Girovlarımızın azadlığı üçün hamı çalışmalıdır

BMT və ATƏT-in nümayəndəliyi qarşısında aksiya keçirilməlidir



Bir müddət öncə, Qarabağ Azadlıq Təşkilatı (QAT) Kəlbəcərdə Ermənistan hərbiçilərinin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı beynəlxalq təşkilatların biganəliyinə etiraz olaraq aclıq aksiyasına başlayıb.

Məlumata görə, aksiya iştirakçıları BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqını, ayrıca olaraq Minsk Qrupunu günahsız həmyerlilərimizi erməni cinayətkarlarının əlindən almağa çağırır. Həmçinin, Azərbaycan hakimiyyətindən onları xilas etmək üçün ən radikal addımları atmağı tələb edir. Aksiyaya ilk olaraq QAT sədri Akif Nağı, İdarə Heyətinin üzvü Nəsib Cəfərov, Ali Məclis üzvləri Tahir Bayramov, Rəhman Cəfərov və digərləri qatılıb. D.Əsgərovun qardaşı Sahib Əsgərov, qardaşı arvadı Cəmilə Musayeva, döyüş yoldaşı Sevindik Məmmədov və digərləri aksiya iştirakçılarına baş çəkərək, dəstək veriblər. Bu arada girovlarımız haqda Türkiyə mediasında da kampaniya başlanıb. Türkiyə Qəzetçilər Federasiyasının (TQF) sədri Atilla Sertel bu barədə mətbuata müraciət edib. Müraciətdə deyilir: "Ermənistanın işğal etdiyi Kəlbəcər bölgəsində ata-baba qəbirlərini ziyarət edən 3 Azərbaycan vətəndaşı Ermənistan əsgərləri tərəfindən həbs edilib. Azərbaycan vətəndaşı Həsən Həsənov öldürülüb, Dilqəm Əsgərov və Şahbaz Quliyev isə girov alınıb. Təxminən 3 aydır ki, girov saxlanılan bu şəxslərin ailəsi onların tez bir zamanda azad olunmasını istəyirlər. Türkiyə Qəzetçilər Federasiyasının rəhbəri olaraq girov götürülmüş 2 Azərbaycan vətəndaşının tez bir zamanda azad olunmasını tələb edirəm”.

QAT-ın və TQF-nin addımlarının girovların azadlığa buraxılmasındakı rolundan danışan "Modern”.az rəhbəri Elşad Eyvazlı "Şərq”ə açıqlamasında qeyd edib ki, masştabından asılı olmayaraq bu istiqamətdə görülən bütün işlər dəstəklənməlidir: "Aclıq aksiyası dünyada qəbul olunmuş etiraz aksiyasının bir formasıdır. Dünyanın diqqətini cəlb etmək üçün çox ciddi metoddur. Amma bu cür işləri yalnız QAT deyil, digər təşkilatlar da reallaşdıra bilər. Hər birimiz müxtəlif sahələrdə çalışırıq. Hər kəs girovlarımızla bağlı üzərinə düşən yükü şərəf və ləyaqətlə yerinə yetirməlidir. Hesab edirəm ki, bu proseslərdə cəmiyyətimiz çox mütəşəkkildi. Jurnalistlər adından deyə bilərəm ki, həmkarlarım bu məsələni daim diqqətdə saxlayır. Gündəmdən düşürtmürlər. Media onları bütün azərbaycanlıların doğması kimi təqdim edir. Bir sözlə, hansısa azərbaycanlı məsələnin uğurlu həllinə nail omaq üçün əlindən gələni əsirgəməməlidir”.

Millət vəkili Aqil Abbas isə bildirib ki, insanları yığıb, evdə oturmaqla iş bitmir: "Azərbaycanda BMT və ATƏT-in nümayəndəliyi var. Onların qabağında piket keçirə bilərlər. Soruşa bilərlər ki, onlar nə işlə məşğuldur. Dərdimizi, tələbimizi beynəlxalq təşkilatlara çatdırmalıyıq. Onlara xalqımızın narahatlığını sübut etməliyik”.

Bununla yanaşı, deputat onu da əlavə edib ki, problemin beynəlxalq institutların vasitəsilə həll olunacağı inandırıcı deyil: "Amma bütün hallarda onlara göstərmək lazımdır ki, bu millət haqqını tələb edir. Susmaq lazım deyil. Daha geniş formada aksiyalar keçirilməlidir”.

Ayyət Əhməd