Qərb rəsmi Moskvaya yeni sanksiyalar tətbiq edəcək

“Vəziyyət həqiqətən də ciddidir”




Rusiya prezidenti Vladimir Putin "böyük iyirmilər”in Avstraliyada keçirilən sammitində sərt tənqidlə üzləşib. Sammit iştirakçıları Kreml rəhbərini Ukrayna böhranındakı roluna görə qınayıblar. Əslində Ukrayna məsələsi sammitin formal gündəliyində olmasa da, qərb liderlərinin Putinlə qeyri-rəsmi görüşlərində əsas mövzuya çevrilib. Kanadanın baş naziri Stiven Harper əlini sıxmaq üçün ona yaxınlaşan Putinə "siz Ukraynadan çıxmalısınız” deyib.

Məlumata görə, Putin ona müsbət cavab verməyib. Digər liderlər də Kreml rəhbərini "təhdid” ediblər. Böyük Britaniyanın baş naziri Kameron və Almaniya kansleri Merkel Rusiyanın Ukraynadan çıxmayacağı təqdirdə sanksiyaları artıracaqlarını bildiriblər. Münasibətdən razı qalmayan Rusiya prezidenti isə sammitin yekun bildirişinin nəşrindən öncə Avstraliyanı tərk edib. Ölkənin baş naziri Toni Ebbott bunu protokol qaydalarını "pozmaq” kimi qələmə verib. Rusiya televiziyasında çıxış edən Putin "ədalətsiz” tənqidlərdən şikayət edərək sammiti yarımçıq tərk etməsinə "yuxusuzluğunu” səbəb göstərib: "Mən sammiti tərk etsəm də, maliyyə nazirim orda qaldı. Burdan Moskvaya qədər doqquz saat uçmaq, evə çatmaq və bazar ertəsi işə çıxmaq lazımdır”. Sammitdə yaşanan olayları şərh edən bəzi siyasi ekspertlər hesab edirlər ki, Putinin davranışları və sözləri Rusiyanın Qərbin sanksiyalarından zəifləyəcəyi və geri addım atacağı gözləntilərini ümidsiz edib. Onların fikrincə, Kreml rəhbərinin bu cür yanaşması Qərb-Rusiya qarşıdurmasının normallaşmasına imkan verməyəcək. Putinin sammitdə alçaldılmasına münasibət bildirən siyasi şərhçi, "Trend” İnformasiya Agentliyinin icmalçısı Arzu Nağıyev "Şərq”ə verdiyi açıqlamada deyib ki, Rusiya tərəfi baş verənləri müxtəlif formada ictimaiyyətə çatdırmağa çalışsa da, əslində yaşananlar Kremlin əleyhinə olan təkzibedilməz faktlardır: "Rusiya prezidenti Vladimir Putin digər liderlərdən fərqli olaraq Avstraliya sammitini daha tez tərk etdi. Belə çıxır ki, ona "soyuq” münasibət göstərilib. Bu da o deməkdir ki, Moskva bu sammitdən əliboş qayıtdı və liderlərlə görüşdən öz xeyrinə yararlana bilmədi. Eyni zamanda Qərb liderləri də Rusiyanın maraqları xatirinə bir-biri ilə qarşıdurmaya getmədilər. Putin ölkəsində çalışdı ki, bunun səbəbini şəxsi problemlər və vaxt kəsimi ilə izah etsin. Ancaq düşünürəm ki, Putinin sammitdən tez getməsinin əsas səbəbini Ukrayna hadisələri ilə bağlı qərb liderlərinin ona göstərdiyi təzyiq və təpkilərdə axtarmaq lazımdır”. A.Nağıyevin sözlərinə görə, sammitdən əvvəl Qərb liderlərinin, xüsusən də Avstraliyanın baş naziri Tonni Ebbotun Putinlə çox sərt söhbətinin olacağı məlum idi: "Çünki Malayziya təyyarəsinin vurulması vaxtı 30 nəfər Avstraliya vətəndaşı həlak oldu. Kanada baş naziri Stiven Harper öz köməkçisi vasitəsilə, ümumiyyətlə, təhqiredici formada "sizin əlinizi sıxıram, ancaq Ukraynadan rədd olun” dedi. Bundan başqa, Pekində şəkil çəkilən vaxt sammitin sahibi ilə yanaşı duran Putin Brisbendə kənar bir yerdə dayandı. Həmçinin, yemək vaxtı Braziliya prezidenti Dilma Russefdən savayı heç kim onunla bir masada əyləşmədi. Baxmayaraq ki, Rusiya tərəfi baş verənləri müxtəlif formada ictimaiyyətə çatdırmağa çalışır, əslində bunlar Kremlin əleyhinə olan faktlardır”.

Politoloq düşünür ki, bundan sonra Qərb-Rusiya qarşıdurması kəskinləşməsə də, yaxşıya tərəf də getməyəcək: "Vəziyyət həqiqətən də ciddidir. Sammitdə yaşananlar isə çox güman ki, Rusiyaya yeni sanksiyaların tətbiq edilməsi və bu vasitələrlə Moskvaya istər siyasi, istərsə də maliyyə cəhətdən təzyiqin daha da artırılması ilə nəticələnəcək”.

İsmayıl