heç bir sənəd imzalanmayıb: "Anlaşma yoxdur. Yaxın zamanlarda bu qərar haqda müzakirələrin aparılması gözlənilir. Bununla yanaşı, rəsmi Vaşinqtonla rəsmi Tehran arasında müəyyən problemlər mövcuddur. Görünür, İran nüvə məsələsində ciddi güzəştlərə getmək istəmir. Eyni zamanda onlara qarşı embarqonun aradan qaldırlmasını tələb edir. Ortada konkret razılıq olmadığı üçün ABŞ sanksiyaların müddətini uzatmaq fikrinə düşüb”.

Ekspertin sözlərinə görə, Amerikanın bu qərara gəlməsində Suriya məsələsinin də rolu istisna deyil: "İran Əsəd rejimini ciddi şəkildə dəstəkləyir. Tehran bəyan edir ki, birmənalı olaraq Əsəd rejimini müdafiə edir. Deyilənlərə görə, Suriyada İranın dəstəyi ilə çox güclü bir dəstə yaradılır. Bu istiqamətdə konkret fəaliyyətin olduğu söylənilir. Əlbəttə ki, bu ABŞ-ı narahat edir. Belə məsələlərdə Obamanın qərarı da ciddi rol oynayır. Nüvə silahları və Suriya məsələlərində konkret tələblər yerinə yetirilmədikcə, Ağ Evin sanksiyalarının güclənməsinin şahidi ola bilərik”.

Ayyət Əhməd