65 ildən sonra tarixi görüş baş tutdu

Şimali və Cənubi Koreya liderləri düşmənçiliyi dayandırdılar
65 ildən sonra Şimali Koreya Xalq Demokratik Respublikasını təmsil edən bir lider ölkənin cənubuna, Cənubi Koreyaya ayaq basıb. Koreya Respublikasının prezidenti Mun Ce-in ilə Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen İn arasında tarixi görüş keçirilib və liderlər uzun müddət biri-birinin əllərini sıxıblar. Görüş sərhəddə yerləşən Pxanmuncom kəndində baş tutub.
Liderlər birgə Bəyannamə imzalayıblar. Danışıqlar zamanı tərəflər Şimal və Cənubun əlaqələrinin yaxşılaşdırılmasını, sülhü və birləşmənin perspektivlərini müzakirə ediblər. Dövlət başçıları təsdiqləyiblər ki, hər iki ölkənin ümumi məqsədi Koreya yarımadasında denuklearizasiya, yəni nüvə tərksilahı aparmaqdır. Cənubi və Şimali Koreya yarımadasının denuklearizasiyası məsələsində beynəlxalq ictimaiyyətlə əməkdaşlıq üçün fəal səylər göstərmək barədə razılığa gəliblər. Bəyannamədə deyilib ki, Cənubi Koreya və KXDR biri-birinə qarşı düşmənçilik fəaliyyətlərini dayandırırlar: "Koreya yarımadasında bir daha heç vaxt müharibə olmayacaq, yeni sülh dönəmi başlayıb!”. Xatırladaq ki, bu, 1950-1953-cü illər Koreya müharibəsindən sonra iki ölkənin liderləri arasında keçirilən 3-cü, Cənubi Koreya ərazisində isə ilk görüşdür. Bundan əvvəlki görüşlər Pxenyanda keçirilib. Politoloqlar hesab edirlər ki, bu görüş Koreya yarımadasının nüvə silahsızlaşdırılmasında vacib rol oynaya bilər. Cənubi Koreya tərəfi adada daimi sülhün təminatı və iki ölkə arasında münasibətlərin normallaşması baxımından görüşə böyük ümidlə yanaşıb. Məlumat üçün deyək ki, 1950-1953-cü illər Koreya müharibəsi yekun sülh sazişi ilə deyil, sadəcə, atəşkəs müqaviləsi ilə başa çatıb. Tərəflər faktiki olaraq müharibə vəziyyətində hesab olunurlar.
"ABŞ Koreyada baş verənlərdən qürur duymalıdır”
ABŞ dövlət başçısı Donald Tramp Şimali və Cənubi Koreya liderlərinin tarixi görüşünə münasibət bildirib. "Koreya müharibəsi bitəcək! ABŞ və onun bütün gözəl insanları hazırda Koreyada baş verənlərdən qürur duymalıdır” deyən Tramp bildirib ki, raket buraxılışları və nüvə sınaqları ilə keçən ağılsız illərdən sonra Cənubi Koreya və Şimali Koreya liderləri arasında tarixi görüş keçirilib: "Yaxşı şeylər baş verir. Lakin bundan sonrasını zaman göstərəcək”.
"Cənubi və Şimali Koreya liderlərinin görüşünü alqışlayırıq”
Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də özünün "Twitter” səhifəsində iki ölkə liderlərinin anlaşmasına münasibət bildirib: "Biz Koreya Respublikası və Koreya Xalq Demokratik Respublikası liderləri arasında baş tutmuş görüşü alqışlayırıq. Ümid edirik ki, bu görüş Koreya yarımadasında sülh, təhlükəsizlik və stabilliyin güclənməsinə töhfə verəcək”.
İsmayıl