Ermənilərin istənilən təxribatının qarşısı alınacaq

“Silahlı Qüvvələrimiz və məxfi xidmət orqanlarımız tam gücü ilə səfərbər olunub”



Noyabrın 12-də cəbhə xəttində Ermənistan ordusuna məxsus Mİ-24 hərbi helikopterin vurulmasından sonra yaranmış gərginlik davam edir. Əvvəlcə erməni tərəfi helikopterin silahsız olduğunu iddia eləsə də, qondarma DQR-in müdafiə naziri Movses Akopyan helikopterin Azərbaycan ordusu mövqelərinin 20 metrliyində vurulduğunu etiraf edib.

Bu səbəbdən ekspertlər hadisəni ermənilərin təxribatı hesab edirlər və bildirirlər ki, helikopterin Azərbaycan səngərlərinin 20 metrliyində manevr etməsi açıq-aşkar provokasiyadır. Çünki istənilən halda bu qədər yaxın məsafədə hərəkət edən düşmən texnikasının Azərbaycan hərbçiləri tərəfindən vurulacağı gözlənilən idi. Bu baxımdan təhlilçilər Ermənistan rəhbərliyinin Azərbaycan səngərləri üzərindən helikopter uçurmasının qabaqcadan planlaşdırıldığını düşünürlər. Hesab edilir ki, bununla da Ermənistan rəhbərliyi son zamanlar Azərbaycanın diplomatik cəbhədə fəallaşması, danışıqlar prosesinin aktiv mərhələyə keçməsi fonunda İrəvanı zəif mövqedən çıxarmağa çalışıb. Digər məqam isə hadisədən dərhal sonra Ermənistan siyasilərinin və hərbiçilərinin Azərbaycanı təhdid etməsi və adekvat cavabın veriləcəyini deməsidir. Hətta bəzi erməni politoloqlar daha irəli gedərək ölkənin silahı qüvvələrinə Azərbaycanın kommunikasiya xətlərini, neft-qaz kəmərlərini vurmasını təklif ediblər. Xatırladaq ki, ötən illərdə Ermənistan xüsusi xidmət orqanları Azərbaycana qarşı terror və təxribatlar həyata keçiriblər. Ona görə də bir sıra ekspertlər Ermənistanın Azərbaycandan qisas almaq üçün bu cür çağırışlar etməsini tamamilə boş hədə kimi qarşılamırlar. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti Ermənistan tərəfdən səslənən hədələrə bəyanatla cavab verib. Bəyanatda deyilir ki, Ermənistan Respublikasının hərbi-siyasi rejimi növbəti dəfə Azərbaycana qarşı hədə-qorxu dolu məsuliyyətsiz bəyanatlar verməkdə davam edir. Nazirlik rəsmi olaraq bildirib ki, düşmən tərəfi işğal edilmiş ərazilərdən qoşunlarının qeyd-şərtsiz və dərhal çıxarılmasının vacibliyini anlamalı, erməni gənclərini ədalətsiz müharibədən çəkindirərək əbəs yerə qırdırmamalıdır: "Azərbaycan Respublikasının Silahlı Qüvvələri düşmənin istənilən təxribatının qarşısını almağa qadirdir və hazırdır. Düşmən tərəfi növbəti dəfə hər hansı bir hərbi əməliyyata əl atarsa, Silahlı Qüvvələrimizin işğalçılara dərhal vuracağı zərbə hədsiz dərəcədə təsirli, məhvedici olacaq. Bu zərbə külli miqdarda itkilər və dağıntılarla nəticələnəcək, uzun müddət onların yaddaşlarından silinməyəcək”.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, deputat Zahid Oruc deyib ki, əgər ermənilər Azərbaycanın neft-qaz kəmərlərinə, əsas kommunikasiya xətlərinə zərbə vurmağa cəhd etsə, hava hücumundan müdafiə qüvvələrimiz mükəmməl şəkildə onların qarşısını alacaq: "Hərbiçilərimiz, Silahlı Qüvvələrimiz və məxfi xidmət orqanlarımız tam gücü ilə səfərbər olunub. Əgər düşmən Azərbaycanın mühüm kommunikasiya xətlərinə təhlükə yaradarsa, bu, transmilli səviyyədə ölkəmizdə iş aparan bütün xarici dövlətlərlə Ermənistanın müharibəsi demək olar. Reallaşmasa belə, bu niyyətin özü ermənilərin mənfur sifətini dünyaya göstərməyə kifayət edir. Əslində bu cür təhdidlər, hədələr ermənilərin beyin fırtınasıdır. Yəni düşmən tərəfinin düşdüyü pat situasiyasını önləmək üçün düşünülmüş bir məsələdir. Ancaq bunu uzun müddət müzakirə etmək ermənilərin xeyrinə işləyə bilər”.

İsmayıl