Saakaşvili qayıdır?

“Gürcü Arzusu” dağılmaq üzrədir




Gürcüstanı etiraz dalğası bürüyüb. Paytaxt Tiflisdə sabiq prezident Mixail Saakaşvilinin təsis etdiyi müxalif "Vahid Milli Hərəkat” Partiyası izdihamlı mitinq keçirib. Aksiyada 20 minədək etirazçı iştirak edib. Yürüşün keçirilməsinə səbəb olaraq Rusiya və separatçı Abxaziyanın birgə ordu yaratmaq istəyi göstərilir. Məlumata görə, etirazçılar "Rusiyanı dayandıraq” və "Saakaşvili yenidən hökumətin başına gəlsin” şüarları ilə çıxış edib.

Saakaşvilinin özü mitinqdə Kiyevdən yaradılan videobağlantı vasitəsi ilə çıxış edib. "Bir tərəfdən Avropaya boylanan, o biri tərəfdən isə Rusiya ilə addımlarını razılaşdıran Gürcüstan var. Biz Gürcüstan hökumətinə xalqın vahid və məğlubedilməz olduğunu göstərməliyik”. Onun sözlərinə görə, keçmiş baş nazir Bidzina İvanişvili Gürcüstanı pərdə arxasından idarə edir. Eks-prezidentin çıxışından sonra Gürcüstan və Avropa İttifaqının himni səsləndirilib. İddialara görə, baş verən aksiyalar Gürcüstan iqtidarını narahat etməyə başlayıb. Çünki hazırda ölkə siyasi böhran dövrünü yaşayır. İndiki prezident Georgi Marqvelaşvili və baş nazir İrakli Qaribaşvili arasındakı müasibətlərin kəskinləşməsi kütləvi nazir istefasına səbəb olub. Belə bir dönəmdə Saakaşvili tərəfdarlarının geniş masştablı aksiya keçirməsi sabiq liderin yenidən hökumətin başına gəlməsinə zəmin yaradıb.

Qonşu ölkədəki siyasi prosesi şərh edən politoloq Qabil Hüseynli "Şərq”ə bildirib ki, keçmiş baş nazir Bidzina İvanişvilinin "Gürcü Arzusu” bloku dağılmaq üzrədir. Onun sözlərinə görə, rəsmi Tiflis Avropa Birliyi ilə assosiativ sazişə imza atsa da, üzünü Rusiyaya tərəf çevirib: "İvanişvilinin bütün səylərinə baxmayaraq, vəziyyət stabilləşmir. Onun bloku ölkəyə nəzarət edə bilmir. İndiki hakimiyyətin yeritdiyi siyasətlə bağlı ölkədə ciddi fikir ayrılıqları hökm sürür. Saakaşvili tərəfdarları da bundan istifadə edirlər”.

Ekspertin qənaətincə, Gürcüstanda indiki hakimiyyətin çökmə prosesi gedir: "Üstəgəl, əhalinin siyasi fəallığı durmadan artır. Bildiyimə görə, Saakaşvili Gürcüstana yaxın ölkələrin birində əyləşib prosesləri izləyir. Eyni zamanda onun təşkilatı da yüksək hazırlıq vəziyyətinə gətirilib. Bunlar onu göstərir ki, qonşu ölkə hər an qarışa bilər. Hər an silahlı qarşıdurmalar baş verə bilər ki, bu da hakimiyyətin dəyişilməsinə gətirib çıxarar. Amma hakimiyyət dəyişikliyinin konkret nə vaxt olacağını demək çətindi. Əminliklə demək olar ki, belə bir hal yaxın perspektivdə baş verəcək. Zənnimcə, İvanişvilinin indiyə qədər xalqı aldatmasının sonunda elə də böyük müddət qalmayıb”.

Ayyət Əhməd