"Buna imkan verməyəcəyik"

"Ukraynanın mərkəzi hökuməti ora ordu göndərir, hətta ballistik raketlərdən istifadə edir. Kimsə bu barədə danışırmı?"



Rusiya Kiyev rəhbərliyinin Donbassdakı "siyasi rəqiblərini məhv etməsinə" imkan verməyəcək. Bunu Rusiya prezidenti Vladimir Putin Avstraliyada olarkən Almaniyanın ARD telekanalına müsahibəsində deyib. ANS PRESS-in məlumatına görə, Putin Kiyevin Ukraynanın şərqində ballistik raket tətbiq etdiyini də iddia edib.
"Hazırda Ukraynanın şərqində hərbi əməliyyatlar gedir. Ukraynanın mərkəzi hökuməti ora ordu göndərir, hətta ballistik raketlərdən istifadə edir. Kimsə bu barədə danışırmı? Bir söz belə deyilmir. Bu, ondan xəbər verir ki, siz hamınız Ukraynanın mərkəzi hökumətinin orada hamını, bütün siyasi rəqiblərini və əleyhdarlarını məhv etməsini istəyirsiniz? Siz bunu istəyirsiniz? Biz istəmirik. Buna imkan verməyəcəyik", - deyə Putin bildirib.
Vladimir Putin Moskvanın Ukraynanın şərqindəki üsyançı qüvvələri silahlandırıb-silahlandırmadığına dair suala birbaşa cavab verməkdən boyun qaçırıb. "Onlarda zirehli texnika və artilleriya sistemləri hardandır? Müasir dünyada mübarizə aparan və bu mübarizəni ədalətli hesab edən insanlar həmişə silah tapacaqlar", - deyə Rusiya prezidenti bildirib.

Putin həmçinin Qərb ölkələrini Ukraynadakı böhrandan çıxış yolu üçün kompromis variantı tapmağa çağırıb. Rusiya prezidenti Qərbin Rusiya banklarına qarşı sanksiyalarla Ukraynanın iqtisadiyyatına da ziyan vurduğunu deyib.